"Gənc Liderlər üçün Yay Universiteti"nin dördüncü günü başa çatıb

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə həyata keçirilən "Gənc Liderlər üçün Yay Universiteti"nin dördüncü günü müxtəlif təlimlər və panel müzakirələr ilə davam edib.

Panel və təlimlərdən ibarət olan görüşlərdə iştirak edən millət vəkili Naqif Həmzəyev "Gənclər nə istəyir?", Azərbaycan Gimnastika Federasiyasının könüllülər proqramının rəhbəri, "Azərbaycan İdman Könüllüləri və Azarkeşləri" İctimai Birliyinin İdarə Heyətinin üzvü Xaqani Fərəcov "Könüllülük və könüllülər proqramının idarə olunması", CyberPoint şirkətinin Marketinq və satış departament müdiri Mehman İsgəndərov və İnformasiya təhlükəsizliyi məsələləri üzrə direktor müavini Aydın Qurbanlı isə "Kiber hücumlara qarşı necə qorunmalı?” mövzusunda layihə iştirakçıları ilə fikir mübadiləsi aparıb.

O cümlədən Naftalan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samir Qocayev və "Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlının iştirakı ilə baş tutan panel zamanı Avropa Şurasının Azərbaycan üzrə Fəaliyyət Planı çərçivəsində Avropa Şurasının Gənclər Departamenti və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Fransanın Strasburq şəhərində təşkil olunan "Gənclərin hüquqlara çıxışı” seminarında qazanılmış bilik və təcrübə panelistlər tərəfindən gənclərlə bölüşülüb.

Günün sonunda "Enerjini Paylaş" devizi ilə komandalar arasında müxtəlif əyləncə proqramları təşkil olunub.

Qeyd edək ki, "Davam" Gənclər Hərəkatı layihənin yüksək səviyyədə icra olunmasına göstərdiyi dəstəyə görə layihənin tərəfdaşları olan Azərbaycan Respublikası Naftalan şəhər İcra Hakimiyyəti, Naftalan Şəhər Gənclər və İdman İdarəsi kimi dövlət qurumları və Bank VTB (Azərbaycan), "Badamlı Mineral Sular”, "Az-Granata" kimi biznes subyektlərinə öz təşəkkürünü bildirir.
 

Xəbər lenti