Azərbaycana qarşı sanksiya hədəsi boşa çıxdı

Azərbaycana qarşı sanksiya hədəsi boşa çıxdı
Avropa Birliyinin rəsmisi Cozep Borrelldən ermənilərə cavab: "Başqa nə etməyimizi istəyirsən?”
 "Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinə müşahidə missiyası göndərməyə hazırdır, lakin bunun üçün onlara Bakının da razılığı lazımdır, bu isə mümkün deyil”. Bunu Avropa Parlamentində qurumun vitse-prezidenti, beynəlxalq əlaqələr üzrə ali komissarı Cozep Borrell deyib. "Biz sərhəddə Avropa İttifaqının vasitəçilik missiyasını yerləşdirməyi təklif etdik. Ermənistan razılaşdı, Azərbaycan razılaşmadı. Başqa nə etməyimizi istəyirsən? Biz hər iki tərəfin razılığı olmadan Aİ qoşunlarını göndərə bilmərik”, - deyə Borrell bildirib.  Borrel onu da deyib ki, Avropa İttifaqı Azərbaycana qarşı sanksiyalar, o cümlədən qaz müqaviləsinin ləğvi və ya dondurulması məsələsini nəzərdən keçirmir.

"Azərbaycan bizə həqiqətən də yanacaq verir, daha doğrusu, satır - milyardlarla kubmetr qaz və bu il imzalanmış saziş sayəsində biz həcmləri əhəmiyyətli dərəcədə artıracağıq - 8-12 milyard kubmetr. Sizi əmin edə bilərəm ki, bunun müqabilində heç bir siyasi güzəşt edilməyib, Avropa Komissiyasının sədri şəxsən bu sövdələşmə ilə bağlı danışıqlar aparmaq üçün Azərbaycana gedib. Bu addım bu qış avropalıların çox ehtiyac duyduğu enerji resurslarını əldə etmək imkanı verəcək”, - Borrell bildirib.

Ermənilər xüsusilə "Qisas” və sərhəddə baş verənlərdən sonra beynəlxalq aləmdəki dəstəkçi dövlətlərdən Azərbaycana qarşı sanksiyaların tətbiqini önə çıxarıblar. Erməni lobbisi də bu işə ciddi dəstək verir. Sanksiya ilə bağlı sərsəm ideyanı ABŞ Konqresindəki ermənipərəst deputatlar da dilə gətiriblər. Amma indi Avropa Birliyinin əsas məmurlarından olan Borrell Ermənistan diplomatiyasının və ermənipərəst qüvvələrin arzusunu gözündə qoydu.

Elşən Musayev: Azərbaycan cəmiyyəti dövlətimizin başçısının humanist qərarını alqışlayır - AZƏRTAC
Elşən Musayev 

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev  dedi ki, ermənilərin Avropa Parlamentində qaldırmaq istədiyi hay-küy imitasiya xarakteri daşıyır: "Bu yırtıcılar yenə yazıq görkəm alıb kimlərisə inandırmağa çalışırlar ki, guya Azərbaycan tərəfindən Ermənistan ərazilərinə müdaxilə olub.  Qurumun vitse-prezidenti Cozef Borrell də ermənilərin istəklərini, arzularını gözündə qoydu. Əsas da Edmon Marukyanın. Bilirsiniz ki, Marukyanın rəhbərlik etdiyi partiya erməni lobbisinin istəklərini Avropa Parlamentində dilə gətirmişdi və Azərbaycana qarşı sanksiya arzusunda idilər. Eyni zamanda Qərb şirkətlərinin Azərbaycandan çıxması və sərhədə Avropa İttifaqının müşahidə missiyasının göndərilməsi ilə  bağlı təşəbbüs qaldırmışdılar. Amma Borrell açıq şəkildə bildirdi ki, bizim sərhədə qoşun yığmaq ixtiyarımız yoxdur. Təkcə arzu-filan yox ha, həm də  məhz ixtiyarımız! Üstəlik, Borrell xüsusi vurğu ilə qeyd etdi ki, Azərbaycan Avropanın çox ciddi enerji tərəfdaşlarından biridir və bu məqam onlar üçün xüsusi önəm daşıyır.

Sadəcə, məsələnin mahiyyəti və düşündürücü tərəfi bilirsinizmi nədir? Bu söhbət əslində heç ötəri şəkildə belə Avropa Parlamentində müzakirə mövzusu olmamalı idi. Marukyan və digərləri tamamən cavabsız qalmalı idi, bu dələduzların hansısa mənasız sualına və təşəbbüsünə elə reaksiyasızlıq, etinasızlıq göstərilməli idi ki, tamam pərt olsunlar, yerlərini bilsinlər. Niyə? Çünki erməni vandalların 30 illik işğalı boyunca heç belə şərhlər yox idi, beynəlxalq təşkilatların səsi çıxmırdı, o boyda BMT qətnamələri cavabsız qalmışdı. Qarabağ həmin 30 ildə viran günə qoyulub. Müzakirə mövzusu elə hazırda da bu olmalıdır! Mədəni irsimiz məhv edilib - bundan danışılmalıdır. Erməni təzminat ödəməli, hərbi tribunal qarşısında cavab verməlidir - bundan danışılmalıdır. Edillidə kütləvi məzarlıq tapılıb, ermənilərin törətdiyi vəhşilik üzə çıxıb - bundan danışılmalıdır. Yəni danışılacaq çox şey var və həmin danışılması lazım və vacib olan mövzuları bir kənara qoyub əvəzində erməni sərsəmlərin nağıllarına şərh verməyə - özü də Avropa İttifaqının vitse-prezidenti səviyyəsində - həqiqətən ehtiyac yoxdur". 

Rusiyanın Azərbaycana böyük ehtiyacı var
Rəhim Əhmədzadə

AĞ Partiya başqanının müavini, siyasi ekspert Rəhim Əhmədzadə bütün bunların daha çox Azərbaycanın günü-gündən daha da güclənməsindən qaynaqlandığını düşünür: "Avropa əgər son həddə Azərbaycan və Ermənistan arasında qalsa, şübhəsiz maraqları naminə Azərbaycanı seçər. Lakin  Ermənistanı tamamən özündən uzaqlaşdırmaq da maraqlarına uyğun deyil. Bunun  bir neçə səbəbi var. Ermənistanın Qərbdən  uzaqlaşması yenidən Rusiyaya yaxınlaşması ilə nəticələnəcək. Digər tərəfdən də günü-gündən güclənən Azərbaycan var. Azərbaycanın güclənməsi, Türkiyənin regionumuzda daha sağlam addımlar atması, gələcək Türkiyə-Azərbaycan, hətta Rusiya müttəfiqliyi avropalıların ən son arzulayacağıdır. Avropalıların arzusu odur ki, zəif, hər kəsin dediyi ilə oturub-duran Azərbaycan olsun. Həm təbii resurslarını istismar edək, həm də istədiyimiz anda - istər Ermənistan məsələsində, istərsə də digər məsələlərdə bizi özlərinə tabe etsinlər. Cozef Borrellin də açıqlamalarından məlum olur ki, onlar dillema qarşısında qalıblar. Lakin görünən odur ki, Azərbaycanın uğurlu diplomatiyası ermənilərin məyusluğuna səbəb olur. Azərbaycan bu qətiyyətli mövqeyində israrlı olmalıdır”.
Təhminə - Kənan Novruzov yazır

Kənan Novruzov 

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov dedi ki, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər heç də pis səviyyədə deyil: "Əksinə, xüsusilə qaz təminatı ilə bağlı olaraq, əlaqələrimizdə yeni, daha da dinamik mərhələnin başlandığını deyə bilərik. Elə buna görə də Avropa İttifaqı artıq Qarabağ barədə danışmamalı, rəsmi Bakının "Qarabağ bizim daxili işimizdir" mövqeyinə hörmətlə yanaşmalıdır. Ermənistan-Azərbaycan sərhədinə beynəlxalq müşahidəçilərin gətirilməsinə ehtiyac yoxdur. Bu, gələcəkdə bizim regionla bağlı siyasətimizə mane ola bilər. Aİ ilə münasibətlər bizim regional və beynəlxalq siyasətimiz üçün ciddi üstünlükdür. Marukyanın fikirlərinə gəldikdə isə deməliyəm ki, bu, bəyanatdan başqa bir şey deyil. Onlar həmişəki xislətlərinə uyğun davranırlar. Əlbəttə, ABŞ Konqresindəki deputatların bu mövqeyi dəstəkləməsi bizim üçün təəccüblü deyil. ABŞ obyektiv olsa idi, 30 il ərzində, Minsk Qrupunun fəaliyyəti dövründə əməli addımlar atardı. Əslində indi bizim dost və düşmənlərimizi ayırmaq, onları tanımaq üçün yaxşı fürsət yaranıb. Azərbaycan regionun əsas siyasi aktoru olmaqla yanaşı, həm də qlobal siyasi proseslərə istiqamət verən gücə çevrilib. Bizimlə əməkdaşlıq etmək, tərəfdaş olmaq istəyənlər mütləq reallığı anlamalı, obyektiv davranmalı, mövqeyimizə hörmət etməlidir"./Yeni Müsavat

Xəbər lenti