17-ci Qrant Müsabiqəsinin qalibləri ilə görüş keçirilib

17-ci Qrant Müsabiqəsinin qalibləri ilə  görüş keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun 14 aprel - 15 may 2023-cü il tarixlərində keçirdiyi 17-ci qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib.
12 oktyabr tarixində Gənclər Təşkilatlarının Resurs Mərkəzində təşkil edilən görüşdə 77 qalib gənclər təşkilatının sədr və nümayəndələri iştirak edib.  
Görüşdə iştirak edən Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov qalib gənclər təşkilatlarını təbrik edərək həyata keçirəcəkləri layihələrin ölkə gənclərinin və vətəndaş cəmiyyətinin inkişafında birbaşa faydalı olacağına və icra ediləcək layihələrin davamlı xarakter daşıyacağına inandığını dilə gətirib.
Tədbirdə iştirak edən gənclər təşkilatları ilə icra edəcəkləri layihələrin gənclər üçün faydalılıq əmsalının yüksəldilməsi istiqamətində müzakirələr aparılıb, fikirləri dinlənilib və ünvanlanan suallar cavablandırılıb.
Qeyd edək ki, müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin reallaşdırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə yönəlmiş layihələri dəstəkləmək, habelə gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclər təşkilatlarının layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır.
Fondun Müşahidə Şurasının qərarına əsasən 17-ci qrant müsabiqəsinin nəticəsi olaraq yerli layihələr üzrə 71, beynəlxalq layihələr üzrə isə 6 layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilib.
Görüşün yekununda layihə qalibi olan gənclər təşkilatlarının nümayəndələri bir daha təbrik edilib və xatirə fotosu çəklilib. 
 
 





 

Xəbər lenti