Bakı və regionlarda təbiətin qorunması təbliğ edilir

Bakı və regionlarda təbiətin qorunması təbliğ edilir

"Davamlı İnkişafa Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Bakı və regionlarda təbiətin qorunması mövzusunda təlimlərin təşkili” layihəsini başa çatdırdı.

Bakı və Mingəçevir şəhərlərində icra olunan layihənin əsas məqsədi ətraf mühitin qorunmasında yeniyetmə və gənclərin rolunu artırmaq, onların ekoloji təfəkkürünü inkişaf etdirmək və təşəbbüskarlıqlarını artırmaq idi.

İlkin mərhələdə yeniyetmə və gənclər arasında ekoloji maarifçilik işini yüksəltmək məqsədilə silsilə təlimlər keçirilmiş, onların iştirakı ilə ekoloji divar qəzetləri hazırlanmışdır.

Növbəti mərhələdə isə yeniyetmə və gənclər iştirakı ilə ekoloji klublar yaradılmış, onların fəaliyyət istiqamətləri və iş prinsipləri müəyyənləşdirilmişdir. Klublara üzv olanlar üçün təlimlər və digər praktik tədbirlər təşkil olunmuşdur. Klub üzvlərinin tanınmış ekoloqlarla görüşləri keçirilmiş, onları maraqlandıran məsələlər ətrafında fikir mübadilələri təşkil olunmuşdur.

Layihənin sonuncu mərhələsində isə yeniyetmə və gənclər iştirakı ilə ekoloji aksiyalar təşkil olunmuşdur.

Birliyin mətbuat xidmətindən bildirilmişdir ki, bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələri ekoloji problemlərin də operativ yoluna qoyulmasına, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaratmışdır. Ekologiyanın qorunmasına, ətraf mühitin mühafizəsinə göstərilən diqqət və qayğı, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə ekoloji vəziyyət getdikcə yaxşılaşmaqdadır. Ölkəmizdə yürüdülən ekoloji siyasətin məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. Biz də dövlətin həyata keçirdiyi bu siyasətə dəstək verməklə, ekologiyamızın qorunmasına xüsusi həssaslıq nümayiş etdirməliyik. Buna görə də məktəb yaşlarından yeniyetmə və gənclərimizin ekoloji təfəkkürünü artırmaq, onların ətraf mühitə münasibətdə xüsusi nümunə göstərmələrini təmin etmək niyyətindəyik.


Xəbər lenti