Ermənistanda aksiyalar davam edir

Ermənistanda aksiyalar davam edir
Ermənistanda siyasi məhbusların azad olunmasını tələb edən aksiyalar yenə davam edir. Hazırda Kassasiya Məhkəməsinin binası önündə Qarabağ döyüşlərinin iştirakçısı, separatçıların Dağlıq Qarabağdakı silahlı birləşmələrinin keçmiş komandiri Samvel Babayanın müdafiəsi naminə aksiya keçirilir.
ShushaPost.az erməni KİV-nə istinadən bildirir ki, nümayişçilər əllərində Babayanın şəkilləri olan plakatları tutaraq, onun azadlığa buraxılmasını, buna qarşı çıxan baş prokuror Artur Davtyanın isə vəzifədən uzaqlaşdırılmasını tələb edirlər. 

Bundan əvvəl Kassassiya məhkəməsinin cinayət palatasının sədri Serjik Avetisyan Samvel Babayanın tərəfdarlarını qəbul edərək söz verib ki, Babayanın işi üzrə qərar mümkün qədər tez müddətdə veriləcək. 

İrəvandakı "Nairit” zavodunun işçiləri də aksiya keçirirlər. Onların tələbi isə bu ilin yanvar-may aylarında 116 işçinin ödənilməyən 40 milyon dram məbləğindəki maaşlarının verilməsidir. Etirazçılar əgər tələbləri yerinə yetirilməsə sabahdan tətil elan edəcəklərini bəyan ediblər. 

"Nairit” zavodunda direktor vəzifəsinin səlahiyyətlərini icra edən Qriqori Markaryan isə işçilərə bildirib ki, bu gün Ermənistanın energetika infrastrukturu və təbii resurslar nazirliyinin aparat rəhbərilə görüşüb. Gün ərzində nazirin özü ilə də görüşəcək. 

Lakin quru bəyanatlardan bezən aksiya iştirakçıları rəhbərliyə cəmi 2 gün vaxt verib. "Əgər əvvəlki hökumətin vaxtında 5 ay maaşsız işləyərək dözmüşüksə, məsələnin həlli üçün yeni hökumətə yalnız 2 gün vaxt verə bilərik” – deyə etirazçılar bəyan edib. 

Xəbər lenti