Ermənistan hərbçiləri qovulduqları ərazilərin hər tərəfini minalayıb - VİDEO

Ermənistan hərbçiləri qovulduqları ərazilərin hər tərəfini minalayıb - VİDEO
"İşğaldan azad edilmiş 10 min kvadrat kilometrdən çox ərazi hərbi sursatlarla çirkləndirilib. Hazırda təmizlənən ərazilərin hər kvadratmetrində 10-dan çox mina aşkarlanıb. Elə yerlər var ki, minalar sıx şəkildə quraşdırılıb".

7News.Az xezerxeber.az-a istinadən bildirir ki, bunu BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistan hərbi birləşmələrinin Azərbaycanla dövlət sərhədləri boyunca və Qarabağda törətdiyi təxribatlara cavab olaraq başlayan müharibə nəticəsində 44 gün ərzində azad edilmiş ərazilərimizdə ciddi şəkildə mina problemi yaşanır. Umud Mirzəyev qeyd edib ki, son 4 ay ərzində 40-a yaxın mülki şəxs işğaldan azad olunmuş ərazilərdə minaya düşərək həlak olub və ya ağır yaralanıb.

Vurğulanıb ki, ermənilər müharibə dövründə hər cür hərbi sursatlardan istifadə edib. Müharibə vaxtı Tərtərə təxminən 2500-dən çox mərmi atılıb. Ordumuz qarşısında aciz qalan ermənilər çirkin əməllərindən əl çəkməyərək mülki şəxsləri hədəfə alıblar. Bildirilib ki, minalanmış ərazilərimizin xəritələrinin ölkəmizə verilməsində beynəlxalq təşkilatlar da önəmli rol oynaya bilər. Ona görə də vətəndaş cəmiyyəti qurumları Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafis Səfixanov deyib ki, piyadalar əleyhinə minalar ucuz silah sayılır. Ermənistanda sovet dövründən bu minaları istehsal edən zavod qalıb. Onlar istehsal etdikləri minaları tarixi Azərbaycan torpaqlarına yerləşdiriblər.

Hafis Səfixanov bildirib ki, Vətən müharibəsinədək Azərbaycan tərəfindən minaya düşənlərin sayı 3000-ə yaxındır.


Bildirilib ki, Ermənistan mülki-humanitar hüququn prinsiplərini kobud şəkildə pozaraq minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməməklə 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyası və 1977-ci ildə əlavə edilmiş protokolları kobud şəkildə pozur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


7News.Az

Xəbər lenti