Laçın rayonundan olan, ölkə Prezidenti tərəfindən 5 medalla təltif edilən 22 yaşlı şəhid Etibar Nəcəfov

Laçın rayonundan olan, ölkə Prezidenti tərəfindən 5 medalla təltif edilən 22 yaşlı şəhid Etibar Nəcəfov

44 gün davam edən Vətən Müharibəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edərək tarixi ədaləti bərpa etdi. Uzun müddət vətən həsrəti çəkən soydaşlarımız artıq öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Təbii ki, doğma torpaqlarımızın düşmən tapdağından azad edilməsi bizə asan başa gəlmədi, bu müqəddəs yolda qəhrəman əsgər və zabitlərimiz öz canlarını fəda etdilər.

Belə qəhrəman igidlərimizdən biri şəhid Nəcəfov Etibar Mehman oğludur. Etibarın valideynləri Laçın rayon Şeylanlı kənd sakinidirlər. 1992-ci ildə Laçın rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Etibarın valideynləri Ağcabədi rayonu Aran kəndinə gəliblər və burada müvəqqəti məskunlaşıblar. Etibar 1998-ci il 14 noyabrda bu kənddə dünya göz açıb.

Etibar uşaq vaxtından idmana böyük maraq göstərib, karate və kikboksla məşğul olub, bir sıra nailiyyətlər qazanıb.

Orta məktəbi bitirdikdən sonra Etibar 2017-ci ildə müddətli hərbi xidmətə yollanıb. Xidmətini Gəncə şəhərində, daha sonra isə Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissədə davam etdirib. Xüsusi Təyinatlı Kəşfiyyat bölmələrində təlimlər keçib, ön xətdə göstərdiyi xidmətlərinə görə fəxri fərmanla təltif edilib. 2018-ci il 2 iyul tarixində ordu sıralarından təxris olunub. Etibar Nəcəfov hərbi xidmət zamanı, eyni zamanda mülki həyatda öz nizam-intizamlılığı ilə seçilərək ətrafındakı insanların böyük hörmət və rəğbətini qazanmışdır. Etibarı cəsarətli, mərd və qorxmaz biri olaraq onu tanıyanların yaddaşında qalıb.

Etibar Nəcəfov 27 sentyabr 2020-ci il tarixində ordumuz tərəfindən başladılan əks-həmlə əməliyyatlarından sonra buna biganə qalmayaraq ölkəmizin müdafiəsi naminə könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın rayon bölməsinə bir neçə dəfə müraciət etsə də çağırılmayıb. Dövlət Xidmətinən geri qayıtdıqdan bir neçə saat sonra ona zəng edilib və orduya çağırılıb.

Məhz elə 1 oktyabrdan Etibar döyüş bölgəsinə-Vətənin müdafiəsinə yollanır. Həqiqi hərbi xidmətini o bölgələrdə keçmiş, xüsusi təlimlər almış Etibar döyüşlərin qızğın getdiyi bir vaxtda müharibəyə qoşulur. Etibarın döyüş yoldaşları onun qəhrəmancasına vuruşmağından, cəsarətindən, qorxmaz və dönməzliyindən ürək dolusu danışırlar. Məhz onun bu cəsarəti və dəmir iradəsi onu Qubadlıya qədər aparmışdır. Etibarın döyüş yolu Cəbrayıl, Füzuli, Zəngilan, və Qubadlı uğrunda olmuş, o böyük qəhrəmanlıq və igidlik göstərmişdir.

Etibar sonuncu dəfə atası Mehman Nəcəfovla telefonla danışır. Atası ondan vəziyyəti və harada olmasını soruşduqda o, irəli gedirik və gizlin şəkildə və sözlərlərlə atasına Qubadlı istiqamətində olduğunu deyir. Atasının bundan sonra hara gedirsiz sualına Etibar "Allah qoysa qayıdanda deyərəm, heç bir narahatçılıq yoxdur, torpaqlarımızı da tezliklə düşmən tapdağından azad edəcəyik” deyir. Son cümləsi isə "Anama deyin narahat olmasın” olur.

Etibar Qubadlı uğrunda gedən doyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır.

Etibar Nəcəfov Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamı ilə "Vətən uğrunda” medalı, həmçinin "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!





Xəbər lenti