Nəcibliyi, zəhmətkeşliyi və xeyirxahlığı ilə sevilən Əminə Yusifqızı

Nəcibliyi, zəhmətkeşliyi və xeyirxahlığı ilə sevilən Əminə Yusifqızı

Taleyinə Vətənə və xalqına xidmət etmək missiyası yazılanlar Tanrı tərəfindən sevilən insanlar olur. Xoşbəxt o kəsdir ki, bu missiyanın daşıyıcısı olsun. Belə insanlar haqqında düşünəndə gözlərimiz önünə bir nəfər də gəlir. Dövlətçiliyə xidməti, müdrikliyi, mənəviyyatı ilə el içində böyük hörmət, nüfuz sahibi olan dəyərli jurnalist Əminə Yusifqızı. Hər bir insanın dünyaya gəlişi, həyat və fəaliyyəti müəyyən missiya ilə əlaqədardır. Bu mənada hər kəs yaşadığı dövrdə Tanrı tərəfindən ona həvalə olunmuş missiyanı həyata keçirmiş olur. Bəşəri duyğularla yaşayan, xalqına, millətinə layiqli övlad olmağa çalışan, onun yolunda  hər cür fədakarlığa hazır olan insanlar Tanrı tərəfindən ona həvalə olunmuş missiyanı şərtsiz icra edir və bundan xüsusi zövq alır. Belə insanlardan biri də tanınmış jurnalist Əminə Yusifqızıdır.

Sadəliyi və səmimiyyəti ilə yaşadığı ərazidə, kollektiv arasında hörmət sahibi olan istedadlı jurnalist Əminə Yusifqızının mənalı ömür yolu var. Xalqına olan sevgisi onu daim bu yolda novator olmağa həvəsləndirib, neçə-neçə dəyərli əsərlər müəllifinə çevirib. 70 illik ömür kitabını vərəqləsək, görərik ki, nəcibliyi, zəhmetkeşliyi və xeyirxahlığı ilə xalqının sevgisini qazanıb. Pillə - pillə ucalaraq, xalqının sevimli qələm əhlinə çevrilib. Etiraf edək ki, Əminə xanım xalq arasında və cəmiyyətdə özünəməxsus nüfuza sahibdir. El yolunda yanan ürəyi onu  xalqına sevdirib.

Yevlaxda işıq üzü görən  "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızının 70  illik yubileyidir.Yubilyar  respublikanın əməkdar jurnalisti, "Qızıl qələm", Həsənbəy Zərdabi, Məhsəti Gəncəvi mükafatlarının  və  "Tərəqqi" medallının laureatıdır. Yubilyarın baş redaktoru olduğu "Kür" qəzetinin böyük tirajla nəşri, tək əyalət qəzetləri içərisində deyil, bütövlükdə ölkənin media məkanında tanınması məhz onun əməyi sayəsində mümkün olub.

Ə.Yusifqızı eyni zamanda, insanlara qayğı ilə yanaşan, onların problemlərinin aradan qaldırılmasına can yandıran insanpərvər və humanist ziyalı kimi də tanınır. Bu gün Yevlaxda hər kəsin çəkinmədən qapısını döyə biləcəyi, kömək umacağı insanlardan biri də Əminə Yusifqızıdır. Elə buna görə də Yevlaxın bütün ziyalılarından tutmuş, məktəblisinə qədər, hər kəs bu insanı yaxşı tanıyır və sevir. Təkcə özünün və ailəsinin deyil, cəmiyyərin qayğısı ilə yaşayan jurnalist artıq rayon sakinlərinin sevimlisinə çevrilib.  

 

Rayonda elə bir siyasi-ictimai hadisə yoxdur ki, Əminə xanımın adı orda çəkilməsin, səsi eşidilməsin, imzası olmasın. Böyüklüyü ondan ibarətdir ki, insanları olduğu kimi qəbul edir, ana şəfqətilə yanaşır, onlara kömək etməyi mənəvi borcu sayır. Bəşər övladının adına zinət verən onun əməlləridir. Yaxşı ad həyatda zərrə-zərrə, misqal-misqal qazanılır. İnsanın mənəvi zənginlik - deyilən ucalığa canatma arzusu bütün yaxşıların fitrətində olsa da, bu ucalığa yetmək hər kəsə nəsib olmur. Əminə Yusifqızı bu ucalıq zirvəsindədir. Dəyər həmkarımızı 70 illik yubileyi münsibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!/olaylar

 7News.Az


Xəbər lenti