Azərbaycanda yerli heyvan genefondunun qorunması üçün təlimatlar və “Mobil yem kalkulyatoru” tətbiqi hazırlanıb

Azərbaycanda yerli heyvan genefondunun qorunması üçün təlimatlar və “Mobil yem kalkulyatoru” tətbiqi hazırlanıb
"Yerli heyvan genefondunun növlərinin qorunması və saxlanması, şəcərə xətti üzrə qiymətləndirilməsi (bonitrə) təlimatları” və "Mobil yem kalkulyatoru” tətbiqinin təqdimatı keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, müxtəlif iri heyvandarlıq komplekslərinin nümayəndələri, heyvandarlıq üzrə mütəxəssislər, fermer və sahibkarlar iştirak edib.  

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin "Heyvandarlığın təşkili və monitorinqi” şöbəsinin müdiri Eldar Həsənov "Azərbaycanın yerli genefondları və yerli iqlim şəraitinə uyğunlaşmış heyvan cinsləri, növləri”nin kataloqu barədə ətraflı məlumat verib. Bildirib ki, kataloqda yerli cinslərin, həmçinin yerli iqlimə uyğunlaşmış cinslərin fotoları və sözügedən cinslərin xarakterik xüsusiyyətlərinə aid qısa məlumatlar doğma dilimizlə yanaşı rus və ingilis dillərində öz əksini tapıb. Tədqiqatlar və genetik araşdırmalar davam edir, gələcəkdə kataloq daha da təkmilləşdiriləcək və elektron formada xüsusi platformaya yüklənəcək.

Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev "Yerli heyvan genefondunun növlərinin qorunması və saxlanması, şəcərə xətti üzrə qiymətləndirilməsi (bonitrə) təlimatları” barədə məlumat verib. O bildirib ki, nazirlik və institutun birgə təşəbbüsü ilə 6 fərqli şəcərə xətti üzrə qiymətləndirmə təlimatı işlənib hazırlanıb. Sözügedən təlimatlara respublikada ilk dəfə olaraq arı və dovşan cinslərinin də şəcərə xətti üzrə qiymətləndirmə təlimatı daxildir. Tərtib edilmiş təlimatlarda şəcərə xətti üzrə qiymətləndirmənin aparılmasını təmin etmək üçün cinslərin əsas xüsusiyyət və göstəriciləri, xüsusi bal cədvəlləri əks etdirilib. Hazırlanmış təlimatlar elektron formatda xüsusi platformaya yüklənəcək.

Aqrar İnnovasiya Mərkəzinin şöbə müdiri Cavanşir Təlai bildirib ki, aqrar sahədə,o cümlədən heyvandarlıqda yeni innovasiya və texnologiyaların tətbiqinin əsas məqsədi məhsuldarlığı artırmaqla yanaşı, ət və ət məhsullarının maya dəyərinin aşağı salınması və xaricdən asılılığın minimuma endirilməsidir.

Azərbaycan Texniki Universitetinin müəllimi, "Mobil yem kalkulyatoru” layihəsinin koordinatoru Natiq Qurbanov Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Texniki Universitetinin birlikdə hazırladığı "Mobil yem kalkulyatoru” barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə mobil tətbiq haqqında qısa videoçarx nümayiş etdirilib və tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.

Tədbirin sonunda institutda fəaliyyət göstərən laboratoriyalara, həmçinin institutun Yardımçı Təcrübə Təsərrüfatında yetişdirilən qoyun və keçi cinslərinə, yerli və xarici cinslərin çarpazlaşdırılmasından alınan mələzlərə baxış keçirilib.
 

Xəbər lenti