Azərbaycan diaspor fəaliyyətinin aspektləri 1840-1991-ci illər işığında

Azərbaycan diaspor fəaliyyətinin aspektləri 1840-1991-ci illər işığında
Mürəkkəb bir yol keçən Azərbaycan diasporunun aspektlərinə nəzər salmaq həm tariximizə ekskurs etmək, həm də ictimai-siyasi hadisələrlə zəngin dövrlərə boylanmaqdır. Hələ keçən əsrlərdə İrəvanda, Tiflisdə, Dərbənddə azərbaycanlılar adət-ənənələrini, dini və milli mənsubiyyətini yaşadaraq divan və məclislər təşkil etmişlər.  

Gürcüstanın Tiflis, Qori kimi şəhərlərində yaşayan və təhsil alan böyük ziyalı ordusu Azərbaycan diasporunu formalaşdırırdı. Mirzə Şəfi Vazehdən dərs alan böyük dramaturqumuz Mirzə Fətəli Axundzadə, milli mətbuatımızın yaradıcısı, alim və pedaqoq Həsən bəy Zərdabi, "Molla Nəsrəddin” jurnalının qurucusu, yazıçı-dramaturq Cəlil Məmmədquluzadə, Şərqə opera bəxş edəcək nəhəng bəstəkar Üzeyir Hacıbəyli və qürur duyulası digər ziyalılarımız. Azərbaycanın tərəqqisi üçün mühüm işlər görürdülər...

Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu, Əhməd Cavad kimi böyük fikir adamları Türkiyədə daim Azərbaycan sevdası ilə yazıb-yaradır, soydaşlarımızı bir ideya ətrafında toplayırdılar. Başda İsmayıl bəy Qasprinski olmaqla Krım türklərinin "işdə, əməldə birlik” ideyası Azərbaycandan Misirə qədər geniş coğrafiyanı əhatə edirdi. 

Ötən əsrin əvvəllərində professor Bəkir Çobanzadə Türkiyədə, Krımda, İsveçrədə, əsasən də Macarıstanda yaşadığı dövrdə nəşr etdiyi "Şərq” qəzeti vasitəsi ilə Azərbaycançılıq məfkurəsini yaymağa çalışırdı. 

Azərbaycandakı siyasi dəyişikliyi düşünən Mustafa Kamal Atatürkün təşəbbüsü ilə təxminən 100 il öncə Qafqaza səfər edən Sivaslı İsmayıl Berkök Paşa və ədəbiyyatçı Mustafa Burbay azərbaycanlılarla müxtəlif görüşlər keçirir. Qonşu və qardaş ölkədə gördüklərinin əsasında "Kafkaziya Hatıraları” kitabını yazırlar.  

İrəvandan, Tiflisdən, Dərbənddən təhsil ardınca Avropaya, xüsusi ilə  Almaniya, Fransa, Rusiya və Türkiyəyə yollanan Şaxtaxtinski, Topçubaşov, Xanlarov, Hüseynov, Orucov, Əliyev, Köçərli, Axundov kimi azərbaycanlı gənclər oxuduqları ali məktəblərdə Azərbaycan adına mühüm işlər görməyə çalışırdılar. 

Avropanın müxtəlif ölkələrində mükəmməl təhsil görmüş gənclərin Şərqdə qurduqları ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyəti çox təəssüf ki, cəmi 23 ay fəaliyyət göstərdi. Bolşevik Rusiyasının işğalı ilə barışmayan Cümhuriyyət qurucularının bir qismi mühacir həyatı yaşamağa məcbur oldu. Həmin dövrdə ilk diaspor cəmiyyətlərini qurmaqla təsəlli tapdılar. Ə.B.Topçubaşov və Ceyhun Hacıbəyli Parisdə, M.Ə.Rəsulzadə isə Berlində məskunlaşan tələbələri bir araya gətirərək, dərnəklər qurmağa başladılar. Berlində qısa zaman kəsiyində məşhur olan bakılı yazıçı Məhəmməd Əsəd bəy və Parisdə yazıçı Ümmülbanu öz əsərləri ilə o dövrdə cərəyan edən hadisələri təsvir edib Avropa oxucularına həqiqətləri çatdırırdılar.

1930-cu ildə Berlində nəşr olunan "Die Aserbaidschanische Republik” kitabının müəllifi soydaşımız Hilal Münşi Əsəd bəyi Azərbaycan cəmiyyətindən çox digər cəmiyyətlərlə əlaqə saxlamaqda suçlaması təəssüfedici yanaşma idi.  

Ancaq həyatının son günlərini İtaliyanın Pozitano şəhərində keçirən yazıçını Azərbaycan adına gördüyü işlər ev sahibi professor Romolo Ercolinonun xatirə kitabında ətraflı qeyd olunub.  
Paris, Berlin, Varşava şəhərləri XX əsrin əvvəllərində soydaşlarımızın daha çox məskunlaşan məkanlar olduğundan Polşada General Plisutskinin və heyətində olan azərbaycanlı zabit Yadigar bəy, Cahangir bəy Kazımoğlunun da təşəbbüsü ilə yaranan "Prometey” təşkilatı Azərbaycandan kənardakı soydaşlarımız üçün sanki körpü rolu oynayırdı. 

Əsasən Amerikanın Nyu Cersi ştatında məskunlaşan azərbaycanlılar diaspor quruculuğunda fəallıq göstərərək "Azərbaycan evi” və müsəlman məscidini açmağa nail oldular. Amerikada babalarının missiyasını bu gün də şərəflə davam etdirən Tomris Azərinin fəaliyyəti, qəlbindəki Azərbaycan sevdası hər cür ehtirama layiqdir.

Amerikada uzun illər Azərbaycan diasporunu layiqincə təmsil edən türk ləhcəsi ilə danışan Züleyxa xanım Əsədullayevanı rəhmətlə anırıq. 2002-ci ilin yayında gözlərini əbədi yuman Züleyxa xanımın son mənzili doğma Bakının qədim Əmircan (Xilə) kəndi oldu.  

Okeanın o tayında hər zaman qəlbi Azərbaycanla döyünən Cefri Verbaxa da minnətdarlıq etmək lazımdır. Cefrinin 70-ci illərdə xoş bir təsadüf nəticəsində rastlaşdığı dağıstanlı yaşlı musiqişünas ona tar, kamançanın sirlərini öyrətməklə Azərbaycan musiqisini sevdirdi. Ötən bu illər ərzində Cefri Azərbaycanın gözəl təbliğatçılarından, səmimi dostlarından birinə çevrilib. 
XX əsrin ortalarından Ankarada fəaliyyət göstərən "Azərbaycan Kultur Dərnəyi” isə mərkəz rolunu oynayaraq əsasən Türkiyədə məskunlaşan soydaşlarımızın inanc yeri idi. Türkiyədə nəşr olunan "Odlu Yurt”, "Azərbaycan” jurnalları vasitəsi ilə əhəmiyyətli məqalələr dərc olunurdu. Dərnəyin qurucuları Məmməd Əmin Rəsulzadə, xanımı Vanda Rəsulzadə, Həmid Ataman, Rəsul Ünsal, Mustafa Vəkilov, Əbdüləli Əmircanov, Məhəmməd Kəngərli və başqalarının xidmətləri danılmazdır. Türkiyənin Elaziğ bölgəsində yaşayan Azərbaycanlı şair Yilmaz İldırımın vətənpərvər şeirləri mühacirət həyatı yaşayan soydaşlarımıza təsəlli verirdi.

Orta Asiya ölkələrində, əsasən Buxara, Səmərqənd və Bişkekdə, azərbaycanlıların fəaliyyəti ötəri xarakter daşıyırdısa, Aşqabadda görkəmli ictimai xadim Salman Mümtazın simasında diaspor fəaliyyəti qəzet və jurnallarda dərc olunan məqalələrdə öz əksini tapırdı. 

XX əsrin ortalarında şair Maqsud Şeyxzadənin Daşkənddəki yaradıcılığının nəticəsində Cilarqan məhəlləsində yaşayan çoxsaylı azərbaycanlılar təşkilatlanmışdılar. İstedadlı şairin qələmə aldığı "Daşkəndnamə” əsəri isə özbək xalqının sevimli dastanlarından biri kimi bu gün də dillər əzbəridir. 

İraqda Mosul və Kərkükdən Türkmən qardaşlarımızın arzularını bizlərə catdıran şair, Türkmən mədəniyyət mərkəzinin rəhbəri Əbdül Lətif Bəndəroğlunun professor Qəzənfər Paşayevlə birgə xidmətləri daim yaddaşlardadır. 

XX əsrdə Azərbaycanın adına şöhrət qazandıran Landau (Rusiya), Lütfizadə (ABS), Fərman Salmanov (Rusiya) kimi görkəmli alimlər uğurlu ixtiraları ilə tarix yazmağı bacardılar.  
Təkcə Fransada deyil, dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızla əlaqələrin qurulmasında təcrübəli diplomat böyük Azərbaycan ziyalısı Ramiz Abutalıbovun xidmətləri ölçüyə gəlməzdir. Xüsusi ilə Sovetlər dönəmində, sərt qadağalar zamanı Ramiz bəy əsl vətəndaşlıq qeyrəti göstərərək soydaşlarımızı tapır, onların yaradıcılığını tədqiq edirdi. Sevinirik ki Ramiz bəy bu gün də sıralarımızdadır. 

Fransanın Strasburq Universitetinin müəllimi Şirin xanım Məlikova Azərbaycan həqiqətlərini fransız cəmiyyətinə çatdırmaqda böyük əmək sərv edir.  

Sadalanan aspektlərin fonunda Bakıdakı mitinqlərin ardından ayağa qalxan Naxçıvan sakinləri İranla sərhədə toplaşaraq, o taylı qardaş və bacılarına səsləndilər. Azərbaycanın görkəmli şairi Məhəmməd Hüseyn Şəhriyarın "Heydər baba” poemasının sədaları, Cavad Heyətin "Varlıq” jurnalının var olması, Yaqub Zurufçunun ifasında "Ayrılıq” mahnısı Ərdəbilə, Urmiyəyə, Əndəbilə, Təbrizə və Tehrana səs salaraq, sevinc göz yaşları ilə müşahidə olunurdu.

Diaspor xəritəmizdə Almaniyanın özünəməxsus yeri var. "Azadlıq” radiosunda çalışan Məcid Musazadənin rəhbərliyi ilə "Azərbaycan Birliyi” və tərəfimizdən təsis olunan Alman-Azərbaycan Cəmiyyəti Köln şəhərində diaspor fəaliyyətini sözdə yox əməldə göstərib. 

1989-cu ilin yanvarında Almaniyaya səfərim zamanı Köln şəhərinin Karolinger küçəsində yerləşən iri hərflərlə yazılmış "AZƏRBAYCAN Kafesi” sözləri inanılmaz bir mənzərə idi. Orada əslən Göyçə mahalından olan babam kimi danışan şəxslərlə tanışlığım ikiqat həyacana çevrildi. Sanki möcüzə ilə rastlaşmışdım. Geriyə döndükdə rastlaşdığım məqamlar barədə  AzTV-yə müsahibə verərək soydaşlarımızın sayqılarını ictimaiyyətə çatdırmışdım.  

1990-ci ilin yayinda İstanbuldan Azərbaycana təşrif buyurmuş Azərbaycan cəmiyyətinin sədri Nihat Çətinqaya özü ilə müstəqil Azərbaycanın bayrağı və atributunun həkk olunduğu əşyaları gətirərək Yazıçılar Birliyində azadlıq aşıqlərinə təqdim etmişdir. 

Azadlıq aşiqləri Elçibəy, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Şirməmməd Hüseynov, Xudu Məmmədov, Rüstəm Əliyev, Sabir Rüstəmxanlı və digər ziyalılarımız xalqın arasında olmaqla, gələcəyi daha aydın görürdülər.

1990-cı ilin yayında Nihat Çətinkaya ilə Almaniyadan Azərbaycana səfər etmiş diaspora fəalı Xalis Tezelin Bakı görüşü onların İqdırda uşaqlıq arzularının məntiqi nəticəsi idi. 

Müstəqilliyə gedən yolda xarici ölkələrdə cəmiyyətlərin, dərnəklərin yaranması soydaşlarımızın istəyi idi. Istəklərdən doğan arzular çin oldu. 1991-ci ildə müstəqil Azərbaycan Respublikası elan olunaraq üçrəngli bayrağımız millətlər arasında öz imzasını atdı. 

Düşünürəm tariximizin bir parçası olmuş azərbaycanlıların mühacir həyatları onların cəmiyyətlərə verdikləri töhfələr alim və mütəxəssislər tərəfindən araşdırılaraq toplanan mənəvi xəzinə əsasında diasporun aspektlərini ictimaiyyətə daha da rəngarəng təqdim edəcəklər. 

Çingiz Abdullayev
Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor

Xəbər lenti