Azərbaycan könüllüləri Malatyada uşaqlar üçün çadırlar qurublar - FOTO

Azərbaycan könüllüləri Malatyada uşaqlar üçün çadırlar qurublar - FOTO
Türkiyədəki zəlzələdən zərər çəkənlərə kömək məqsədi ilə qardaş ölkəyə yollanan Azərbaycan könüllüləri ötən gün Kahramanmaraş, Hatay, Adıyaman ilə yanaşı, ilk dəfə Malatya şəhərində də yerli sakinlərə xidmət ediblər.

Artıq 10 gündən çoxdur ki, təbii fəlakət bölgələrindəki çadır şəhərciklərində çalışan könüllü gənclərimiz minlərlə zərərçəkmiş şəxsə, habelə həssas vəziyyətdəki yüzlərlə uşağa xidmət edirlər.

Qeyd edək ki, mütəmadi olaraq Azərbaycan könüllüləri zərərçəkmiş bölgələrdəki müxtəlif məntəqələrdə qida, geyim, dərman və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanması işini icra edir, zərərçəkmiş şəxslərə səyyar şəkildə su və isti içkilər paylayır, müxtəlif ərazilərdə yerləşən məhəllələrə yardımlar çatdırır və digər dəstəkverici xidmətləri göstərirlər. Könüllülər həmçinin ucqar kəndlərə səfər edərək humanitar fəaliyyətlərin həyata keçirilməsində fəal şəkildə iştirak edirlər.

Eyni zamanda, gündəlik olaraq Azərbaycan gəncləri zəlzələdən zərər çəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə uşaqlar üçün çadırların quraşdırılmasını təmin edirlər. Belə ki, ötən gün Malatyada çadırlar qurularaq, ana-uşaq dəstək mərkəzi kimi istifadəyə verilib. Bununla yanaşı, azərbaycanlı könüllülər tərəfindən təbii fəlakət zamanı keçirdikləri sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün yüzlərlə uşağa qayğı və psixoloji dəstək xidməti də göstərilir, uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif oyunlar və digər növ fəaliyyətlər təşkil olunur. Belə ki, ötən gün ilk dəfə uşaq mərkəzlərinin birində uşaqlara kino və cizgi filmlərinin göstərilməsi üçün şərait yaradılıb.

Həmçinin qeyd edək ki, könüllülərimizin növbəti qrupu ötən gün qardaş ölkənin zəlzələdən zərər çəkmiş bölgələrinə yola düşüb.
 


 


Xəbər lenti