“Zər qədrini zərgər bilər”

“Zər qədrini zərgər bilər”
"Dövlət göstərdi ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur.” Bu sözləri Prezident İlham Əliyev 9 iyunda 3 modul tipli xəstəxana komplekslərinin açılışı zamanı çıxışında səsləndirdi. Ölkə başçısı nitqində dövlətin Azərbaycan vətəndaşına verdiyi ölçüyəgəlməz dəyərdən danışdı. Faktlarla, görülən və görülməkdə olan işlərlə. Hansı ki, heç bir "sinəsinədöyən”, inkişaf etmiş ölkə pandemiya dövründə bunun heç yarı faizini etmədi vətəndaşı üçün.

Son 4 ay ərzində cəmi 30 ildir müstəqillik əldə edən ölkə isə hünər işlər gördü. Qısa bir xronologiya keçim deyərdim, amma qısa bir müddət ərzində görülən işlər o qədərdir ki... Çalışacağam görülən işlərin və qazanılan uğurların hər birini qısa cümlələrlə ifadə edim.

Beləliklə, artıq 4 modul tipli xəstəxananın açılışı oldu, təxminən ayın sonuna qədər daha 6 belə xəstəxana istifadəyə veriləcək. Bu 10 xəstəxananın 4-ü özəl sektorun vəsaiti hesabına inşa edilir. Hələ ki, bu xəstəxanalara ehtiyac olmasa da məqsəd ən kritik vəziyyətə hazır olmaqdır. Pandemiya üçün ən qabaqcıl xəstəxanalar ayrıldı. Ən çətin vəziyyətə hazırlıq üçün yeni laboratoriyalar alındı. Hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Tibbi avadanlığın, dərman preparatlarının alınması kimi işlərə dövlət böyük vəsait ayırdı. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibb müəssisələrində müalicə alır. Çox ölkələrdə xəstəliyi simptomsuz keçirənləri xəstəxanalara qəbul etmirlər, evdə müalicə alırlar. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz bütün yoluxanlara tibb müəssisələrində xidmət göstərilməsidir. Karantin şəraitində qalan vətəndaşlar üçün dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb, onlar 4-5 ulduzlu otellərdə yerləşdirilib. Qrafik üzrə minlərlə insan xaricdən təxliyə edilir. Xüsusi portal yaradılıb və Azərbaycana qayıtmaq istəyən vətəndaşlar bu portalda qeydiyyatdan keçərək növbə ilə ölkəyə gətirilirlər. Qısa müddət ərzində 2 tibbi maska müəssisəsi fəaliyyətə başladı. Dezinfeksiya vasitələri, həkimlər üçün xüsusi geyimlər, kombinezonlar artıq Azərbaycanda istehsal olunur. Təsadüfi deyil ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb, həm də dəfələrlə. Məhdudlaşdırıcı dövr ərzində çətin vəziyyətə düşmüş vətəndaşların, sahibkarların maddi məsələlərinin həllinə 3,5 milyard manat vəsait ayrıldı. Prezidentin təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və bura Prezidentin ehtiyat fondundan 20 milyon manat vəsait ayrıldı. Sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ bu gün 100 milyon manatı ötüb. Bu bir daha onu göstərdi ki, xalq çətin dövrdə həmrəydi. Heydər Əliyev Fondu və digər ictimai təşkilatlar, sahibkarlar bu dövrdə maddi vəziyyəti aşağı olan insanlara humanitar yardım göstərdi və bu proses indi də davam edir.

Azərbaycan beynəlxalq müstəvidə də məsuliyyətli rol aldı. Beynəlxalq arenada Azərbaycanın təşəbbüsü ilə iki Zirvə görüşü keçirildi. Qoşulmama Hərəkatının Zirvə görüşündə 120 ölkə təmsil olundu. 55 ölkəni özündə birləşdirən Afrika İttifaqı Qoşulmama Hərəkatının tədbirinə ilk dəfə idi qoşulurdu. Azərbaycan liderlik göstərərək dünyanı birləşdirdi və qəbul edilmiş bəyannamədə xüsusi rolu yüksək qiymətləndirildi. Azərbaycanın BMT Baş Assambleyasının COVID-19 ilə bağlı xüsusi sessiyasının keçirilməsi təklifini Qoşulmama Hərəkatının üzvləri yekdilliklə dəstəklədilər. Bütün bunlar ölkənin beynəlxalq imicinə növbəti töhfə oldu. Azərbaycan müraciət edən 14 ölkəyə fərdi qaydada humanitar yardım göstərdi. Bundan əlavə ÜST xətti ilə yardıma ehtiyacı olan 15 ölkəyə də kömək əlini uzatdı. Azərbaycan ÜST-ə fərdi qaydada iki dəfə ianə verdi. Pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri oldu və sairə və ilaxır...

Bəli, Azərbaycan bu qədər işləri cəm bir neçə ay ərazində gördü. Beynəlxalq arenada həm siyasi, həm iqtisadi, həm də sosial sahədə güclü dövlət kimi özünü göstərdi. Göstərdi ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur. Prezident Bilgəh qəsəbəsində modul tipli xəstəxana açılışında bir daha qeyd etdi bunları. Bildirdi ki, bu dövr ərzində 150-dən çox ölkə beynəlxalq maliyyə qurumlarına yardımla bağlı müraciət edib. Azərbaycanın adı isə bu siyahıda yoxdur. Azərbaycan heç kimdən yardım almır, yardım istəmir. Ancaq yüksək texnoloji layihələrin həyata keçirilməsi üçün kredit, o da bizə məqbul olan şərtlərlə.

Son 16 il ərzində ölkədə 700-dən çox tibb müəssisəsi ya yenidən tikilib, ya da əsaslı təmir edilib. Bu güclü sosial səhiyyə infrastrukturu hazırki vəziyyətdən şərəflə çıxmağa imkan verib. Azərbaycan bütün parametrlər üzrə liderlik göstərib. Səhiyyə sistemi həmişə etalon hesab edilən, əhali sayı bizimlə təxminən eyni olan bəzi inkişaf etmiş ölkələrdə koronavirusdan on minə yaxın insan həyatını itirib. Azərbaycanda isə sadəcə yoluxanların sayı 8 minə qədərdir. Prezident çıxışında bildirdi ki, iki yol vardı - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. İnsanların sağlamlığı həmişə birinci yerdə olub və dövlət bunun iqtisadi fəallığa mənfi təsirini bilərəkdən məhdudlaşdırıcı addımlara gedib. Ölkə başçısı xüsusilə qeyd edib ki, insanların həyatı qiymətsizdir, bu günə qədər və bundan sonra da dövlət üçün əsas amil insanların təhlükəsizliyi, sağlamlığı olacaqdır.

Əlbəttə ki, itkilər də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə müsbət nəticə də olur. Prezidentin ünvanına hər gün bütün rayonlardan, bütün kateqoriyalara aid olan insanlardan yüzlərlə məktub yazılır. Mətbuatda dərc edilən bu məktublarda görülmüş işlərə yüksək qiymət verilir. Ataların bir sözü lap yerinə düşür - "Zər qədrini zərgər bilər!”

Bu günə qədər görülən işlər və nəticələri məhz dövlət siyasətinin təzahürünü əks etdirir. Azərbaycan müstəqilliyinin üstünlükləri də elə budur. 30-a yaxın ölkəyə humanitar yardım göstərən Azərbaycan bu bəla ilə təkbaşına, məharətlə, peşəkarlıqla, təmkinlə, ləyaqətlə mübarizə aparır.


Təranə Paşayeva

"LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri , Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İB-nin sədri

Xəbər lenti