BAMF-da Xocalı soyqırımının ildönümü ilə bağlı anım mərasimi keçirilib

BAMF-da Xocalı soyqırımının ildönümü ilə bağlı anım mərasimi keçirilib
Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) Xocalı soyqırımının 27-ci ildönümü anılıb.

BAMF-dan Trend-ə verilən məlumata görə, İmdad Əfşar, Rəhilə Gülgün, Azər Həsrət, Fikrət Babaoğlu, Elçin Mirzəbəyli, Elşad Eyvazlı kimi tanınmış jurnalistlərin iştirakı ilə keçirilən tədbiri təşkilatın rəhbəri Umud Rəhimoğlu açıb. Əvvəlcə, faciə qurbanları bir dəqiqəlik sükutla yad edilib.

27 il əvvəl törədilən qanlı qırğın barədə danışan U.Rəhimoğlu bəyan edib ki, bu adi soyqırım deyil, bir millətin digər bir millət üzərində təcavüzkar basqısıdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "Xocalıya Ədalət!” kampaniyası çərçivəsində dünyanın hər yerində çağırışlar edilir. Biz hər birimiz səsimizi dünyaya duyurmalıyıq. Torpaqlarımızın bütövlüyü uğrunda mübarizəni davam etdirməliyik.

Tədbirdə Moskvada yaşayan, əslən Qarabağdan olan soydaşımız, yazıçı Ulduz Qasımın yenicə nəşr edilən "Xocalı şikəstəsi” romanı təqdim edilib. Qeyd edək ki, müəllifin bundan əlavə altı kitabı işıq üzü görüb.

Romanı türkcəyə çevirən və orada yayımını təşkil edən İmdad Avşar əsər barədə geniş məlumat verib.

Yazıçı-publisist Rəhilə Gülçin kitabın Azərbaycan nəşri barədə danışıb. Kitabda əsərin baş qəhrəmanı mübariz, müdrik Azərbaycan qadını Məryəm ananın ailəsinin erməni cəlladlarından qaçışı, beş gün meşədə yaşam uğrunda aparılan mübarizəsi əks olunur. Əsərdə qadınlar namus simvolu olaraq göstərilib. Kitabda Məryəm ana ilə yanaşı humanizmi təmsil edən onun həyat yoldaşı həkim Fərhad da göstərilir.

Qeyd edək ki, Ulduz xanımın növbəti hədəfi kitabının rus və ingilis dilində nəşr edilməsidir. Sonda müəllif tədbir iştirakçıları ilə fikirlərini bölüşüb.

Tədbir digər iştirakçıların çıxışları ilə davam edib.

Xəbər lenti