Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Bako Saakyanın Rusiyaya “səfəri” ilə bağlı bəyanat yayıb

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Bako Saakyanın Rusiyaya “səfəri” ilə bağlı bəyanat yayıb

"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın Rusiyaya "səfəri" ilə bağlı bəyanat yayıb.

ShushaPost-un məlumatına görə, İctimai Birliyin Əlaqələndirmə Şurasının sədri, professor Elçin Əhmədov bəyanatı şərh edərək bildirib ki, ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləri kimi, münaqişənin nizama salınması üçün üzərlərinə götürdükləri öhdəliklərə zidd olaraq, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın öz ölkələrinin ərazisinə daxil olmasının qarşısının alınması üçün heç bir tədbir görmürlər.

Özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "rəhbəri" kimi təqdim edən Bako Saakyanın 2017-ci ildə Belçikaya, cari ilin martında ABŞ-a, noyabrında isə Fransaya, ABŞ-a və Rusiyaya bir-birinin ardınca səyahətləri hər şeydən əvvəl beynəlxalq hüquq prinsiplərinə tamamilə ziddir və ATƏT-in müvafiq mandatına, vasitəçilik öhdəliklərinə də uyğun deyil.

Bako Saakyan adlı şəxs Azərbaycanın işğal altında olan ərazilərində hərbi gücdən istifadə nəticəsində formalaşdırılmış oyuncaq, qeyri-qanuni rejimin təmsilçisidir. Onun xarici, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrə səyahət etməsinə imkan verilməsi işğal, təcavüz və terrorizm əməlləri nəticəsində yaradılmış rejimin təşviqinə xidmət edir.

Xəbər lenti