Azərbaycan Respublikasının Baş Prokurorluğunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü qeyd edilib

Azərbaycan Respublikasının Baş Prokurorluğunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü qeyd edilib
Mayın 6-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda müasir Azərbaycanın xilaskarı və qurucusu, müstəqil dövlətimizin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Azərbaycan Prokurorluğunun tarixində Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını önünə əklil və gül dəstələri qoymuş, əbədiyaşar liderin əziz xatirəsini dərin ehtiramla yad etmişlər.

Bundan sonra tədbir iştirakçıları Azərbaycan Prokurorluğunun tarix muzeyində ümummilli lider Heydər Əliyevə həsr olunan yeni guşənin açılışında iştirak etmişlər.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev dünya miqyaslı siyasi təfəkkürə, zəngin və qətiyyətli idarəçilik bacarığına, ən çətin vəziyyətlərdə belə tükənməz əzm və qüdrətə malik Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan və məharətli dövlətçilik təcrübəsindən bəhs etmiş, görkəmli dövlət xadiminin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla dalğalanmasını diqqətə çatdırmışdır.

Baş prokuror qeyd etmişdir ki, Azərbaycan xalqına və millətinə əvəzsiz xidməti həyatının məqsədi və mənası kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin, azərbaycançılıq məfkurəsinin formalaşdırılması və möhkəmləndirilməsi, eləcə də ölkəsinin rifahı uğrunda mübarizə meydanında olmuş və millətinə rəhbərlik etmişdir. Bu yolda çoxsaylı maneələrin yaradılması, dəfələrlə planlaşdırılan terror və sui-qəsd cəhdləri ilə üzləşməsinə baxmayaraq, Heydər Əliyev öz uzaqgörənliliyi, siyasi müdrikliyi, əyilməz iradəsi və qətiyyəti, ən əsası – milli ümumxalq həmrəyliyi nəticəsində müstəqil Azərbaycanı hazırki və gələcək nəsillər üçün qoruyub saxlamış və müasir inkişaf yoluna çıxarmışdır.

Bildirilmişdir ki, müstəqil Azərbaycan Respublikasının mühüm dövlət qurumlarından biri olan prokurorluq orqanlarının beynəlxalq tələblərə və standartlara uyğun formalaşaraq əhəmiyyətli statusunun müəyyən edilməsi və son nəticədə dövlətçiliyin maraqlarına xidmət edən bir təsisat kimi idarəçilik sistemində öz layiqli yerini tutması Heydər Əliyevin müdrik siyasəti, onun mütəmadi qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur.

Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabr ayının 1-nin respublikamızda prokurorluq orqanları əməkdaşlarının peşə bayramı günü elan olunmasının prokurorluq orqanlarının fəaliyyətinə verilən yüksək qiymətin təcəssümü kimi dəyərləndirildiyi, prokurorluğun kollektivinin fəaliyyətinə verilən yüksək diqqət və etimadı səmimi minnətdarlıq duyğuları ilə qarşıladığı, xalqımıza ləyaqətlə xidmət göstərdiyi qeyd edilmişdir.

Xüsusi vurğulanmışdır ki, Heydər Əliyevin doğma xalqına ən böyük xidməti ölkənin dinamik strateji inkişaf meyarlarını müəyyən etməklə yanaşı özündən sonra həmin konsepsiyanı müstəsna peşəkarlıqla həyata keçirməyə qadir, səmərəli fəaliyyəti nəticəsində ölkəmizi beynəlxalq arenada qabaqcıl dövlət olaraq tanınmasına nail olmuş, həyata keçirdiyi komleks islahatlarla respublikamızın daimi tərəqqisini təmin edən, Ulu Öndərin özü qədər inanıb-güvəndiyi görkəmli və qətiyyətli siyasi lider İlham Əliyev kimi davamçı hazırlaması olmuşdur.

Tədbirdə Milli Məclis sədrinin 1-ci müavini Əli Hüseynli, Milli Məclisin deputatları Nizami Səfərov, Məlahət İbrahimqızı və Kamal Cəfərov, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev və digər şəxslər çıxış edərək dahi lider Heydər Əliyevin qətiyyətli mübarizəsi nəticəsində Azərbaycanın müstəqilliyini əldə olunmasından sonra ölkədə aparılan hərtərəfli iqtisadi, sosial, hüquqi dövlət quruculuğu və digər sahələrdəki  islahatlardan,  müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində ulu öndərin əvəzsiz rolundan bəhs edib.

Daha sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş prokurorluq əməkdaşları və prokukurorluğun veteranları  arasında keçirilmiş şahmat turnirinin qalibləri, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunan Ulu Öndərin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş dövlət orqanları arasında mini futbol turnirində iştirak etmiş prokurorluq əməkdaşları təltif olunmuşlar.

Tədbirin işinə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluğun kollektivi adından hər bir prokurorluq işçisinin daim Heydər Əliyev ideyalarına sadiq qalaraq onun unudulmaz xatirəsini əziz tutacağına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yeni müstəvidə davam etdirilən islahatların həyata keçirilməsində öz xidmətlərini göstərəcəyinə əminliyini bildirmişdir.

Sonda ümummilli liderin xatirəsinə həsr olunmuş "Böyük şəxsiyyət...3 ştrixdə” adlı sənədli film nümayiş etdirilmişdir.

Xəbər lenti