İlham Əliyev: “Kəndlər işğal altına düşürdü, AXC-Müsavat cütlüyü isə Ermənistana benzin satırdı”

İlham Əliyev: “Kəndlər işğal altına düşürdü, AXC-Müsavat cütlüyü isə Ermənistana benzin satırdı”
Müstəqillik əldə olunandan dörd ay sonra Xocalı soyqırımı törədildi. Ermənistan və Sovet İttifaqının 366-cı alayı hərbi cinayət, vəhşilik törətdi, dinc insanları qətlə yetirdi. Onların arasında uşaqlar, qocalar, qadınlar... Xocalı soyqırımı bu gün dünya tərəfindən tanınır. Ondan çox ölkə bu soyqırımı rəsmən tanıyıb. Xocalı soyqırımından 3 ay sonra Şuşa və Laçın işğal altına düşdü. Və məhz o vaxt faktiki olaraq hakimiyyətə gəlişini rəsmiləşdirmək istəyən AXC-Müsavat cütlüyünün xəyanəti hesabına Şuşa və Laçın işğal altına düşdü. 

Bu sözləri bu gün Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən zaman deyib.

"Çünki onlar üçün hakimiyyətə gəlmək hər şeydən vacib idi. O vaxt müdafiə naziri onların adamı idi. Hansı ki, söz vermişdi ki, əgər Şuşa əldən getsə, öz başına güllə çaxacaq. Bu günə qədər orada-burada sülənir tula kimi... Faktiki olaraq hakimiyyət Xalq Cəbhəsi - Müsavatın əlində idi. Və onlar Şuşa və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular. Ondan bir ay sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək, hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər. Bu, onların böyük xəyanətidir. Ondan sonra nələr baş verdi? Ondan sonra faktiki olaraq ölkə idarəolunmaz vəziyyətə düşmüşdü, xaos, anarxiya, özbaşınalıq, hərcmərclik, talançılıq hökm sürürdü. 

Kəndlər işğal altına düşürdü, AXC-Müsavat Ermənistana benzin satırdı, özləri də bunu etiraf etmişdilər. O video-materiallar, kadrlar var. Özləri də etiraf etmişdilər ki, bu xəyanətin içindədir. Ordunu gücləndirmək əvəzinə, ordumuza dəstək vermək əvəzinə, ancaq öz hakimiyyətini möhkəmləndirirdilər. Naxçıvanda Heydər Əliyev blokada şəraitində imkan vermədi ki, ermənilər Naxçıvanı işğal altına salsınlar. Halbuki dəfələrlə belə cəhdlər olub. Orada, sərhəddə gedən şiddətli döyüşlərdə bizim hərbçilərimiz və mülki şəxslər sinəsini qabağa verərək, öz torpaqlarını müdafiə ediblər. Onlar isə buradan Naxçıvana hərbi desant göndərirdilər ki, Heydər Əliyevi hakimiyyyətdən devirsinlər. O vaxt daxili qoşunlar komandanı, bu gün xaricdə gizlənən tula ora desant göndərirdi. Torpaqlar əldən gedir, ermənilər kəndlərimizi zəbt edir, onlar isə Naxçıvanda Heydər Əliyevə qarşı mübarizə aparırdılar”, - deyə Prezident bildirib. 

Xəbər lenti