Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri

Xocalı: Tarixə Qayıdış adlı Anım tədbiri

25 fevral 2021-ci il tarixində Xocalı soyqırımının 29-cu il dönümü ilə əlaqədar Azərbaycanlı Tələbə və Məzunlar Platforması (ASAP) və Böyük Qayıdış İctimai Birliyinin təşkilatçılığı ilə virtual seminar keçirilmişdir. Tədbir Xocalı faciəsinin qurbanlarını yad etmək, eləcə də bu faciənin insanların həyatında qoyduğu dərin izləri xatırlamaq və Xocalının müasir gənclər üçün nə demək olduğunu başa düşmək məqsədilə baş tutmuşdur.

Tədbir Xocalı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlamışdır. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov əvvəlcə birinci Qarabağ müharibəsinin nəticələri və Xocalı faciəsi haqqında danışmış, daha sonra isə 44 günlük müharibə nəticəsində ərazilərimizin işğaldan azad olunması və qələbəmizdən söhbət açaraq bunun ölkəmiz üçün nə demək olduğunu iştirakçılarla bölüşmüdür. Keçmiş köçkün olan millət vəkili həmçinin gənclərin 2-ci Qarabağ müharibəsindəki fəallığı, Xocalı soyqırımın həm ölkəmizdə, həm də xaricdə təbliği ilə bağlı görülən işlərdə gənclərin rolunu vurğulamışdır. Daha sonra çıxış edən ADA Universitetinin professoru Gülməmməd Məmmədov müharibə ilə bağlı öz təcrübələrini bölüşmüş və məcburi köçkün kimi yaşadığı çətinlikləri, təhsil almaq üçün çəkdiyi əziyyətləri gənclərə anlatmışdır.

Tədbir çərçivəsində, həmçinin, Milli Qəhrəman Tofiq Hüseynovun qızı, Xocalı şahidi Əfsanə Ələkbərova Xocalı ilə bağlı xatirələrini tədbir iştirakçılarına danışmış, dəhşətli əzablardan keçərək sağ qaldığı və heç vaxt unuda bilməyəcəyi Xocalı soyqırımının təbliğatı və tanıdılması üçün gənclərin fəaliyyətinin vacib olduğunu bildirmişdir. Daha sonra çıxış edən 2-ci Qarabağ müharibəsinin qaziləri gənclərə öz tövsiyələrini vermiş və vətən uğrunda döyüşərək Xocalının qisasının döyüş meydanında alındığından söhbət açmışlar. Tədbir maraqlı sual-cavab sessiyasından sonra yekunlaşmışdır.

 




Xəbər lenti