"Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət Azərbaycanın Beynəlxalq müstəvidə uğurlarının təməlidir"

Ümummilli lider Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişaf və tərəqqisi yolunda, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur, eyni zamanda iftixar mənbəyidir. Bu irsi öyrənmək və təbliğ etmək bizim hər birimizin şərəfli borcudur. Heydər Əliyev son dərəcə təcrübəli dövlət başçısı və böyük siyasi xadim kimi hər zaman çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmək bacarığı nümayiş etdirib, Azərbaycanın milli maraqlarını daim qətiyyətlə qoruyub. Bu baxımdan, Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasət kursu böyük əhəmiyyət kəsb edir.

Məlumdur ki, müstəqilliyimizin ilk illərində milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun formalaşdırılması və həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə Dağlıq Qarabağda başlayan erməni separatizmi, eləcə də hərbi təcavüzün genişlənməsi ölkəmizi ciddi siyasi və iqtisadi problemlərlə üz-üzə qoymaqla yanaşı, dövlətimizin xarici siyasət fəaliyyətində də mühüm vəzifələrin yerinə yetirilməsini ön plana çəkdi. Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün qarşısını almaq, onun ağır nəticələrini aradan qaldırmaq, dövlətimizin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünyaya siyasi və iqtisadi inteqrasiya olunmaq zərurəti düşünülmüş, ardıcıl və fəal xarici siyasət tələb edirdi.

1993-cü ilin iyun ayında ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanda müasir müstəqil dövlətimizin əsasları qoyuldu. Bu dövrdən başlayaraq həyata keçirilən xarici siyasətimiz məhz Ümummilli Liderin adı və fəaliyyəti ilə bağlıdır. Özünün zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq dövlətimizin yeni xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirən Heydər Əliyevin bu yeniləşmiş xarici siyasət xəttində, ilk növbədə, bir sıra ən mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsi qarşıya qoyulmuşdu. Həmin vəzifələrdən biri və ən əsası Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxarmaq, Ermənistanın işğalçı siyasətini ifşa etmək, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq, xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdırmaqdan ibarət idi. Ona görə də yeni xarici siyasət xətti üçün hər şeydən əvvəl müharibə dayandırılmalı və dinc şərait təmin edilməli idi. Bu məqsədlə 1994-cü ilin mayında Ermənistanla atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin buraxılması və ölkə daxilində sabitlik yaradılması yolunda atılan addımlar sayəsində yeni xarici siyasət xəttinin ardıcıllıqla həyata keçirilməsi üçün lazım olan əlverişli dinc şərait yarandı.

Müstəqilliyini bərpa etdikdən sonra demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının üzləşdiyi sosial-iqtisadi və siyasi problemlərin uğurla həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi. Bu mənada Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi. Məhz buna görə də dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmağa çalışan və müstəqilliyinin ilk addımlarını atan, eləcə də Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiya, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil edib.

Ulu öndər son dərəcə təcrübəli dövlət başçısı və böyük siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. "Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi. 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi Böyük İpək Yolunun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onun nəticələri Azərbaycanın xarici siyasətinin qazandığı ən mühüm nailiyyətlərindən biridir.

Ümummilli lider Heylər Əliyev xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə çox böyük diqqət yetirirdi. Azərbaycanın beynəlxalq təşkilatlara üzv olması ilə yanaşı, onların işlərində fəal surətdə iştirak etməsi və səmərəli əməkdaşlıq ölkəmizin problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün mühüm əhəmiyyət kəsb edirdi. Bu baxımdan 1994-cü il mayın 4-də Prezident Heydər Əliyevin "Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədini imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardan biri oldu. Bu proqramın Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, ölkəmiz NATO-ya daxil olan Avropa ölkələri və ABŞ ilə dünya təhlükəsizlik sisteminin, eləcə də beynəlxalq münasibətlərin sivil qaydaları çərçivəsində hər cür əməkdaşlıq etmək imkanı qazandı. Avratlantik strukturlara inteqrasiya istiqamətində Azərbaycan çoxtərəfli Trans-Atlantik təhlükəsizlik əməkdaşlığı proqramlarını inkişaf etdirən Avropa qitəsində və onun sərhədlərindən kənarda təhlükəsizlik və sabitliyə töhfə verir. Belə ki, ölkəmiz 1994-cü ildə NATO-nun "Sülh naminə tərəfdaşlıq” proqramına qoşulan ilk dövlətlərdən olub və bu təşkilatın əksər qurumlarının işində fəal iştirak edərək NATO ilə mümkün tərəfdaşlıq mexanizmlərindən tam şəkildə bəhrələnir.

1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” imzalanıb. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində hüququ baza rolunu oynayır. Azərbaycanın Avropa institutlarına inteqrasiyası istiqamətində Avropa Şurasının bərabərhüquqlu üzvü olması respublikamızın mühüm problemlərinin dünya ictimaiyyətinin diqqətinə obyektiv çatdırılması üçün yeni və çox mötəbər tribuna vermiş oldu. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edildi. Bu qərar Ümummilli Liderin uzaqgörən, daxili və xarici siyasətinin və bu istiqamətdə məqsədyönlü fəaliyyətinin nəticəsi idi. Yanvarın 25-də Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə Strasburqda ölkəmizin bu təşkilata üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilib və dövlətimizin üçrəngli bayrağı ucaldılıb. Bu hadisəni ümummilli lider Heydər Əliyev yüksək qiymətləndirərək demişdir: "Azərbaycanın Avropa Şurasına qəbul edilməsi nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır”.

Qazanılan bu uğurlarla yanaşı, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması ümummilli lider Heydər Əliyevin xarici siyasət fəaliyyətində başlıca yer tutub. Bu məqsədlə 1993-cü ilin ikinci yarısından başlayaraq Prezident Heydər Əliyev respublikamızın təhlükəsizlik problemlərini, xüsusilə Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü məsələlərini beynəlxalq aləmə çıxararaq regionda sülhün bərqərar olması üçün beynəlxalq təşkilatların təsirini artırmağa çalışıb. Heydər Əliyevin ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də çoxtərəfli görüşlərində, ATƏT-in zirvə toplantılarında, Minsk qrupunun həmsədrləri ilə aparılan müzakirələrdə, eyni zamanda, Ermənistan prezidenti ilə danışıqlarda göstərdiyi səylər onun apardığı məqsədyönlü siyasətin mühüm tərkib hissəsini təşkil edib. Belə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması istiqamətində məhz Heydər Əliyevin qətiyyətli və gərgin fəaliyyəti nəticəsində 1994-cü il mayın 12-də atəşkəs haqqında razılıq əldə edildi və bundan sonra ATƏT-in Minsk qrupu çərçivəsində müntəzəm olaraq danışıqlar aparılmağa başlandı. Daha sonra 1994-cü il dekabrın 5-6-da ATƏT-in Budapeştdə keçirilən Zirvə toplantısında Ulu Öndərimizin çevik diplomatiyasının təsiri ilə "Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” barədə qərar qəbul olundu.

1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında qəbul edilən və münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil etmiş olan sənəd Ermənistan-Azərbaycan münaqişəsini ədalətlə aradan qaldırmaq yolunda böyük siyasi nailiyyət sayıla bilər. Zirvə toplantısı zamanı Ümummilli Liderin siyasi iradəsi və diplomatik fəaliyyəti sayəsində münaqişənin həllinin siyasi-hüquqi çərçivəsini müəyyənləşdirən xüsusi bir sənəd qəbul edildi. Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair 3 əsas prinsipi özündə əks etdirən və ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Flavio Kottinin adından verilən bu bəyanat Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə olundu və Lissabon sammitinin yekun sənədlərinə əlavə edildi.

Ümumiyyətlə, Ermənistan-Azərbaycan münaqişəsinin dinc vasitələrlə nizama salınması ümummilli liderimiz Heydər Əliyevin xarici siyasət fəaliyyətində mühüm yer tutub. Yalnız onu qeyd etmək kifayətdir ki, 1993-2003-cü illər ərzində Azərbaycanın dövlət başçısı Heydər Əliyev Ermənistan prezidenti ilə 23, ATƏT-in rəhbərliyi və Minsk qrupunun nümayəndələri ilə 150-yə qədər görüş keçirib. Azərbaycan Prezidentinin bu dövrdə 80-dək ölkənin dövlət başçıları ilə keçirdiyi 500-dən çox görüşdə, eləcə də nüfuzlu beynəlxalq təşkilatların ən yüksək səviyyəli nümayəndələri ilə, ATƏT-in, NATO-nun, Avropa Şurasının, İslam Konfransı Təşkilatının, MDB-nin, GUAM-ın, İqtisadi Əməkdaşlıq Təşkilatının, Türkdilli Ölkələrin Dövlət Başçılarının zirvə görüşlərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə olunub.

Ulu Öndərimizin fəaliyyətində türkdilli dövlətlərlə əlaqələrin gücləndirilməsi, eyni kökdən gələn xalqların inteqrasiyasının sürətlənməsi hər zaman xüsusi diqqət mərkəzində olub. bu məqsədlə Türkdilli Ölkələrin Dövlət Başçılarının davamlı olaraq zirvə görüşləri keçirilib. Haqlı olaraq türk xalqları Heydər Əliyevi türk dünyasının ağsaqqalı hesab edirdilər.

Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə respublikamız üçün həlledici illər olub. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyulub. O illərdə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətlə bağlı strateji xətti müəyyən edilib, Azərbaycan dünya birliyinə qovuşub.

Əsasını Ümummilli Liderin qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət strategiyası dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri özündə əxz edərək dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini seçib. Bu gün cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycanın regionda və dünyada müttəfiqlərinin sayını xeyli dərəcədə artırıb. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər isə müstəqil dövlətimizin beynəlxalq müstəvidə yerini və rolunu əhəmiyyətli dərəcədə artırıb. Bu səbəbdəndir ki, beynəlxalq birlik Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul edir. bu reallıqlar isə Azərbaycanın liderliyi ilə regionu sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilməsinə hədəflənib. Bütövlükdə isə, qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin nurlu zəkası və onun müəyyənləşdirdiyi xarici siyasət konsepsiyası dayanır!

​​​​Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən

Xəbər lenti