Mingəçevirdə şəhər İcra Hakimiyyəti başçısının məzunlarla görüşü keçirildi

Mingəçevirdə  şəhər İcra Hakimiyyəti başçısının  məzunlarla görüşü keçirildi


Təhsil sahəsi hər zaman dövlət başçısı İlham Əliyevin diqqət mərkəzində olmuş və artıq bu diqqət və qayğının bəhrəsini hər birimiz görməkdəyik. Dünya bilik olimpiyadalarında şagirdlərimizin qızıl medal qazanması artıq bizə təəccüblü gəlmir, dünyanın ən prestijli universitetlərinə azərbaycanlı tələbələrin qəbulu isə adi hala çevrilib. Azərbaycanın universitetləri də  inkişaf səviyyəsinə görə dünyanın aparıcı təhsil ocaqlarından geri qalmır, hətta bir çox hallarda onlarla fəal əməkdaşlıq şəraitində ayaqlaşmağa müvəffəq olurlar. 
Mingəçevir şəhəri ənənəvi olaraq təhsildə əldə olunan nailiyyətlərlə daim respublika səviyyəsində ön sıralarda dayanmış və bu ənənə bu gün də davam etməkdədir. Görünən odur ki, Mingəçevir şəhərinin rəhbərliyi ölkə Prezidenti İlham Əliyevin təhsil ilə bağlı verdiyi tövsiyələri rəhbər tutaraq hər zaman bu sahəni öz diqqətində saxlayır. Təsadüfi deyil ki, pandemiya şəraiti ilə bağlı məktəblərin müəyyən məhdudiyyətlərlə fəaliyyət göstərməsinə baxmayaraq mingəçevirli məzunların göstəriciləri əvvəlki illə müqayisədə yüksəlmişdir. Belə ki, keçən tədris ilində şəhər üzrə 600 bal toplayanaların sayı 24 nəfər idisə, bu il bu göstərici 35 nəfər, keçən il 9-cu sinifi fərqlənmə attestatı ilə bitirən şagirdlərin sayı 55 nəfər idisə, bu il bu rəqəm 86 nəfər, keçən il 11-ci sinifi fərqlənmə attestatı ilə bitirən şagirdlərin sayı 27 nəfər idisə, bu il bu rəqəm                    51 nəfər olub və bu təhsil sahəsində olan inkişafın bariz göstəricisi hesab oluna bilər.
Ənənəyə sadiq qalan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun qəbul imtahanlarında yüksək bal toplamış şagirdlərlə görüş keçirməsi, onları şəxsən təbrik etməsi, valideyin və müəllimlərinə gözaydınlığı verməsi gələcək tələbələrin hədsiz sevincinə səbəb olmuşdu. Şəhər rəhbərinin bu diqqəti təhsil ictimaiyyəti üçün əlavə stimul rolunu oynayır, onların məsuliyyətini daha da artırır desək heç də yanılmarıq.
Məzunlarla görüşdə çıxış edən İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun gözlərində mingəçevirli şagirdlərin uğurlarından hasil olan sevinc açıq oxunurdu. Şəhər rəhbəri qürurla çıxışının əvvəlində "Mingəçevir şəhərində təhsil sahəsində əldə edilən uğurların əsas səbəbi dövlət rəhbəri cənab Prezidentimiz İlham Əliyev tərəfindən göstərilən qayğı və qulluq, həmçinin, müəllimlərin fədakar əməyidir” söylədi və əlavə etdi ki, Birinci                                vitse-prezidentimiz Mehriban xanım Əliyevanın xüsusi dəstəyi olmasaydı, bəlkə də, bizim bu nailiyyətlər əldə olunmayacaqdı. Onun sözlərinə görə, şəhər ərazisində təhsilin maddi texniki bazasının gücləndirilməsi, şəhər məktəblərinin demək olar ki, əksəriyyətinin əsaslı təmir olunaraq ən müasir avadanlıqlarla təchiz olunması məktəblilərimizin təhsil səviyyəsinin yüksəlməsində əhəmiyyətli rol oynamışdır. "Cari il ərzində şəhərimizdəki 13 nömrəli məktəb Heydər Əliyev Fondu tərəfindən yenidən qurularaq ən yüksək səviyyədə təchiz olundunmuş, eyni zamanda, hazırda dövlət büdcəsi hesabına 12 nömrəli məktəb və İnteqrasiya təlimli internat tipli gimnaziyanın da əsaslı təmiri həyata keçirilməkdədir”- deyə İlham İsmayılov bildirdi. Bundan sonra şəhər rəhbəri tədbirdə iştirak edən təhsil işçilərinə müraciət edərək  dövlət başçısının bu qayğısının böyük bir məsuliyyət olduğunu bir daha diqqətə çatdırdı və onları yeni-yeni hədəflərə nail olmaq üçün ruhlandırdığını vurğuladı.
Tədbirdə iştirak edən şəhər ziyalıları, ictimaiyyətin fəal nümayəndələri məzunları təbrik etdilər və onlara gələcək həyatlarında uğurlar arzuladılar. Səmimi şəraitdə keçən görüşdə İcra Hakimiyyətinin başçısı məzunların arzu, istək və təkliflərini dinlədi, onları maraqlandıran sualları bir-bir cavablandırdı.
Sonda İlham İsmayılov yüksək bal toplayan məzunlara hədiyyələr təqdim etdi və tədbir iştirakçıları ilə  xatirə şəkli çəkdirdi.
 
 



 

Xəbər lenti