Könüllülər koronavirusla mübarizədə dövlətin yanındadırlar

Könüllülər koronavirusla mübarizədə dövlətin yanındadırlar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllülər təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) yeni "Bir-birimizi qoruyaq” kampaniyasına start vermişdir. 
Dünyada sürətlə yayılan yeni koronavirus epidemiyasının ölkə əhalisinin sağlamlığı üçün yarada biləcəyi təhlükələrin qarşısının alınması istiqamətində dövlət başçısının göstərişi ilə həyata keçirilən təsirli tədbirlər, Respublika ərazisində tətbiq edilən karantin rejiminin mərhələli şəkildə yumşaldılmasına imkan yaratmışdır. Lakin təhlükə hələ də tamamilə sovuşmamışdır. Təəssüf ki, heç də bütün vətəndaşlar tərəfindən bu təhlükənin dərindən dərk edildiyini, onun dəf edilməsinin ilk növbədə məsuliyyətli davranışdan, verilən tövsiyə və təlimatlara düzgün əməl edilməsindən asılı olduğunun başa düşüldüyünü söyləmək mümkün deyildir. AKƏM-in yeni kampaniyası dövlət tərəfindən məhz bu istiqamətdə həyata keçirilən fəaliyyətə töhfə verəcəkdir.    
Mərkəzin işində iştirak edən 18 könüllülər hərəkatının birgə qərarı ilə, ölkəmizdə karantin rejiminin ardıcıl şəkildə yumşaldılması ilə əlaqədar yaranan yeni şəraitdə əhalinin sağlamlığının qorunması istiqamətində müxtəlif maarifləndirmə və təbliğat tədbirləri həyata keçiriləcəkdir. Kampaniya çərçivəsində vətəndaşların Nazirlər Kabineti yanında Operativ Qərargahın və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi qaydalara uyğun hərəkət etmələri, o cümlədən insanların çox toplaşdığı məkanlarda sosial məsafənin saxlanılması, növbə mədəniyyətinin yüksəldilməsi, dezinfeksiya tədbirlərinin mütəmadi şəkildə aparılması, şəxsi qoruyucu vasitələrdən istifadənin təşviq edilməsi kimi məsələlər diqqət mərkəzində olacaqdır. 
Qeyd edilməlidir ki, yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində formalaşan və fəaliyyətində "ASAN Könüllüləri” Gənclər Təşkilatı, "Regional İnkişaf” İctimai Birliyi, "BİR Tələbə-Könüllü” Proqramı, "Könüllü DOST” Proqramı, "Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, "Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, "Miqrasiya Könüllüsü” İctimai Birliyi, Könüllü gömrükçü” Dəstəsi, "Turizm Könüllüləri” İctimai Birliyi, "Diplomatiya Könüllüləri” Qrupu, "Ekokönüllüləri” Qrupu, "Azərbaycan Diaspor Könüllüləri” Proqramı, "SƏLİS Könüllüləri” İctimai Birliyi, "Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, "AFFA və Avro-2020” Könüllülər Proqramı və "Gənc Könüllülər” Hərəkatı və digər təşkilat və hərəkatların iştirak etdiyi Mərkəzin işinin əlaqələndirilməsi AR Gənclər Fondu tərəfindən həyata keçirilir.  
Öz fəaliyyətində Azərbaycan Prezidentinin "Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan AKƏM tərəfindən Respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər olunmuş, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata keçirilmişdir. AKƏM-in təşkilatçılığı ilə keçirilən "Böyüklərimizi qoruyaq!”, "Könüllü Qonşu”, "Könüllü Donor” aksiyalarında minlərlə könüllü iştirak etmişdir.






 

Xəbər lenti