Gəncədə QHT-dövlət əməkdaşlığı mövzusunda zona konfransı keçirilib

Gəncədə QHT-dövlət əməkdaşlığı mövzusunda zona konfransı keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Gəncədə "QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfransı keçirilib.

Gəncə İH-dən Shushapost.Az-a verilən məlumata görə, Heydər Əliyev Mərkəzində təşkil olunan konfrans Gəncə ilə yanaşı Mingəçevir və Naftalan şəhərlərini, habelə Kəlbəcər, Göygöl, Samux, Daşkəsən və Goranboy rayonlarını əhatə edib.
Konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova və Əli Pənahov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov, agentliyin məsul əməkdaşları, qərb rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, habelə yerli qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva konfransın proqramı haqqında geniş məlumat verib. O bildirib ki, təşkil edilən zona konfransları region QHT-lərinin və ictimai şuraların birgə fəaliyyətinin genişləndirilməsi və təkmilləşdirilməsinə hesablanıb. Paytaxt və region QHT-lərinin kommunikasiya baxımından birləşməsinə təkan vermək də qarşıya qoyulan məqsədlərdən biridir.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev qeyd edib ki, ölkəmizdə qeyri-hökumət təşkilatları bir neçə mərhələdə inkişaf yolu keçib, QHT-dövlət münasibətləri sahəsində müsbət nümunələr formalaşdırılıb. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması, QHT-lərə maliyyə, metodiki, konsultativ, təşkilati dəstəyin göstərilməsi və s. bunun bariz nümunəsidir. Bu gün isə QHT-dövlət münasibətlərində yeni mərhələ başlayıb, təşkilati-hüquqi forması, fəaliyyət istiqaməti və idarəetməsi ilə fərqlənən yeni təsisat kimi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yaradılıb.

Vüsal Quliyev bildirib ki, bu gün bu sahənin daha da təkmilləşdirilməsi üçün geniş formatda bütün QHT-lərin daha operativ şəbəkələşməsi üçün baza yaradılmalıdır. Regionlarda başlanan zona konfranslarının əsas məqsədi bundan ibarətdir və gələcəkdə bütün təşkilatların birgə inkişafında yeni mərhələnin əsasını qoyacaq. Vüsal Quliyev icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuralara QHT-lərin cəlb edilməsi məsələsinin də olduqca vacib məqamlardan biri olduğunu qeyd edib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, bildirib ki, dövlətimiz bu gün ölkəmizdə fəaliyyət göstərən qeyri-hökümət təşkilatları ilə sıx işbirliyi qurur, bu sahənin inkişafına dəstək göstərir və regionlarda keçirilən zona konfransları da bunun bariz nümunəsidir. Gəncə şəhərində 50-dən çox QHT və ictimai birliyin fəlaiyyət göstərdiyini qeyd edən şəhər rəhbəri, bu QHT-lərin üzvlərinin Gəncə Şəhər İcra Hakimiyyəti yanında İctimai Şurada da təmsil olunduqlarını diqqətə çatdırıb.

Prezident Administrasiyasının məsul əməkdaşları Rahu Şirinova, Əli Pənahov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov çıxışlarında zona toplantısının QHT nümayəndələri üçün faydalı olacağını bildiriblər. Bununla yanaşı, icra hakimiyyətləri yanında ictimai şuraların fəaliyyətinə toxunulub, onların işinin daha da genişləndirilməsinin və təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.

QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət​ mexanizmlərinin gücləndirilməsi” mövzusunda zona konfransı iştirakçıların müzakirələri ilə davam edib.
 
Shushapost.Az

Xəbər lenti