Elşən Musayev: “Ölkə ərazisinin 20 faizinin təməli yenidən qoyulur”

Elşən Musayev: “Ölkə ərazisinin 20 faizinin təməli yenidən qoyulur”
"Qarabağımızın tam dirçələcəyi gün uzaqda deyil”
"Qarabağa Böyük Qayıdış” planı 30 ildən sonra sürətlə reallaşmaqdadır. Şanlı ordumuzun 44 günlük Vətən müharibəmizdəki böyük zəfərindən sonra Azərbaycan hökuməti məcburi köçkünlərimizin doğma ata-baba yurdlarına qayıtmaları üçün sürətlə işlər görür.

İyunun 15-də Şuşa Bəyannaməsinin bir illiyi ilə bağlı mədəniyyət paytaxtımızda keçirilən möhtəşəm tədbirdə iştirak edən Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev "Yeni Müsavat”a açıqlamasında bunları dedi: "Bir neçə gün öncə yenidən Şuşaya səfər etdik. Niyə yenidən deyirəm? Çünki bu mənim Şuşaya 4-cü səfərim idi. İki dəfə Milli Məclisin komitə iclaslarında iştirak etmək üçün getmişəm, iki dəfə də siyasi partiyalarla bərabər. Və nə qəribədir ki, Şuşaya neçə dəfə gedirsən get, bu məkan insan üçün adiləşmir. Hər dəfə eyni həyəcanı, eyni hissləri keçirirsən, yaşayırsan. Son dəfə isə Şuşada gecəni də qaldıq. Adama qəribə gəlir. Həqiqətən. İllər öncə yuxumuza belə girməzdi. Amma indi real həyatımızın mənzərəsinə çevrilib: biz Şuşada gəzirik, tədbir keçiririk, gecələyirik. Şuşanın demək olar hər yerində təmir-bərpa, tikinti işləri gedir. Əsas məsələ yol idi. O da çox qısa müddətdə çəkildi və daha sonra sürətli quruculuq prosesinə start verildi. Təsəvvür edin ki, ermənilər 30 il ərzində nəinki Şuşada, ümumiyyətlə, işğal olunan heç bir bölgədə daşı daş üstündə qoymayıblar. Əksinə, olan-qalanı da dağıdıblar. Çünki özlərinə aid bilməyiblər. Çünki anlayıblar ki, nə zamansa gedəcəklər. Və getdilər də. Qəhrəman ordumuz Qarabağı 44 gün ərzində işğaldan azad etdi və mən deyərdim ki, Şuşanın xilası müharibənin kulminasiya nöqtəsi idi! İndi isə artıq Şuşanın siması dəyişir, Şuşa gözəlləşir. Şuşa dirçəlir. Mədəniyyət paytaxtımızda beynəlxalq tədbirlərin ard-arda keçirilməsi də ondan xəbər verir ki, artıq infrastruktur formalaşır, Şuşa qonaq qəbul etmək iqtidarındadır”.
Elşən Musayev: Azərbaycan cəmiyyəti dövlətimizin başçısının humanist qərarını alqışlayır -

Elşən Musayev

Deputat hər bir məcburi köçkünün böyük intizarla dünyaya göz açdığı yerlərin həsrəti ilə yaşadığını söylədi: "Məcburi köçkün olan bacı və qardaşlarımız 30 il müddətində böyük iztirablar, əziyyətlər çəkiblər və əzəli torpaqlarına birdəfəlik qayıdışı böyük intizarla gözləyirlər. Həmin qayıdış isə uzaqda deyil. Əmin olun, heç uzaqda deyil. Bunu təkcə arzu olaraq demirəm, bunu həm də gedişat göstərir. Şuşanın hər qarışında iş gedir. Yol boyunca qarşımıza çıxan dövlət qurumlarının işçiləri, bina tikənlər, su çəkənlər, körpü salanlar, bizi qarşılayanlar, yola salanlar... hamı və hamı nikbindir. Üstəlik, bu fədakar insanlar həm də  böyük qayıdışın müjdəçiləridir. Bir də sual etdiniz ki, özünüzü 30 il qaçqın həyatı yaşayan insanların yerinə qoydunuzmu? Təbii, qoydum. Mən elə Şuşaya da ruhən şuşalı kimi getdim. Şuşa elə bir məkandır ki, orada hər kəs özünü şuşalı, Şuşa doğumlu hiss edir. İnsana elə gəlir ki, elə buralarda böyüyüb boya-başa çatıb. İllərdir vətənin daşına, torpağına həsrət qalan və hələ də Şuşanı görməyən insanlara isə deyəcəyim budur ki, əzizlərim, çox az müddət sonra öz əzəli torpağınıza qədəm qoyarkən orada cənnət görəcəksiniz. Şuşa da, işğaldan azad olunan digər torpaqlarımız da 30 il öncəki vəziyyətindən çox-çox daha gözəl olacaq. Dövlət bu istiqamətdə maksimum çalışır, Qarabağda miqyası həddən ziyadə böyük olan işlər görülür. Cənab Prezidentin işğaldan azad olunan torpaqlara mütəmadi səfərləri də əsas diqqət göstəricilərindən biridir. Hər şey nəzarətdədir. Hər şey plan üzrə gedir.

"Böyük qayıdış” üçün dövlət bütün resurslarını səfərbər edib. Kimsə deyirsə ki, proses ləng gedir, kökündən yanılır. Sadəcə, ərazi böyükdür, görüləcək işlərin miqyası nəhəngdir. Unutmayın ki, söhbət müharibədən yeni çıxmış, erməni tərəfindən 30 il boyunca viran qoyulmuş bölgədən gedir. Hər şey mərhələ-mərhələ olacaq. Təbii, hamı tələsir, hamı gözləyir. Amma reallığı da nəzərə almaq lazımdır. Yəni demək istədiyim budur ki, mümkün olan nə varsa Azərbaycan dövləti onu edir. Səngimə, ləngimə yoxdur. Qətiyyən yoxdur. Hətta deyərdim ki, maksimumun belə üzərində iş gedir. Nəticə isə çox qısa müddətdə hasil olacaq. Çəkilən əziyyətlər öz bəhrəsini verəcək. Bir daha xüsusi vurğu ilə qeyd etmək istəyirəm: Azərbaycan dövləti sıfırdan şəhərlər tikir, ölkə ərazisinin 20 faizinin təməlini yenidən qoyur. Bu isə asan məsələ deyil. Söhbət çox böyük maliyyə resurslarından və işçi qüvvəsindən gedir. Eyni zamanda bizi sevindirən və qürurlandıran məqam odur ki, proses və görüləcək işlər nə həcmdə olursa-olsun, dövlətimiz onun öhdəsindən gələcək gücdədir. Böyük qayıdış da tezliklə başlayacaq. Əmin olun, çox tezliklə! Artıq Zəngilan həmin prosesin bir addımlığındadır və digər rayonlarda da işlər paralel şəkildə görülür. Yetər ki, bir az səbirli olaq. Qarabağımızın tam dirçələcəyi gün uzaqda deyil".

Xəbər lenti