Deputat: Dövlət başçısı öz siyasətində daim humanizm prinsipini rəhbər tutur

Deputat: Dövlət başçısı öz siyasətində daim humanizm prinsipini rəhbər tutur

Məlum olduğu kimi, Prezidenti İlham Əliyev martın 18-də "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb. Sərəncamda məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Prezident İlham Əliyevə  ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslandığı qeyd edilib.

Milli Məclisin deputatı Ramil Həsən məsələ ilə bağlı 7NEWS.az-a açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsindəki Qələbəmiz Prezident İlham Əliyevin siyasi iradəsi və unikallığı ilə necə tarixə düşdüsə, Novruz bayramı ərəfəsində məhkum edilmiş bir sıra şəxslərin əfv edilməsi də ölkə başçısının bir daha humanist siyasət həyata keçirdiyini göstərdi: "Ötən müddət ərzində Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamlarının icrası nəticəsində minlərlə məhkum azadlığa qovuşub və ya cəzaları qanunvericiliyə uyğun olaraq azaldılıb. Bu, dövlət başçısının öz siyasətində daim humanizm prinsipini rəhbər tutduğunu göstərən mühüm faktlardandır”. 

Deputat onu da qeyd edib ki, Sərancam bir sıra ailələrin sevincinə səbəb oldu: "Belə ki, martın 17-də, yəni, Azərbaycan xalqının tarixi bayramı olan Novruz bayramı ərəfəsində Prezidentin imzaladığı Sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 90-dan çox vətəndaşın cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş iki nəfər cəzadan azad ediliblər. Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış üç nəfər cəzadan azad olunublar. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 9 nəfər və islah işləri cəzasına məhkum olunmuş 12 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum olunan 23 nəfər isə cəzadan azad ediliblər. Beləliklə, bütün bunlar əfv Sərəncamının müxtəlif kateqoriyadan olan məhkumların dövlətin humanist münasibəti ilə əhatə olunduğunu göstərir. Əlbəttə ki, əfv etmək, bağışlamaq Allaha məxsusdur. Prezident İlham Əliyev bu siyasətə uyğun olaraq, xoşməramlı missiyanı həyata keçirməklə xeyli sayda ailənin sevincinə səbəb oldu, bununla da onların bayram sevinci ikiqat, üçqat artdı.”.

R. Həsən onu da vurğulayıb ki, Sərəncamdan sonra hər bir şəxs bu humanist addımdan ibrət dərsi götürməlidir: "Belə ki, Prezident İlham Əliyev humanist siyasətini həyata keçirərək vətəndaşların bu istiqamətdə etmiş olduqları cəzalarının çəkilməmiş hissəsindən azad edirsə o zaman vətəndaşlar da bunu dərk etməli bir daha bu istiqamətdə səhflərə yol verməməlidir. Bununla da Azərbaycan hökumətinin hər zaman öz vətəndaşının yanında olduğunun, insan amilini prioritet məsələ kimi daim diqqət mərkəzində saxladığının şahidi oluruq. Mən də Prezident İlham Əliyevin böyük humanistlik göstərərək irəli sürdüyü addım nəticəsində artıq ailələrinə qovuşanların hamısını təbrik edir, bundan sonra dövlətçiliyimizin inkişafına bir vətəndaş kimi özlərinin layiqli töhfələrini verməlidirlər”.


Xəbər lenti