İlham Əliyev seçkilərdən danışdı – “Parlament islahatların vacib hissəsi olacaq”

İlham Əliyev seçkilərdən danışdı – “Parlament islahatların vacib hissəsi olacaq”
Prezident İlham Əliyev Davosda "Strateji baxış: Avrasiya” mövzusunda keçirilən konfransda çıxış edərkən Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə də toxunub. 
Yenisabah.az xəbər verir ki, Prezident növbədənkənar parlament seçkiləri nəticəsində formalaşacaq parlamentin ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsi olacağını bildirib. 

"Yaxın aylarda əhaliyə etimad etdikləri şəxsləri seçmək üçün növbədənkənar parlament seçkiləri keçirəcəyik. Seçkilərdən sonra isə parlament islahatların vacib hissəsi olacaq”, - deyə Prezident vurğulayıb.

Azərbaycanın qonşu ölkələrlə bağlı dostluq siyasəti yürütdüyünü deyən Prezident əlavə edib ki, bununla belə, milli maraqlar hər şeydən üstündür: "Biz siyasi-iqtisadi sahədə ciddi islahatlar aparmağa müvəffəq olduq. Nailiyyətlərimiz Ümumdünya İqtisadi Forumun qiymətləndirilməsi və Davos İqtisadi Forumun işində öz əksini tapıb. İnfrastruktur, yolların keyfiyyəti sahələrində bir çox nailiyyətlər əldə etdik, bu göstərici üzrə dünyada 27-ci yerdəyik”.

İlham Əliyevin Azərbaycan hökumətinin tərkibində baş verən dəyişikliklərə də diqqət çəkib. "Hökumətdə yeni adamlar var. Onlar yüksək səviyyədə təhsil almış və müsir dünyagörüşləri olan gənclərdir. Mən dəfələrlə demişəm ki, 21-ci əsrdə uğur qazanmaq yalnız 20-ci əsrin baxışlarına riayət etmədən mümkündür. Bu səbəbdən, nəinki hökumətdə, həm də prezident Administrasiyasında yeni adamlar lazımdır. Burada da böyük dəyişikliklər baş verib”, – deyə Prezident bildirib.

Xəbər lenti