"Azərbaycanda artıq belə bir inzibati ərazi vahidi yoxdur və olmayacaq" - Deputat

7NEWS.az xəbər verir ki, bu sözləri millət vəkili Sahib Alıyev Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamaya münasibət bildirərkən deyib: "Ukraynadakı "özəl əməliyyat"larında 4 general və minlərlə əsgərlə yanaşı  Rusiyanın Müdafiə və Xarici İşlər Nazirliyindəkilər görünür reallıq hissini də  itiriblər. Əks təqdirdə onlar Azərbaycan ordusuna bizim öz torpağımızda  necə davranmaq lazım gəldiyini diqtə etməyə qalxmazdılar. 
Moskvadakılar "Dağlıq Qarabağın hərbi birləşmələri"nə zərbə endirilməsindən narazılıqlarını bildirirlər ki, soruşmaq  ayıb olmasın, söhbət hansı "Dağlıq Qarabağ"dan gedir? Azərbaycanda artıq belə bir inzibati ərazi vahidi yoxdur və olmayacaq. 
Oradakı hərbi birləşmələrə gəldikdə, Rusiyaya Qarabağın haylar yaşayan hissəsinə "sülhməramlı"  yeritməyə bir şərtlə izn verilmişdi ki, onlar ləğv edilsin. Eyni zamanda üçtərəfli bəyanatda  Ermənistan ordusunun tör- töküntülərinin də Qarabağdan tam çıxarılmaları əksini tapıb ki,  bu da unudulub. Ona görə də Azərbaycan tərəfinə sözü gedən sənədi xatırladanlar, yaxşı olardı ki, öncə orada Rusiya hərbi kontingentinin üzərlərinə götürdükləri öhdəliyə niyə əməl etməmələrinə aydınlıq gətirsinlər."
7NEWS.az

Xəbər lenti