Azərbaycanlılar Rusiya ilə sərhədin açılmasını gözləyir - VİDEO

Azərbaycanlılar Rusiya ilə sərhədin açılmasını gözləyir - VİDEO

Rusiyada işləyən və təhsil alan azərbaycanlılar da koronavirus pandemiyası səbəbindən çətinliklərlə üzləşib. Onların bəziləri işini itirib, bir qismi isə universitetlər bağlandığından təhsilini yarımçıq dayandırmaq məcburiyyətində qalıb. Bu səbəbdən soydaşlarımız Vətənə qayıtmağa çalışırlar. Hazırda onların bir qismi Rusiya-Azərbaycan dövlət sərhədindədir. 

Hazırda Rusiyanın Tolyatti şəhərində təhsil alan azərbaycanlı tələbə Aybəniz Qəhrəmanova "Report"un Rusiya bürosuna açıqlamasında bildirib: "Pandemiya səbəbindən ali təhsil müəssisələrində də tədris dayandırıldı. Bundan sonra universitet bizi yaşayış yeri ilə təmin etdi. Tolyatti şəhərindəki Azərbaycan diasporu bu müddət ərzində məni ərzaqla təmin etdi. Nəhayət, Azərbaycana dönmək üçün sərhədə gəldim, ancaq ölkəmə keçə bilmədim. Burada isə Qani Panayev bizə sahib çıxdı. Bizi hər bir şəraitlə təmin etdilər”.

Ceyhun Həsənov isə işlərin dayanmasından sonra Azərbaycana qayıtmağa məcbur olduğunu söyləyib: "İş yerimiz bağlandı, kirayə pulunu verə bilmədik. Azərbaycana dönmək üçün sərhədə gəldik. Burada qalan hər kəs sığınacaqlara yerləşdirilib və yeməklə təmin olunur. Azərbaycanlıların küçələrdə qalmağı şayiədir. İmkan daxilində hər kəs evlərə və ya mehmanxanalara yerləşdirilir”.

Xuraman Tanrıverdiyeva deyib ki, Rusiyanın Dərbənd şəhərində fəaliyyət göstərirdi və iş yeri bağlandıqdan sonra Azərbaycan diasporunun dəstəyi onun üçün əvəzolunmaz oldu: "Mən heç vaxt unutmaram, vəziyyətim çətin idi. Heç nəyim yox idi. Azərbaycan diasporu mənə yardım etdi. Allah onlardan razı olsun, hər cür ərzaqla təmin etdilər. İndi sərhədlərin açılmasını gözləyirik”.

 

 

Xəbər lenti