"Aksiyanın böyüməsində maraqlı qüvvələr həmişə olur" - DEPUTAT ŞƏRH ETDİ

"Ümumiyyətlə qeyd edim ki, hər bir xalqın həssas olduğu xüsusi mövzular var. İdarəçiliyi həyata keçirən dövlət qurumları da istənilən ölkədə bu cür məsələləri daim nəzərə alırlar". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşən Musayev deyib.
 
Onun sözlərinə görə, Gürcüstanda məlum gərginliyin konkret qanun layihəsi ilə bağlı olduğu söylənilir: "Amma bu söylənilənlər nə qədər doğrudur və ya məsələnin daha dərin qatlarında başqa nüanslar, məqamlar varmı, yoxmu, orasını söyləmək çətin məsələdir. Çünki məlum aksiya spesifik xarakter daşıyır. Tələb konkretdir və səslənən şüarlar arasında digər istiqamətlərə rast gəlinmir".

Deputat sözlərinə davam edərək bildirib ki, bir məqamı xüsusi vurğulamaq lazımdır: "İxtiyari bir ölkədə vəziyyətin qızışmasında, aqressiyanın böyüməsində maraqlı qüvvələr həmişə olur. Təbii ki, söhbət əsasən kənar qüvvələrdən gedir. Hətta mümkündür ki, həmin qüvvələr təşkilatçılıq eləməsinlər, amma gedişatda, məsələ böyüyəndə prosesə qoşulsunlar. Qısası, hər şey mümkündür. Fəqət, ən azından indiki halda ehtimaldan o yana keçmir".

Xəbər lenti