Ekspert: “Ordumuzun gecə vaxtı döyüş atışlı təlimi yüksək dəqiqliklə keçirilib”

Ekspert: “Ordumuzun gecə vaxtı döyüş atışlı təlimi yüksək dəqiqliklə keçirilib”
"Gecə vaxtı döyüş atışlı kimi mürəkkəb təlimlərin keçirilməsi və heç bir xoşagəlməz hadisənin olmaması Azərbaycan Ordusunun peşəkarlığını göstərir. Buna görə də ordumuzun imkanlarını yüksək dəyərləndirirəm”.

Bunu "Report”a açıqlamasında Ordu.az saytının hərbi eksperti Ədalət Verdiyev deyib.

Onun fikrincə, döyüş atışlı təlimlərin bütün silah və sursatlardan istifadə edilərək gecə vaxtı keçirilməsi komandirlərdən, ümumiyyətlə, bütün şəxsi heyətdən yüksək döyüş hazırlığı, peşəkarlıq və təhlükəsizlik qaydalarına ciddi riayət olunmasını tələb edir.

"Atışlarda təlim hədəflərinin məhv edilməsi, bölmə və hissələrin qarşılıqlı əlaqəsi, məhdudgörmə şəraitində bütün silah növlərinin tətbiqi ilə döyüş mövqelərinin ələ keçirilməsi, ələ keçirilmiş mövqelərin saxlanmasına xüsusi diqqət yetirilib. İstənilən halda döyüş atışlı təlimlər ordumuzun döyüş hazırlıqlığının ən müasir və ən yüksək zirvəsi hesab olunur. Bu təlimlər fəsildən, iqlimdən, gecə və gündüz olmasından asılı olmayaraq daim və davamlı keçirilməlidir”, - ekspert bildirib.

Ə.Verdiyev bu təlimləri ordumuzun torpaqlarımızı işğaldan azad etmək üçün gördüyü hazırlıq prosesində əhəmiyyətli hadisə kimi qiymətləndirib: "Ordumuzun keçirdiyi son təlimləri artıq düşmən də sadəcə təlim kimi deyil, Azərbaycanın müharibəyə hazırlaşması kimi qəbul edir. Bu isə erməni mətbuatında təkcə cəbhənin bir deyil, bir neçə istiqamətində müharibə hazırlığı kimi dezinformasiyaların yayılmasına (sakinlərin kəndi tərk etməsinə və s.) səbəb olur. Ona görə də biz vətəndaşlarımızı yalnız rəsmi məlumatlara inanmağa dəvət edirik”.

Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən hərbi hissələrində döyüş atışlı taktiki təlimləri keçirilib. Təlimlər çərçivəsində bölmələr gecə vaxtı müxtəlif döyüş tapşırıqlarını yerinə yetiriblər. Təlimlərə cəlb edilən bölmələr müxtəlif təyinatlı silahlardan atışlar icra edərək şərti düşmən hədəflərini məhv ediblər.

Xəbər lenti