“Ali Baş komandan yüksək tribunadan bir daha bəyan etdi ki, Azərbaycan sülh danışıqlarına sadiqdir” – TƏHLİL

“Ali Baş komandan yüksək tribunadan bir daha bəyan etdi ki, Azərbaycan sülh danışıqlarına sadiqdir” – TƏHLİL

7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı İlham Məmmədov söyləyib.


 

"Möhtərəm cənab prezident İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında çıxış edib. Dövlət başçısının bu çıxışı bütün dünyaya Azərbaycanın qalibiyyətinin ifadəsi idi.

Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxladığı 30 il ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icra olunmamasına, beynəlxalq təşkilatların öz öhdəliklərini layiqincə yerinə yetirməməsini vurğulayan Prezident Azərbaycan xalqının beynəlxalq hüququ öz gücü ilə bərpa etməsini xüsusi olaraq qeyd etdi. Eyni zamanda Ermənistan silahlı qüvvələri tərəfindən şəhərlərimizin, kəndlərimizin, mədəni və dini abidələrimizin, məscidlərimizin məqsədli şəkildə dağıdılması, təhqir və talan edilməsi xatırladıldı. Beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozan bu vandalizmi dünyaya çatdıran ölkə rəhbəri Birinci Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşının itkin düşdüyünü, onların əksəriyyətinim işgəncələrə məruz qalaraq öldürüldüyünü bildirərək, erməni vəhşiliyinin tam şəkildə real təsvirini yaratdı.

Müzəffər ali baş komandan daha sonra işğaldan azad edilmiş iki kənddə kütləvi məzarlıqlarla bağlı Ermənistanın beynəlxalq hüquq qarşısında törətdiyi cinayətlərə görə cavab verməli olduğunu bildirdi. Ölkə başçısı haqlı olaraq bugünə kimi itkin düşmüş hesab edilən və əsirlikdə saxlanılan soydaşlarımızla bağlı rəsmi İrəvanın heç bir məlumat vermədiyini təəssüflə qeyd etdi. Prezident İlham Əliyev fikirlərinin davamında götürdüyü öhdəliyə əməl etməyən işğalçının minalanmış ərazilərin dəqiq xəritəsini bu vaxta qədər Azərbaycana təqdim etmədiyini də diqqətə çatdırdı.

Ermənistanın torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində bu ərazilərdə bir milyondan çox mina basdırıldığı ehtimal olunur. Ermənistanın mənfur mina siyasətinin nəticəsində İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Bir çox minaların müharibə başa çatdıqdan sonra basdırılması haqda konkret faktlar da var ki, bu da Ermənistanın terrorist dövlət olduğunu təsdiqləyir.

Bütün bunlara baxmayaraq Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz gücü hesabına genişmiqyaslı quruculuq işləri aparır və artıq "Böyük Qayıdış” həyata keçirilməkdədir. Otuz illik işğal dövründə ərazilərin xaraba qoyulmasının əksinə olaraq, Azərbaycanın qısa müddət ərzində böyük layihələr həyata keçirməsi, geniş yol infrastrukturunun qurulması bu torpaqlara əsl sahiblərinin geri gəlməsi deməkdir.

Dövlət başçısı ölkəmizin hər zaman sülh tərəfdarı olduğunu bəyan edərək, qarşı tərəfin bu gün də müxtəlif təxribatlarla sülh prosesinə əngəl olduğunu diqqətə çatdırıb. Belə təxribatlardan biri də cari ilin sentyabr ayında həyata keçirilib və Azərbaycan Silahlı Qüvvələri tərəfindən layiqincə cavablandırılıb.

Ali Baş komandan yüksək tribunadan bir daha bəyan etdi ki, Azərbaycan sülh danışıqlarına sadiqdir, amma suverenliyimizə, ərazi bütövlüyümüzə qarşı istənilən təxribata vaxtında layiqli cavab veriləcək. Bundan sonra da hər hansı təxribata görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Cənubi Qafqazı inteqrasiya olunmuş əməkdaşlıq məkanına çevirmək üçün çalışır və buna nail olacaq.

Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında prezident İlham Əliyevin çıxışı geniş ictimai müzakirəyə səbəb oldu.

Bir neçə gün bundan əvvəl Praqada baş tutan dördtərəfli görüşdə Azərbaycan xoş münasibət göstərərək Fransanın bu görüşdə iştirakına razılıq verdi. Amma Fransa prezidenti cəmiyyəti çaşdırmağa hesablanmış qərəz və kin dolu bəyanatlar ilə çıxış etdi. Ölkəmizin başçısı Azərbaycanı dəhşətli müharibədə ittiham edən Makrona siyasi dərs keçdi. Prezident Qarabağın bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanındığını, beynəlxalq hüquqdan istifadə edərək ərazi bütövlüyümüzü təmin etdiyimizi vurğuladı və bu qərəzin fonunda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Fransanın bundan sonra hər hansı rolunun mümkünsüzlüyünü ifadə etdi.

Azərbaycan Prezidenti növbəti dəfə qalib xalqın qalib prezidenti kimi bütün dünyaya Azərbaycan və Qarabağ həqiqətlərini çatdırdı. Dövlət başçısı dünyada söz sahibi olan ölkə rəhbərləri arasında qarşıya qoyulan məqsədlərə nail olan və qətiyyətli lider kimi söz sahibidir.”

"Prezident İlham Əliyev Astanada çox ciddi mesajlar verdi”

"Astanada, MDB Dövlət Başçıları Şurasının iclasında möhtərəm Prezidentimiz İlham Əliyevin söylədiyi mükəmməl nitq bir çox əhəmiyyətli məqamlarla yadda qaldı. Dövlət başçısı Azərbaycan həqiqətlərini növbəti dəfə hər kəsin diqqətinə çatdırdı və eyni zamanda bir çox ciddi məsələlərlə bağlı öz fikirlərini bölüşdü.

7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.


"Bəli, reallıq budur ki, 30 il davam edən erməni işğalı dönəmində bir beynəlxalq təşkilat irəli duraraq ortalığa ciddi mövqe qoymadı, ermənini dalana dirəmədi. ATƏT-in Minsk Qrupu isə məlum prosesdə demək olar, tamamən fəaliyyətsiz qaldı.

Elşən Musayev fikirlərinə davam edib: Beynəlxalq Təşkilatlar heç indi də nəsə etmək iqtidarında deyillər. Daha dəqiq desəm: marağında. Olsaydılar, Ermənistana, Paşinyanabaşa salardılar ki, bölgədəki sabitlik üçün sülh müqaviləsini imzalamaq lazımdır. Amma başa sala bilmirlər. Daha doğrusu çox güman ki, heç buna cəhd belə etmirlər. Ona görə də Ermənistan öz artistliyinə, yalanlarına, təxribatlarına, mina terroruna davam edir. Fransa kimi dövlətlər isə utanmadan, qızarmadan bu terrorçulara, vandallara dəstək verir. Hərgah, həmin dəstəyi Makron elə 44 günlük müharibədə də Paşinyana vermişdi. Amma nəticəsi oldumu? Nəsə əldə edə bildilərmi? Xeyr. Çünki ədalət bizim tərəfimizdə idi. Çünki güclü olan tərəf biz idik. Çünki haqlı olan tərəf biz idik. Qəhrəman Azərbaycan Ordusu qısa müddət ərzində düşməni rəzil günə qoydu, əzəli torpaqlarımızı işğaldan azad etdi. Və hətta demək olar ki, Paşinyan həmin müharibəni elə Makron qardaşı ilə birlikdə uduzdu. Ona görə də hesab edirəm, bu iki qardaş həmin məğlubiyyətdən dərs çıxarmalı, bundan sonrakı hərəkətlərində və danışıqlarında daha məsuliyyətli olmalıdırlar”

 

Mənsur Mustafayev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İstiqamətin kodu 6.3.4

 

Xəbər lenti