Son nəfəslərinə kimi evlərini ermənilərə təslim etməyən bir ailə dastan yazdı – Bu filmdə Xudayar da oxuyacaq

Son nəfəslərinə kimi evlərini ermənilərə təslim etməyən bir ailə dastan yazdı – Bu filmdə Xudayar da oxuyacaq
AzTV-də Xocalı soyqırımı ilə bağlı növbəti sənədli film
 Azərbaycan Televiziyası Xocalı  faciəsinin ildönümü ilə əlaqədar daha bir sənədli film çəkib.
"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən  məlumata görə, "Son döyüş ” adlı sənədli filmdə  Xocalıda 3 nəfərdən ibarət  bir ailənin öz evini ermənilərdən qəhrəmancasına qorumasından və düşmənə qarşı mübarizələrindən  bəhs olunur. 
Ailənin  son nəfəslərinə kimi döyüşməsi həm də Azərbaycan xalqının həmin illərdə düşmənlə  təkbaşına, heç kimdən dəstək almadan apardığı mübarizəni simvolizə edir. 
Sənədli filmdə  göstərilir ki, döyüş nəticəsində əvvəlcə ata, sonra ana şəhid olur. Ailənin tək övladı olan balaca oğlan isə sağ qalır. Bu oğlan və ümumilikdə Xocalıda sağ qalan digər uşaqlar söz verirlər ki, gələcəkdə Qarabağı işğaldan azad edəcəklər. 
Sənədli filmdə Vətən müharibəsində şəhid olan Xudayar Yusifzadənin ifasına da yer verilib. 
İdeya  müəllifi Ziya Ağa, ssenari müəllifi İlqar Fəhmi, quruluşçu rejissoru  Vüsal  Hacı  Qadir  olan sənədli filimin  quruluşçu operatoru Anar Dadaşovdur.
Sənədli filmdə Azər Həsənov, Fərhad Səmimi, Xuraman Nicat və Muxtar Baxşəli kimi aktyorlar yer alıb.
"Son döyüş”  fevralın  27-si  saat 21:30-da AzTV-də yayımlanacaq.

Xəbər lenti