Diaspor təşkilatı Avstriyanın Federal kanslerini Xocalı soyqırımını tanımağa çağırıb

Diaspor təşkilatı Avstriyanın Federal kanslerini Xocalı soyqırımını tanımağa çağırıb

Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyi (AZER-DER) Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Avstriya hökumətinə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, AZER-DER-in sədri Yardım Günəşin imzası ilə ölkənin Federal kansleri Sebastian Kurtsa və hökumətin 14 nazirinə ünvanlanan məktubda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinin 366-cı motoatıcı alayın hərbçiləri ilə birlikdə Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinə qarşı dəhşətli soyqırımı törətdikləri barədə müfəssəl məlumat verilib. İnsanlığa zidd olan bu cinayətə görə Ermənistanın məsuliyyət daşıdığı qeyd edilib. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Xocalıdakı soyqırımı zamanı Azərbaycan ərazilərindəki qeyri-qanuni silahlı birləşmələrə başçılıq etdiyi vurğulanıb. Onun "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Biz bu stereotipi qırdıq" fikrinin Xocalıdakı cinayətin əsl müqəssirlərinin kimliyinə şübhə yeri qoymadığı vurğulanıb.

AZER-DER-in sədri Avstriya hökumətini və beynəlxalq birliyi Xocalı soyqırımını pisləməyə və tanımağa çağırıb. Qeyd edib ki, bu addım Azərbaycan və Ermənistan xalqlarının sülh şəraitində dinc yanaşı yaşamasına töhfə verə bilər.

Xəbər lenti