"ATƏT-in Minsk qrupunun özü utanıb proseslərə qoşulmamalıdır" - Elşən Musayev

ATƏT-in Minsk qrupu fəaliyyət göstərdiyi dövrdə münaqişənin həlli ilə bağlı hər hansı bir irəliləyişə nail ola bilmədi, əksinə, öz səmərəsiz fəaliyyəti ilə münaqişənin həllinin uzun illər ləngiməsinə səbəb oldu. Bu gün artıq Azərbaycan öz gücü hesabına münaqişəni həll edib. Münaqişə həll edildiyi üçün Minsk qrupu da artıq tarixə çevrilib.


Məsələ ilə bağlı Milli Məclisin deputatı Elşən Musayev bildirib ki, ATƏT-in Minsk Qrupunu yenidən aktivləşdirmək, diriltmək, dirçəltmək cəhdləri yaxşıya doğru heç nə vəd etmir və edə də bilməz.

"Çünki bu təsisat 30 il ərzində öz üzərinə düşən missiyanı, öhdəlikləri daşıya bilmədi, sadəcə yerində saydı və olduqca uğursuz fəaliyyəti ilə yadda qaldı. Halbuki ortalıqda BMT-nin qətnamələri vardı, beynəlxalq hüquq vardı, Azərbaycanın ədalətli mövqeyi vardı. Əldə bu qədər əsas, sübut varkən nəyəsə nail oldumu, həmin qrup? Nəsə elədimi? Ermənistana açıq şəkildə təzyiq, təpki göstərdimi? Eləmədi. Heç nə eləmədi. Elə ancaq gedib-gəldilər, baxdılar, gördülər. Fəqət mövqe bildirmədilər. Üzdə saxta sülhpərvərlik nümayiş etdirərək prosesi daha da dərinə doğru apardılar. Nəticədə isə müharibə oldu və Azərbaycan məhz öz gücünə əzəli torpaqlarını işğaldan azad etdi. Müharibə isə ona görə oldu ki, ATƏT-in Minsk Qrupu da daxil bir çox beynəlxalq təşkilatlar həmin 30 il ərzində Ermənistana məlum həqiqəti anlatmadılar ki, işğalçılıq siyasətindən əl çəkmək lazımdır. Ya anlatmadılar, ya da anlatmaq həvəsində olmadılar”, - deyə deputat qeyd edib.


O bildirib ki, indi isə artıq münaqişə bitib. "Qarabağ öz sahibindədir və belə bir məqamda ilk öncə ATƏT-in Minsk qrupunun özü utanıb proseslərə qoşulmamalıdır. Yəni, hansısa dövlət hətta buna cəhd etsə belə ilk öncə özü oturub düşünməlidir ki, mən 30 ildə bir işə yarımadım, bundan sonra ortalıqda var-gəl etmək, məsləhət vermək ayıb olar. Ona görə də birmənalı şəkildə qeyd etmək istəyirəm: ATƏT-in Minsk Qrupu hazırkı şərtlər daxilində prosesə heç bir fayda verə bilməz. Onların faydalılıq əmsalı sıfıra bərabərdir. Gedib başqa işlərlə məşğul olsunlar. Özlərinə ayrı məşğuliyyət tapsınlar. Biz bu qrupun nağıllarına bələdik. Həmin nağıllardan doymuşuq. Azərbaycan xalqının və dövlətinin belə etibarsız, faydasız vasitəçiyə ehtiyacı yoxdur”, - deyə o qeyd edib.

Xəbər lenti