Azay Quliyev Bosniya və Herseqovina Prezidenti ilə görüşüb

Azay Quliyev Bosniya və Herseqovina Prezidenti ilə görüşüb
ATƏT Parlament Assambleyasının Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev daxili və regional prosesləri müzakirə etmək məqsədi ilə mart ayının 8-10 tarixlərində Bosniya və Herseqovinada hökumət rəsmiləri, parlamentarilər və siyasi partiyaların nümayəndələri ilə bir sıra görüşlər keçirib.

7NEWS.Az xəbər verir ki, ATƏT PA-nın xüsusi nümayəndəsi A. Quliyev Bosniya və Herseqovinanın Prezidenti Şefik Cafaroviç, spikeri Koviç, Xarici işlər naziri Turkoviç, Seçki hüququ islahatı üzrə qurumlararası işçi qrupunu təmsil edən siyasi partiyaların nümayəndələri ilə görüşüb.
Deputat həmçinin, İnsan hüquqları və qaçqınlar naziri, Bosniya və Herseqovina üzrə BMT-nin Ali nümayəndəsi, Polşa Respublikasının Bosniya və Herseqovinadakı səfiri və Bosniya və Herseqovinanın ATƏT-dəki missiyasının rəhbəri ilə görüşlər keçirib.

Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini ATƏT-in Bosniya və Herseqovina üzrə missiyasının rəhbəri, səfir Ketlin Kavalec müşayiət edib.

ATƏT PA-nın Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Qərbi Balkanlara ilk rəsmi səfərini məhz Bosniya və Herseqovinaya etməkdən məmnun olduğunu bildirib: "Yüksək səviyyəli görüşlər mənə bu ilin iyul ayında yekun hesabatımı hazırlayarkən qiymətləndirəcəyim çağırışları və region üçün perspektivləri yerində görmək imkanı verdi. Mən bütün tərəfləri və həmsöhbətləri Bosniya və Herseqovinanın maraqlarına uyğun olaraq çətinliklərin öhdəsindən gəlmək üçün dialoqa çağırdım. ATƏT Parlament Assambleyası Bosniya və Herseqovinaya üçün strateji əhəmiyyət kəsb edən məsələlərlə bağlı siyasi prosesləri asanlaşdırmağa hazırdır”

Görüşlərdə A. Quliyev son siyasi və təhlükəsizliklə bağlı proseslərin inkişafını, eləcə də Qərbi Balkanlarla əlaqədar baş verən siyasi proseslər barəsində daha geniş məsləhətləşmələr aparıb. Xüsusi nümayəndə oktyabrda keçiriləcək ümumi seçkilər ərəfəsində dövlət qurumlarının tam fəaliyyətinin bərpasının, eləcə də "Seçkilər haqqında” qanunda islahatların aparılmasının vacibliyinə toxunub. Qarşıdan gələn seçkilərlə bağlı Azay Quliyev təsdiqləyib ki, hakimiyyət tərəfindən dəvət olarsa, ATƏT Parlament Assambleyası Seçki Müşahidə Missiyasını Bosniya və Herseqovinaya göndərməyə hazırdır.

Digər müzakirə mövzularına regional əməkdaşlıq, barışıq və bərpa, eləcə də Qərbi Balkanların Avropaya inteqrasiya prosesini əhatə edib. Görüşlər zamanı bütün həmsöhbətlər bir daha təsdiqləyiblər ki, Avropa İttifaqına inteqrasiya prosesi Bosniya və Herseqovinanın əsas məqsədi və islahatların irəliləməsi üçün ən təsirli stimul olaraq qalır. ATƏT-in regionda mövcudluğunun əhəmiyyəti, xüsusilə də təşkilatın sahə fəaliyyətləri və geniş müzakirələr platforması, həmçinin ATƏT-in Bosniya və Herseqovinadakı Missiyasının ekspert məsləhətləşmələri və yardımları vasitəsilə yerli qurumlarla davam etdirdiyi mükəmməl əməkdaşlığı vurğulanıb.

Görüşlərdə Bosniya və Herseqovina təmsilçiləri Ukraynada gedən proseslərdən narahat olduqlarını bildiriblər. Onlar regional əməkdaşlığı gücləndirəcək və demokratik prosesləri inkişaf etdirəcək əməkdaşlıq və gələcəyə hesablanmış yanaşmanın vacibliyini vurğulayıblar.

Qeyd edək ki, Azay Quliyevin martın 8-dən 10-dək davam edən Bosniya və Herseqovina səfəri Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndə kimi mandatına uyğun ərazilərə ikinci səfəridir. Gələn ay Parlament Assambleyası aprelin 3-nə Serbiyada təyin edilmiş ümumi seçkiləri müşahidə edəcək və bu ilin sonunda xüsusi nümayəndə PA-nın iyulda keçiriləcək illik sessiyasından əvvəl Şimali Makedoniya, Monteneqro, Serbiya və Albaniyaya səfər etməyi planlaşdırır.

Xəbər lenti