“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində fəaliyyətlər davam edir

“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində fəaliyyətlər davam edir
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən "Azərbaycan Könüllülük Həftəsi 2023” Ümummilli Liderin gənclərə ünvanlandığı dəyərli tövsiyələrə əsaslanan "Vətənpərvərlik”, "Təhsil və Elm”, "İdman və Sağlamlıq”, "Mədəniyyət” və "Mənəvi Tərbiyə” kimi istiqamətlərlə fəaliyyətini davam etdirir.
"Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində "Vətənpərvərlik” istiqaməti üzrə sonuncu "Zəfərin İZi ilə” layihəsi həyata keçirilib. Könüllülərimiz Zəngilan rayonunun Ağalı, Cəbrayıl rayonunun isə Cocuq Mərcanlı kəndini ziyarət edərək, məktəb şagirdləri üçün könüllülük haqqında məlumatlandırma sessiyaları təşkil ediblər. Ümumilikdə 40 nəfərdən ibarət könüllünün iştirakı ilə 14-17 yaş arası şagirdlərə könüllü fəaliyyətinin əsasları, fərqli istiqamətlərdə könüllülük, könüllülüyün ölkəmizdəki inkişafı, könüllü təşkilatları və onların fəaliyyət dairəsi ilə əlaqədar məlumatlar verilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb. Könüllülük fəaliyyətindən danışılarkən Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclərin, könüllülərin Vətən müharibəsi dövründə böyük şücaət və qəhrəmanlıq göstərərək möhtəşəm Zəfərdə böyük pay sahibi olduqları xüsusi olaraq vurğulanıb.
İnfosessiyadan dərhal sonra könüllülərimiz "Nə? Harada? Necə?” formatında intellektual oyun oynayıblar. İrəliləyən dəqiqələrdə gənclərimiz müxtəlif könüllü fəaliyyətlərə cəlb olunaraq ərazidə yaşayan sakinlərə gündəlik həyat fəaliyyətlərində müxtəlif yardım və dəstək göstəriblər. 
"Azərbaycan Könüllülük Həftəsi 2023” başladıqdan bu günədək "Könüllü Ol” layihəsi üzrə artıq 3 universitetdə görüş keçirilib. Görüş çərçivəsində universitetin müxtəlif kurslarında təhsil alan tələbələrə könüllü fəaliyyətləri ilə bağlı ətraflı məlumat verilib.
Qeyd edək ki, "Azərbaycan Könüllülük Həftəsi 2023” Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, "ASAN xidmət"in dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilir.
 
 











Xəbər lenti