Azərbaycan könüllüləri zəlzələ bölgəsindəki zərərçəkən ailələrin və uşaqların qayğısına qalırlar - FOTO

Azərbaycan könüllüləri zəlzələ bölgəsindəki zərərçəkən ailələrin və uşaqların qayğısına qalırlar - FOTO
kiyədəki zəlzələdən sonra qardaş ölkəyə yardım məqsədi ilə yollanan azərbaycanlı gənclər yerli sakinlərin ən böyük dəstəkçilərindən birinə çevriliblər. Azərbaycanlı könüllü gənclər harada onların dəstəyinə ehtiyac varsa, dərhal həmin düşərgələrə, çadırlara, səyyar məntəqələrə, habelə ucqar kəndlərə gedir, yerli sakinlərə humanitar fəaliyyətlərin çatdırılmasında fəal şəkildə iştirak edirlər.

Eyni zamanda Azərbaycan könüllüləri fəlakətdən zərər görmüş bölgələrdəki çadır şəhərciklərində, eləcə də ucqar kəndlərdə yaşayan ailələrə mütəmadi olaraq qida, geyim, dərman, gigiyenik vasitələr və müxtəlif yardımlar paylayır, zəlzələdən zərər çəkən ailələrin qayğısına qalırlar.

Zəlzələdən ən çox təsirlənənlərin uşaqlar olduğunu nəzərə alaraq, azərbaycanlı könüllülər uşaqları daim diqqətdə saxlayır, türkiyəli həmkarları ilə birlikdə onların inkişafı üçün müxtəlif fəaliyyətlər həyata keçirirlər. Belə ki, gənclərimiz üç həftədir fəlakətdən zərər görmüş Kahramanmaraş, Hatay, Adıyaman və Malatya bölgələrindəki çadır şəhərciklərində yaşayan həssas vəziyyətdəki uşaqlara xidməti davam etdirirlər.

Könüllülərimiz zərərçəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə xüsusi çadırlar quraşdırır, habelə təbii fəlakət zamanı keçirdikləri sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün uşaqlara qayğı və psixoloji dəstək xidməti göstərir, eləcə də uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif oyunlar və digər əyləncəli-maarifləndirici fəaliyyətlər təşkil edirlər. Həmçinin gənclərimiz tərəfindən "uşaq və ana mərkəzi” kimi fəaliyyət göstərən çadırlar qurulur və bu mərkəzdə uşaqlara və analarına xidmət göstərməklə yanaşı, uşaqlara kino və cizgi filmlərinin göstərilməsi üçün də şərait yaradılır.

Qardaş ölkədəki bu çətin günlərdə zəlzələdən zərər çəkənlərə xidmət etmək, ailələrə dəstək göstərmək, xüsusilə də travma almış uşaqların qayğısına qalmaq, onların qəlblərini isitmək çox vacib bir missiyadır. Gənclərimizin həmin bölgələrdə xidməti müddətində Azərbaycan könüllülərilə həm yerli sakinlərin, həm də çoxsaylı yüksək səviyyəli rəsmilərin şəxsən görüşərək onlara minnətdarlıq etmələri, gənclərimizin zəlzələ bölgəsindəki fəaliyyətini yüksək qiymətləndirmələri könüllülərimizin bu şərəfli missiyanı uğurla həyata keçirdiklərinə və Azərbaycan xalqını qardaş ölkədə yüksək səviyyədə təmsil etdiklərinə dəlalət edir.
 
 
 

 

 

 

 

Xəbər lenti