Azərbaycan ciddi təhlükəsizlik zəmanəti qazanıb – Reallığa adekvat siyasət

Azərbaycan ciddi təhlükəsizlik zəmanəti qazanıb – Reallığa adekvat siyasət
Rusiya-Ukrayna müharibəsi 7 gündür şiddətlə davam edir. Dünyanın hərbi və iqtisadi mənada çalxalandığı dövrdə Azərbaycanın yürütdüyü siyasətin uğurlu nəticələri göz önündədir.  

Hansı konteksdən izah etsək belə, 28 ildən sonra Qarabağı və ətraf ərazilərimizi Ermənistanın işğalından qurtarmaqla nəticələnən qələbənin şərəfli hadisə olduğunu təsdiqləyəcək, 44 gün içərisində qalibiyyət zirvəsinə ucalan ədalətin təntənəsini alqışlayacaq, yeni yolun bizi dinamik inkişafa apardığınının şahidi və iştirakçısı olduğumuzu bir daha yəqinləşdirəcəyik.  


Ukraynada yaşanan dəhşətləri görəndə, Qərbin və Avropanın təzyiqləri ilə üzləşən Rusiyanın hər mənada çox ağır böhrana düçar olduğunu biləndə Azərbaycanın hansı dərəcədə doğru və düşünülmüş siyasət yürütdüyü bir daha aydınlaşır. 

Ölkələrinə cavabdeh olan birinci şəxslərin müasir dövrdə pafosa, hisslərə söykənən addımları dövlətin və xalqın faciəsi ilə yekunlaşar. Təlatümlərdən sığortalanmaq qlobal və geosiyasi reallıqları nəzərə alaraq praqmatik səviyyədə ağılla verilən qərarlardan keçir. İstisnasız belə olduğunu Rusiyanın Ukraynaya hücum faktı təsdiqləyir. 
Kütlə psixologiyasının məhsulu həmişə acı və ziyanlı olur. Azərbaycan əbədi qələbəsinə nail olmaq üçün 28 il çarpışdı ki, o situasiya yetişsin. Son 18 ildəsə demək olar hər gün kütləvi düşüncənin təsirində belə deyirdik: "İşğaldakı torpaqlarımızı almağın zamanıdır”. Zamansa 2020-ci ilin 27 sentyabrında gəldi. Bir gün tez və ya bir gün gec ola bilməzdi. Müharibənin 10 noyabrda məhz 3 ölkə arasında Saziş imzalanması ilə bitməsi, Kəlbəcərin, Laçının, Ağdamın müharibəsiz qaytarılması, ordumuzun Xankəndinə girməməsi ən xırda detalına qədər riyazi dəqiqliklə hesablanmışdı. 
"Nəyi, nə vaxt, necə etməyi mən bilirəm” – Azərbaycan Prezidenti İlham Əliyevin fikridir. Azərbaycan sağ-salamatdır, mətindir, qururla yeriyir, azadlığa çıxardığı yurdlarını tikir, qurur, Böyük Qayıdışa hazırlıq gedir, islahatlar aparılır, şəxsi maraqlarını Vətən maraqlarından üstün tutanlar, tutmağa cəhd göstərənlər qətiyyətlə sıradan çıxarılır, onların yerinə dövləti düşüncəyə sahib olanlar gətirilir, beynəlxalq aləmlə effektli əməkdaşlıq davam edir. Ukraynasa, bütün dünyanın dəstəyinə baxmayaraq, məngənədə sıxılır. Vətən müharibəsində Azərbaycanın yanında yalnız Türkiyə var idi, qalib gəldik. Ukraynanın arxasında əksər ölkələr dayanıb, Rusiyaya ciddi embarqolar qoyulur, nəticə yoxdur. Azərbaycan xalqı Vətən müharibəsi başlayan gün qələbə xəbərləri ilə sevinirdi. Bir həftədir Ukraynada şiddətli döyüşlər başlayıb, nə işğalçı, nə də işğala məruz qalan tərəf sevinə bilir. 

Konkret, Azərbaycan 10 noyabr müqaviləsini imzalamaqdan imtina edərək Xankəndinə ordu yeritsəydi, Rusiyanın hərbi təzyiqi ilə üzləşə, ABŞ və Avropanın sanksiyalarına məruz qoyula, güllə atmadan qovuşduğumuz Kəlbəcərə, Laçına, Ağdama həsrət qala bilərdik.
 
Prezident İlham Əliyev bütün regional oyunçularla bərabərhüquqlu münasibətlər qurduğuna, qarşılıqlı öhdəlik və məsuliyyət sistemi formalaşdırdığına görə, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, mümkün geosiyasi kataklizmlər bizdən yan keçdi. 

Azərbaycan Qoşulmama Hərəkatına üzv olanda kütlə düşüncəsi bu seçimin ziyanlı olacağı qənaətini formalaşdırmağa çalışdı. Praqmatik düşüncəsə geri çəkilmədi, hazırda ölkəmiz Hərəkatın fəaliyyətdə olan sədridir. Dünyada gedən proseslərə həm də bu statusla üzərinə düşən öhdəliklər prizmasından yanaşır. Rəsmi Bakının Qərbə, Avropaya, o cümlədən Ukrayna və Rusiyaya olan münasibəti Qoşulmama Hərəkatının rəsmi səndlərindəki şərtlərlə tam üst-üstə düşür. 

Dövrün reallıqları nəzərə alınmaqla bütün qərarlar dərin siyasi təhlilə əsaslandığına, doğru proqnozlar müəyyənləşdiyinə, milli, dövləti maraqlar meyar seçildiyinə görə, Azərbaycanın siyasi avantüraya cəlb olunduğunu göstərən bir dənə fakt yoxdur. 

Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, həm Türkiyə, həm də Rusiya ilə rəsmən müttəfiqdir, həm də belə münasibətin qarşılığında ölkəmizin təhlükəsizliyi baxımından qazandığı zəmanəti qızıl zəmanət adlandırmaq mümkündür. 

Ceyhun Musaoğlu 

Xəbər lenti