"Ermənistan hakimiyyəti torpaqları qaytarmalıdır" — Rusiyalı politoloq

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin keçmiş prezident Robert Koçaryanla görüşüb. Onun bu görüşü erməni mətbuatında geniş rezonans doğurub və Ermənistanın Xarici İşlər Nazirliyi bu görüşdən narazı qalıb.


Erməni mətbuatının məlumatına əsasən, S.Kopırkin Ermənistan Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanla da söhbət edib. Bu görüş Ermənistan cəmiyyətində əlavə gərginliyə səbəb olub. Bəzi fəallar bunu "ölkənin işinə xarici müdaxiləsi” kimi dəyərləndirib.


Ermənistanın "Baqramyan 26” "Telegram” kanalı məsələ ilə bağlı yazıb ki, rusiyalı səfir arzuolunmaz şəxs elan edilə bilər.


Analoji hadisə Rusiyanın Belarusdakı səfiri Mixail Babiçlə də bağlı baş verib. Bununla yanaşı, Ermənistanda anti-Rusiya ab-havası hökm sürsə də, Rusiyadan silah idxalından danışılır (təbii ki, kreditə, çünki Ermənistan büdcəsində pul yoxdur). 


Media.az rusiyalı analitik, "Milli müdafiə” jurnalının baş redaktoru, Dünya Silah Ticarəti Analizi Mərkəzinin direktoru, Rusiya Müdafiə Nazirliyi yanındakı İctimai Şuranın üzvü İqor Korotçenko ilə söhbət aparıb.


- Rusiyanı mühakimə etmələri, söymələri, hətta Rusiya səfirini arzuolunmaz şəxs elan etməkdən danışmaları, eyni zamanda, Rusiyadan silah idxalını gündəmə gətirmələri qəribə deyilmi?


- Əvvəlcə onu deyim ki, Robert Koçaryan siyasi motivlərə görə təqib edilir. Bu, sadəcə, Paşinyanın qisasıdır. "İfritə ovu” istənilən demokratik ölkədə yolverilməzdir. Burada şəxsi hesablaşmadan başqa heç nə yoxdur. Bu, ümumi olaraq təkcə Robert Koçaryan və Yuri Xaçaturova aid deyil, eyni zamanda, bir çoxlarına aiddir. Yerevan hazırda 1937-ci il repressiyalarını yaşayır.


Rusiyalı səfirə gəldikdə, o, digər diplomatlar kimi, Ermənistanın müxtəlif siyasi xadimləri ilə görüşür. Böyük Britaniya və digər ölkələrin də səfirləri belə edir. Bu, səfirin aktiv fəaliyyətində adi təcrübədir. Bütün dedi-qodu və şayiələr isə, yumşaq dillə desək, rus-erməni dostluq münasibətlərinin xarakterinə uyğun deyil. Eyni zamanda, diplomatik fəaliyyətin bütün məntiqinə ziddir.


Niyə Ermənistanın Xarici İşlər Nazirliyi ABŞ səfirini çağırıb bəyan etmir ki, Yerevanda amerikalı diplomatların sayı çoxdur. Orada səfirliyin yarısı rütbəli şəxslərdir. Qoy, Paşinyan 300-400 diplomatın Ermənistan ərazisini tərk etməsini tələb etsin. Rusiya səfirinə rəsmi Yerevan tərəfindən etiraz etmək axmaqlıqdır. Bu, Ermənistanın öz ayağına atəş açması deməkdir.


- Bununla yanaşı, Ermənistan külli miqdarda Rusiya silahı istəyir...


- Bəli, kreditə silah almaq vacib məqamdır. Söhbət "Su-30SM” qırıcılarından gedir. Belə bir qırıcının qiyməti 50, bəlkə də 70 milyon dollardır. Qiymətin dəyişməsinə səbəb isə "hava-hava”, "hava-yer” raket komplektasiyası və digər faktorlardır. Buna görə də vəziyyət çox qəribədir.


Əgər Ermənistan Rusiyaya dost ölkədirsə, ən azı Paşinyan Putinin mövqeyini nəzərə almalıdır. Putin çıxışında bildirib ki, Robert Koçaryan onun şəxsən dostudur və münasibətləri davam edir.


Ermənistan Rusiyadan kreditə silah almaq istəyirsə, Rusiya səfirliyinə qarşı diqqətli olmalıdır. Əks halda, əgər Yerevan Rusiyaya diş qıcayırsa, o zaman öz şəxsi vəsaiti hesabına silah alsın. Ermənistan suveren ölkədir, bütün məsələ maliyyə resurslarındadır. Bu resurslar isə Ermənistanda yoxdur. Hətta nüfuzlu erməni diasporu da Ermənistan iqtisadiyyatına sərmayə qoymağa tələsmir.


Təbii ki, Nikol Paşinyan "iqtisadi inqilab”dan danışır, hansısa ümumdaxili məhsulun güclü templə artdığını deyir. Əgər belədirsə, gəlin, ilin sonunu gözləyək, baxaq görək, Ermənistanda pensiya və maaşlar necə olacaq, erməni xalqının həyat səviyyəsi nə dərəcədə yaxşılaşacaq.


Ermənistan xalqı Paşinyandan nə istəyir? Ermənistanı inkişaf etdirmək və stabillik. Amma hələlik çılpaq şüarlardan, korrupsiya ilə epataj mübarizədən, şəxsi hesablaşmadan başqa heç bir hadisə baş vermir. Mən şəxsən Ermənistan xalqına bugünkündən yaxşı yaşamağı arzulayıram.


- Bunun üçün nə etmək lazımdır?


- Təbii ki, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsini başa çatdırmaq, işğal edilmiş əraziləri Azərbaycana qaytarmaq, sonra isə Dağlıq Qarabağın status məsələsi ilə məşğul olmaq lazımdır. Ən azı, yeddi rayon qaytarılmalıdır. Və ya vəziyyəti dəyişmək üçün beş rayon qaytarılmalıdır. 


Hələlik isə biz danışıqlar fonunda eskalasiya, Ermənistan Müdafiə Nazirliyindən hərbi bəyanatlar müşahidə edirik. Axı diplomatlar danışanda silahlar susmalıdır.


Ermənistan Müdafiə Nazirliyinin hərbi ritorikası ən azı Yerevanın ikili mövqeyindən xəbər verir. Bu isə yaxşı heç nə vəd etmir.


Bu gün baş verənlər, Ermənistanın son hərəkətləri vəziyyəti yeni müharibəyə sürükləyir. Yeni müharibə isə Aprel müharibəsindən daha genişmiqyaslı olacaq, yüzlərlə qurbana gətirib çıxaracaq.


Kiminsə atası, anası ölənlər üçün ağlayacaq. Qadınlar ərsiz, uşaqlar atasız qalacaq. Buna görə də Yerevanın hərbi ritorikası kontrproduktivdir. Əraziləri qaytarmaq lazımdır. Onları əbədi işğal etmək olmaz. Azərbaycan və Türkiyənin iqtisadi blokadasını aradan qaldırmaq üçün yeniliklər lazımdır. Əgər bunlar yoxdursa, Paşinyan hansı iqtisadi inqilabdan danışır?

Xəbər lenti