Azərbaycan-ABŞ əməkdaşlığı qarşılıqlı inam və etimad əsasında inkişaf edir

Azərbaycan-ABŞ əməkdaşlığı qarşılıqlı inam və etimad əsasında inkişaf edir
Bu günlərdə ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Sənəddə iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olması dərin məmnunluq hissi ilə vurğulanmaqla bərabər, gələcəkdə əlaqələrin daha da genişlənəcəyinə dərin inam ifadə olunub.

Məktubda son illər Azərbaycanla ABŞ arasında hərtərəfli əlaqələrin, xüsusilə enerji sahəsində sıx əməkdaşlığın davamlı olaraq inkişaf etməsinin əhəmiyyəti vurğulanıb. Birləşmiş Ştatların dövlət başçısı bununla bağlı yazmışdır: "Ameri­ka Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq”.

Dünyanın super dövlətinin rəhbəri məktubda sonra bu günlərdə Bakı­da keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin bütün dünya üçün əhəmiyyətini vurğulayaraq qeyd edir ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir.

Ağ evin hazırkı sahibinin Azərbaycan dövlətinə, xalqımızın sevimli lideri İlham Əliyevin müdrik siyasətinə dərin inam və etimad bəsləməsi təsadüfi deyil. Bu gün Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə dünyanın sayılıb-seçilən ölkələrindən biridir. Azərbaycan müasir dünyanın çox az ölkələrindən biridir ki, son yarım əsrdə öz ərazi bütövlüyünü təmin edərək tarixi ədaləti bərpa edə bilibdir.

ABŞ-da hesab edirlər ki, çağdaş dünyada enerji təhlükəsizliyi ilə bağ­lı böyük məqsədlərə çatmaq üçün şaxələndirmə hazırda heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır. Məktubda məxsusi olaraq qeyd olunur ki, Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng po­tensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir.

Bəli, müstəqil ABŞ dövləti Azərbaycanın Avropanın və dünyanın enerji təhlükəsizliyinə verdiyi önəmli töhfənin fərqindədir. Prezident Co Bay­den bir daha vurğulayır ki, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Uk­rayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır.

Şübhəsiz ki, ABŞ-Azərbaycan münasibətləri təkcə enerji sektorunda­kı əməkdaşlıqla məhdudlaşmır. Daha geniş və daha rəngarəng sahələri əhatə edir. Buraya qlobal terrorizmə qarşı mübarizədən başlayaraq, elm, təhsil, insan hüquqları və azadlıq­ları da daxil olmaqla, hərbi–siyasi sahədə əməkdaşlığa qədər son dərəcə çoxşaxəli istiqamətlər daxildir.

İki ölkə arasında münasibətlərin ABŞ Prezidenti tərəfindən belə yüksək qiymətləndirilməsi Azərbaycan-ABŞ münasibətlərinin olduqca müsbət perspektivlərinin olduğunu nümayiş etdirir. Bu, hər iki dövlətin və xalqın xeyrinədir.

Azərbaycanın dünyada günbəgün artan nüfuzu dostlarımızı sevindirir, düşmənlərimizi xar edir. Azərbaycan-ABŞ arasında əməkdaşlığın genişlənməsinə mane olmaq istəyən qüvvələr isə öz niyyətlərinə heç vaxt çatmayacaqlar.

Azər VERDİYEV,

politoloq, Vətən müharibəsi iştirakçısı

Xəbər lenti