Azərbaycanlı bloggerlər “İnstagram” üzərindən Gəncədə erməni terrorunun qurbanı olan şəxslərə 84 min manat ianə topladılar

Azərbaycanlı bloggerlər “İnstagram” üzərindən Gəncədə erməni terrorunun qurbanı olan şəxslərə 84 min manat ianə topladılar
İşğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda başlayan əks-həmlə əməliyyatlarından bir ay ötür. Ötən bir ay ərzində Azərbaycan Ordusu 4 rayon, 3 qəsəbə, 165 kənd və onlarla strateji yüksəkliyi düşmən işğalından azad edib. Ordumuza döyüş meydanında cavab verə bilməyən düşmən məqsədyönlü şəkildə hərbi əməliyyatlar bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrini, mülki insanları, mülki infrastrukturu hədəfə alır. Yaşayış məntəqələrinə endirilən xain zərbələr nəticəsində onlarla mülki şəxs həlak olub, yüzlərlə insan yaralanıb, çoxlu sayda insan evsiz-eşiksiz qalıb. 
Lakin işğalçıların bu addımları əhalidə ruh düşkünlüyü yaratmayıb, əksinə cəmiyyət daha da sıx birləşərək bu şərəfli günlərdə bir-birinə, atəş xəttinə yaxın ərazilərdə yaşayan insanlara, Silahlı Qüvvələrimizə yardım göstərirlər. Dövlət tərəfindən müharibənin yaralarının sağalması, zərərçəkmiş mülki şəxslərin üzləşdikləri müvəqqəti çətinliklərin aradan qaldırılması üçün kifayət qədər işlər görülür. Buna rəğmən istər Azərbaycanda, istərsə də Vətəndən kənarda yaşayan soydaşlarımız vətəndaş məsuliyyəti nümayiş etdirərək, erməni hücumlarının qurbanı olan şəxslərə, həlak olmuş mülki şəxslərin ailə üzvlərin yardəm etmək üçün əlindən gələni əsirgəmir. 
Bu günlərdə Ruisyada yaşayan azərbaycanlı bloggerlər Fəridə və Aida Əliyevalar Gəncə şəhərinə endirilən ballistik raket zərbələri nəticəsində evsiz qalmış, ailə üzvlərini itirmiş şəxslərə yardım etmək üçün "İnstagram” sosial şəbəkəsi üzərində kampaniya keçiriblər. Kampaniya nəticəsində qısa müddət ərzində erməni terrorunun qurbanı olan Gəncə sakinlərinə yardım məqsədilə 3 milyon 9 min rubl (84 min manat) ianə toplanıb. Bu məbləğ "Həyat Fondu”nun rəhbəri Hacı Nuran Hüseynov, Aqrar İnkişaf Könüllüləri İctimai Birliyinin üzvləri və "Aqroservis” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aytəkin Məmmədova vasitəsilə Gəncədə ermənilərin raket zərbələrindən zərərçəkmiş şəxslərin ailələrinə çatdırılıb. Yardım kampaniyası çərçivəsində 80 ailəyə maddi yardım, 15 ailəyə isə ərzaq yardımı edilib. Yardım kampaniyası tam şəkildə lentə alınıb və təşkilatçıların "İnstagram” səhifəsində paylaşılacaq. Ümumilikdə yardım kampaniyasında müxtəlif ölkələrdə yaşayan vətəndaşlar iştirak ediblər. Qeyd edək ki, yardım kampaniyasının təşkilatçıları olan Fəridə və Aida Əliyevalar MDB məkanında tanınmış bloggerlərdir, onların "İnstagram” səhifələrinin milyonlarla izləyicisi var. 













Xəbər lenti