Əhməd İsmayılov: Məqsədimiz Azərbaycan mediasını güclü görməkdir

Əhməd İsmayılov: Məqsədimiz Azərbaycan mediasını güclü görməkdir
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılovun AZƏRTAC-a müsahibəsi.

–Əhməd müəllim, Azərbaycan mediasının müasir vəziyyəti və problemləri ilə bağlı ictimai fikrin müxtəlif səviyyələrində daim müzakirələr gedir və Milli Mətbuat Günü yaxınlaşdıqca bu istiqamətdə fikirlər daha çox eşidilməkdədir. Azərbaycan mediasının perspektiv inkişafı ilə bağlı rəhbərlik etdiyiniz Agentliyin nə kimi planları var?

–Cənab Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin bünövrəsi qoyuldu. Medianın İnkişafı Agentliyinin yaradılmasına da məhz bu istiqamətdə həyata keçirilən quruculuq işlərinin tərkib hissəsi kimi yanaşmaq lazımdır.

Bildiyiniz kimi, Agentliyin nizamnaməsində kifayət qədər geniş spektri əhatə edən fəaliyyət istiqamətləri öz əksini tapıb. Agentlik bu kontekstdə media subyektlərinin işinin təkmilləşdirilməsinə, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, onların sosial müdafiəsinin gücləndirilməsinə, media sahəsində mütəxəssislərin hazırlanması və onların əlavə təhsilinin təşkilinə, habelə media savadlılığının yüksəldilməsinə yönəlmiş bir sıra layihələr üzərində işləri artıq yekunlaşdırmaq üzrədir. Qeyd olunan layihələrə dair müvafiq ətraflı məlumatlar mərhələli şəkildə ictimaiyyətə təqdim olunacaqdır.

Media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, vətəndaş və cəmiyyət üçün ictimai maraq doğuran layihələrin təşkili, həmçinin dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətlərinin əlaqələndirilməsi MEDİA Agentliyinin əsas prioritetlərindəndir.

Qeyd etmək istərdik ki, Prezident İlham Əliyevin media islahatları ilə bağlı sözügedən Fərmanı özündə köklü dəyişiklikləri ehtiva etməklə qarşımıza yeni və daha məsuliyyətli vəzifələr qoyub. Fərmandan irəli gələn yeniliklər Azərbaycan mediasının şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına şərait yaradacaq, modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi qlobal informasiya mühitinin müəyyənləşdirdiyi istiqamətlərin, innovativ yanaşmaların həyata keçirilməsinə təkan verəcəkdir.

Biz Azərbaycan mediasında mövcud problemlərin xarakteri və məzmununun müəyyənləşdirilməsi məqsədilə təhlillər aparmış və onların aradan qaldırılmasının optimal həlli yolları üzərində işləmişik. Gəldiyimiz nəticələr və mövzuya dair ətraflı fikirlərimiz yaxın müddətdə media ictimaiyyətinə açıqlanacaqdır.

–Agentlik media sahəsində islahatların dərinləşdirilməsi ilə bağlı öz üzərinə düşən vəzifələri hansı istiqamətlərdə yerinə yetirəcəkdir?

–MEDİA Agentliyi, ilk növbədə, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki bazalarının möhkəmləndirilməsi, infrastrukturun modernləşdirilməsi və müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasını hədəfləyir. Qurum bu istiqamətdə atılacaq addımlara dəstək göstərəcəkdir.

Digər vacib prioritetimiz dövlət-media münasibətlərinin vacib elementlərindən biri kimi hüquqi mənzərənin dəqiqləşdirilməsidir. Media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq, medianın işinə mane olan problemlərin həlli üzrə təkliflərini dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim etmək də Agentliyin daim diqqətində olan məsələlərdəndir. Agentliyin də iştirak etdiyi müvafiq işçi qrup tərəfindən hazırlanmış "Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi bu istiqamətdə islahatların dərinləşdirilməsi baxımından dəyərli töhfə olacaqdır.

Bundan sonrakı dövrdə Agentliyin səlahiyyət dairəsinə müvafiq olaraq istər çap mediası, istər onlayn, istərsə də audiovizual media sahəsində daha əhatəli, müasir dövrün çağırışlarına cavab verən, məzmun və forma baxımından yenilənmiş, daha uzunmüddətli hədəflərin əldə olunmasına yönələn layihələrin işlənib hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur. Agentliyin təşkil edəcəyi müsabiqələrin formatında ictimai rəy nəzərə alınmaqla əsaslı dəyişikliklər aparmaq niyyətindəyik. Müsabiqələr ilk növbədə növündən (yəni çap, audiovizual və ya onlayn media subyektləri) asılı olmayaraq, bütün media subyektlərində çalışan jurnalistlər üçün əlçatan olacaqdır. Media subyektlərinin maliyyələşdirilməsi üçün şərtlərimiz də tamamilə yenilənib və özündə Azərbaycan mediasının bütün elementlərini birləşdirib. Təbii ki, nəzərdə tutduğumuz modellər ideal deyil və onların hansısa aspektlərini zamanla inkişaf etdirmək lazım gələcək. Bu baxımdan biz həmişə müzakirələrə açığıq. Bu çətin missiyanın məsuliyyətini üzərimizə götürməkdə bir məqsədimiz var – biz Azərbaycan mediasını güclü, beynəlxalq müstəvidə rəqabətədavamlı görmək istəyirik. Qalib ölkənin mediası da dövlətin inkişaf tempinə uyğun olmalıdır.

–İstər yerli, istərsə də beynəlxalq səviyyələrdə aparılan müxtəlif ictimai müzakirələrdə çap mediasının gələcəyi ilə bağlı heç də birmənalı qarşılanmayan proqnozlar səslənir. Sizin fikrinizcə, qəzetlər yaşayacaqmı?

–Qeyd etdiyiniz kimi, çap mediasının qarşılaşdığı problemlər bütün dünyada özünü göstərən, İKT-nin inkişafı nəticəsində informasiyanın əvvəlkindən daha sürətli ötürülməsi ilə müşayiət olunan yeni tendensiyalarla bağlıdır. Biz bütün bu kimi yeni trendləri diqqətlə izləyir və təhlil edirik. Hər cəmiyyətin özünəməxsus dəyərlər sistemi var. Azərbaycan mediası böyük bir tarixi irsin, zəngin təcrübənin daşıyıcısıdır. Azərbaycan qəzetçiliyi dövlət dilimizin ədəbi üslubunun ən çevik, rəsmi və publisistik üslublarının isə əsas ifadə vasitəsi olmaqla yanaşı, maarifləndirici, intellektual təhlil funksiyasını yerinə yetirən, informasiyanı ötürən və arxivləşdirən ciddi fikir tribunasıdır.

Çap mediasının zəifləməsi bir tərəfdən qlobal tendensiyadırsa, digər tərəfdən də redaksiyaların müasir çağırışlara çox gec uyğunlaşması və ya bəzən, ümumiyyətlə, reaksiya verməməsi kimi spesifik səciyyə daşıyan nüanslarla bağlıdır. Məhz bu səbəblər qəzetlərin geniş oxucu auditoriyasını itirməsi ilə nəticələnir. Eyni zamanda, qəzetlər üçün nəşriyyat xərcləri və mətbəələrin əksəriyyətinin texniki imkanları ilə bağlı vəziyyət arzuolunan hesab edilə bilməz.

Agentlik dünya təcrübəsini nəzərə almaqla, "E-qəzet” modelinin tətbiq olunmasını mümkün hesab edir. Belə ki, qeyd olunan platforma qəzet redaksiyalarına texniki yönümlü xərclərini azaltmağa və nəşrlərini oxuculara daha əlverişli və operativ şəkildə çatdırmağa şərait yaradacaqdır.

Agentlik olaraq konseptual yanaşmamız ondan ibarətdir ki, müasir Azərbaycan oxucusunun keyfiyyətli kontentlə təmin olunması məqsədilə bütün digər media subyektləri kimi qəzetlər də inkişaf etməlidir.

Media sahəsində islahatlarla bağlı dövlətin iradəsi və media ictimaiyyətinin istəyi üst-üstə düşür. Məhz bu həmrəyliyə güvənərək təşəbbüslərimizin səmərəli olacağına, Azərbaycan mediasının yeni keyfiyyət mərhələsinə keçidinə dəstək verəcəyinə inanırıq.

Xəbər lenti