Gənclər Fondu 488 gəncin təhsil xərcini qarşılayacaq - SİYAHI

Gənclər Fondu 488 gəncin təhsil xərcini qarşılayacaq - SİYAHI
İşğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinin və COVİD-19 pandemiyası ilə gərgin mübarizənin davam etdiyi bu günlərdə də vətəndaşlarımızın, o cümlədən gənclərin təhsil, inkişaf, sosial rifah məsələlərini diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq göstərişinə sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi ilə bağlı Gənclər Fondunun elan etdiyi müsabiqənin nəticələri məlum oldu.

7News.Az xəbər verir ki, cari ilin 5 noyabr - 3 dekabr tarixlərində ərizə qəbulu həyata keçirilən müsabiqəyə 31 dövlət təhsil müəssisəsi və onların 9 filialı, həmçinin 54 orta-ixtisas təhsil müəssisəsindən ümumilikdə 1446 müraciət daxil olub. Müraciət edənlərdən 118-i magistr, 1239 bakalavr və 89 isə orta-ixtisas təhsili alan tələbələrdir.

Tərəfdaş qurumlar ilə birlikdə müraciətçinin təqdim etdiyi sənədlər, eləcə də müvafiq rəy əsasında təhsil göstəriciləri və sosial həssas kateqoriyaya uyğunluğu meyarları əsasında aparılan qiymətləndirmə nəticəsində 488 tələbənin təhsil haqqının qarşılanmasına qərar verilmişdir. Müsabiqə üzrə qalib olan tələbələrin tam siyahısı ilə linkdən tanış ola bilərsiniz.

Qeyd edək ki, Gənclər Fondu tərəfindən 2018 və 2019-cu illərdə keçirilən müsabiqələr əsasında 662 nəfər tələbənin təhsil haqqı borcları dövlət hesabına qarşılanıb.

Bu günədək Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə bir sıra sosial həssas kateqoriyadan olan tələbələr təhsil haqqından azad edilmiş, həmçinin yeni növ koronavirus pandemiyası ilə əlaqədar minlərlə tələbənin təhsil xərcləri dövlət tərəfindən ödənilmişdir. Ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan və yüksək təhsil göstəriciləri ilə fərqlənən gənclərin təhsil xərclərinin Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qarşılanması üzrə müsabiqə də bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. 

Xəbər lenti