Azay Quliyev: “Ermənistan QHT-ləri xalqı anarxist siyasətçilərin girovluğundan qurtarmağa çalışmalıdırlar” – MÜSAHİBƏ

Azay Quliyev: “Ermənistan QHT-ləri xalqı anarxist siyasətçilərin girovluğundan qurtarmağa çalışmalıdırlar” – MÜSAHİBƏ
ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda ABŞ-ın Prinston Universitetinin dosenti Maykl Reynoldz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə sualında xatırladıb ki, "90-cı illərin sonunda Azərbaycanda belə bir fikir var idi ki, vətəndaş cəmiyyəti və QHT-lər münaqişə başa çatdıqdan sonra etimadın gücləndirilməsi baxımından işlər görə bilər. Bu mənada vətəndaş cəmiyyətləri sülhün möhkəmləndirilməsi və regionda yeni baxışla bağlı hansı rol oynaya bilər?”.

Prezident İlham Əliyev cavabında bildirib ki, vətəndaş cəmiyyətləri bu proseddə mühüm rol oynaya bilərlər: "…Beynəlxalq təşkilatlar, xüsusilə də münaqişədən sonrakı dövrdə barışıq və münasibətlərin normallaşdırılması, habelə etimad quruculuğu tədbirləri sahəsində təcrübəsi olanlar daha fəal ola bilərlər. Bu işdə QHT-lərin rolu böyük ola bilər və Azərbaycan bu məsələdə QHT-lərlə çalışmağa hazırdır”.

Milli Məclisin deputatı, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev mövzu ilə bağlı Turkustan.info-nun suallarını cavablandırıb.

-Azərbaycanda QHT-lərlə işləyən müvafiq dövlət qurumunun rəhbəri kim bu məsələyə münasibətiniz – Azərbaycan vətəndaş cəmiyyəti arasında bu mövzuda əhval-ruhiyyə nə yerdədir? Və sizcə, erməni QHT-ləri sülh və etimad mühitinin yaranmasında iştirak etməyə hazırdırmı? Azərbaycan QHT-ləri öz tərəflərlərindən sülh prosesə hansı töhfəni verə bilər?

– Bəli, möhtərəm cənab Prezident "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda haqlı olaraq bildirdi ki, Ermənistan vətəndaş cəmiyyətinin çox az sayda nümayəndəsi var ki, onlar Azərbaycanla sülh şəraitində normal qonşuluq, qarşılıqlı əməkdaşlıq barəsində danışa bilsin. Çünki, bu cür fikirlər səsləndirənlər nəinki təqiblərə, hətta fiziki hücumlara da məruz qalırlar. Amma buna baxmayaraq erməni və Azərbaycan xalqları arasında birbaşa dialoqun qurulmasında QHT-lərin iştirakının böyük potensialı var. Ermənistan QHT-ləri, eyni zamanda Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhün bərqərar olunmasında maraqlı olan beynəlxalq təşkilatlar, QHT-lər erməni cəmiyyətinin yeni dövrə uyğunlaşaraq revanşist hisslərdən yaxa qurtarmasına yardımçı ola bilərlər. Çünki hər hansı bir revanş cəhdi ilk növbədə Ermənistanı tam fəlakəti deməkdir və inanmıram ki, İkinci Qarabağ savaşında "Dəmr Yumruğun” nəyə qadir olduğunu görən erməni cəmiyyəti revanşist çağırışlara ciddi yanaşsınlar. Dərin sosial, iqtisadi və siyasi böhran keçirən Ermənistan üçün hazırda yeganə optimal yol xəstə "miatsum” ideyasından əl çəkərək bütün qonşularla sülh və əməkdaşlıq münasibətləri qurmaqdır. Bu işdə Ermənistan QHT-ləri hesab edirəm ki, öz cəmiyyətlərinə və vətəndaşlarına doğru yol göstərməli, onları anarxist siyasətçilərin girovluğundan xilas etməyə çalışmalıdırlar.

O ki qaldı Azərbaycan QHT-lərinin regionda sülh yaratma prosesində iştirakına, deməliyəm ki, psixoloji cəhətdən bu o qədərdə asan deyil. Bizim də hələ yaralarımız təzədir, biz yalnız ön cəbhədə torpaqlarımızı düşməndən azad edərkən şəhidlər verməmişik. Ermənistan Azərbaycanın Gəncə, Bərdə, Naftalan, Tərtər və digər yaşayış məntəqələrini atəşə tutaraq 100-dən çox dinc, silahsız vətəndaşımızı, o cümlədən də uşaq və qadınları qətlə yetirib. Xocalıda xalqımıza qarşı əsrin soyqırımını törədiblər. Lakin bununla yanaşı, biz qalib xalqın nümayəndəsi kimi regionun sonrakı inkişafında Azərbaycanın lider rolunu nəzərə alaraq, gələcəyə baxmağı bacarmalıyıq. Torpaqlarımızı işğaldan azad etdikdən sonra Cənubi Qafqazda sülhün və təhlüksəziliyin bərqərar olmasında ən çox maraqlı olan ölkə bizik. Ona görə də Azərbaycan QHT-ləri bölgənin gələcək rifahı və əmin-amanlığı üçün öz üzrələrinə düşən missiyanı yerinə yetirməli, bu məqsədlə müxtəlif təklif və təşəbbüslərlə çıxış etməidir. Xarici QHT-ləri və beynəxalq təşkilatları da bu mühüm prosesə cəlb etməli və onların potensialından faydalanmalıdır.

– Bir dövr aktiv olan Ermənistan-Azərbaycan Sülh Platformasının aqibəti necə oldu? Bu Platforma qeyd olunan məsələlərdə aktiv rol ala bilərmi?

-30 oktyabr 2017-ci ildə Tbilisi şəhərində Ermənistan və Azərbaycanın bir sıra vətəndaş cəmiyyəti institutları qurultay keçirərək Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması təsis etmişdi. O zaman Sülh Platformasının işğala son verilməsi və sülhün yenidən bərpa olunması üçün hər iki xalqa və ölkə rəhbərlərinə müraciətləri olmuşdu. Amma Ermənistan rəhbərliyi bu müraciətləri cavablandrımamışdı. Platformanın hazırkı fəaliyyəti haqqında isə məlumatım yoxdur.

– İşğal dövründə tərəflərin vətəndaş cəmiyyətlərini müxtəlif formatlarda bir araya gətirən, barışıq mühiti yaratmağa çalışan Qərb institutlarının müharibədən sonra bu yöndə hər hansı təşəbbüsləri hiss olunmur. Sizcə, səbəbi? Və sözügedən institutlar bu sahədə hansı işlər görə bilər?

– Müxtəlif səbəbləri göstərmək olar. Ancaq bunların arasında nisbətən praqmatik hesab oluna biləcək səbəblər haqqında müəyyən ehtimallar irəli sürmək mümkündür. Ola bilər ki, Qərb institutlarının regionda yaranan yeni reallığa uyğunlaşması üçün bir qədər vaxt tələb olunur. Onlar hazırda regionda gedən prosesləri ətraflı şəkildə öyrənmək üçün müşahidələr aparırlar və araşdırmalar aparırlar. Ancaq hesab edirəm ki, Azərbaycanın ərazi bütövlüyünə hörmət edən, beynəlxalq hüququn prinsiplərini qoruyan və regionda davamlı sülhün bərqərar olunmasına, yeni əməkdaşlıq formatının yaranmasına maraq göstərən QHT-lərin və beynəlxalq qurumlarla hərtərəfli əməkdaşlıq etməyə hazırıq. Xüsusilə, bu qurumların azad olunmuş şəhər və rayonların yenidən bərpası, keçmiş məcburi köçkünlərin öz yerlərinə qayıtması, münaqişənin təsirinə məruz qalmış ərazilərdə yaşayan erməni vətəndaşlarımızın ölkənin iqtisadi, siyasi və hüquqi məkanına yenidən inteqrasiya olunması, regionda qalıcı sülhün əldə edilməsi, Ermənistanla Azərbaycan arasında beynlxalq hüquq normalarına uyğun münasibətlərin qurulması istiqamətində təklif və təşəbbüsləri bizim üçün ayrıca önəm kəsb edir və belə təkliflər olarsa onları müzakirə etməyə hazırıq. Bu prosesin aparıcı qüvvəsi QHT-lər ola bilər.

– Hələ torpaqlarımızın işğalda olduğu dövrdə Qarabağda yaşayan erməni milliyətindən olan vətəndaşlara aid QHT-lərin layihələrinə mümkün dəstəyin verilməsi imkanları haqda fikirləriniz olmuşdu. İndiki şəraitdə, bölgədəki erməni icmasının Azərbaycan cəmiyyətinə inteqrasiyasına yardım məqsədilə nəzəri baxımdan olsa da, belə dəstək təklifləri mümkündürmü?

– Azərbaycanda ənənəyə çevrilmiş və dövlət siyasətinin ayrılmaz hissəsinə çevrilən multikultral dəyərlər ölkəmizin vətəndaşı olan müxtəlif dini və milli icmalara göstərilən münasibətdə aydın şəkildə ifadə olunur. Şura ölkəmizin vətəndaşı olan müxtəlif milli icmaların QHT-lərinin layihələrinə davamlı maliyyə dəstəyi verir. Bu kontekstdə Azərbaycan vətəndaşı olan ermənilərin rəhbərlik etdiyi və ölkəmizin qanunvericiliyinə uyğun fəaliyyət göstərən QHT-lərin layihə təşəbbüsləri də dəstəklənə bilər. Bu əməkdaşlıq münasibətinin qurulması üçün isə həmin QHT-lər müvafiq hüquqi prosedurları keçərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmalıdırlar. Azərbaycanın Konstitusiya quruluşuna uyğun fəaliyyət göstərən, qanunlarımıza tabe olan erməni vətəndaşlarımızın rəhbərlik etdiyi QHT-lər cəmiyyətin inkişafına töhfə verə biləcək təşəbbüslərini ölkəmizin milli donorları, o cümlədən də Şura maliyyələşdirə bilər.

Xəbər lenti