Xocalı Soyqırımını “Unutmadıq, unutdurmayacağıq!”

Xocalı Soyqırımını “Unutmadıq, unutdurmayacağıq!”

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüskarı olduğu "Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Xocalı Soyqırımının 29-cü ildönümünə həsr olunmuş "Unutmadıq, unutdurmayacağıq!” adlı tədbir keçirilmişdir.

Real TV vasitəsilə canlı yayımlanan proqramda 1992-ci ildə Xocalıda soyqırımının şahidi olmuş və bu qətliamı lentə alaraq, bütün dünyaya göstərmiş tanınmış fotoqraf Reza Deqati, soyqırımı barədə o dövrdə xarici mətbuata məqalələr yazmış jurnalist Riçardas Lapaydis və Xocalı şəhidlərini daşıyan helikopterin pilotu Leonid Kravets gördükləri dəhşətli mənzərə barədə danışmışlar.

Xocalı sakini Valeh Hüseynov erməni silahlı birləşmələrinin mənfur hücumu və ailəsinə qarşı törədilən qətliam, həmçinin 27 günlük erməni əsirliyində onunla birlikdə yüzlərlə azərbaycanlının başına gələn işgəncələrdən danışıb.

Proqram XİN Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva və hüquqşünas, millət vəkili Erkin Qədirlinin "Beynəlxalq Hüquq və Xocalı Soyqırımı” mövzusunda müzakirə paneli ilə davam edib. Natiqlər regionda davamlı sülhün təmin olunması naminə cinayətkarların məsuliyyətə cəlb olunması, beynəlxalq ictimaiyyət tərəfindən Xocalı dəhşətinin soyqırımı kimi tanınmasının vacibliyi və bu istiqamətdə dövlət tərəfindən atılan addımlara toxunublar.

Həmçinin, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov "Xocalıya ədalət!” kampaniyası haqqında məlumat verərək, soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində atılan addımlar və əldə olunan nailiyyətlərdən danışıb. Bu xüsusda, Xocalı həqiqətlərinin təbliğində gənclərin hər zaman olduğu kimi yenə də fəal şəkildə iştirakının vacibliyi qeyd olunub.

Tədbiri sosial şəbəkələrdə və televiziya vasitəsilə minlərlə insan izləyib.

Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmiş "Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının məqsədi Xocalı soyqırımı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib. Kampaniyanın fəaliyyəti nəticəsində dünyanın 17 ölkəsi, ABŞ-ın 24 ştatı və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamələr qəbul edilib.

 

Sözügedən tədbirin izləmə linkini təqdim edirik:

 

https://fb.watch/3UVc7SEQXa/








Xəbər lenti