AZƏRBAYCANIN BEYNƏLXALQ UĞURLARINDA “YUMŞAQ GÜC” AMİLİ

AZƏRBAYCANIN BEYNƏLXALQ UĞURLARINDA “YUMŞAQ GÜC” AMİLİ
7NEWS.az olaraq Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın yazısını təqdim edirik.

Ölkəmizin son illər əldə etdiyi beynəlxalq uğurlar içində bir amil özəlliklə ön plana çıxır – bu, heç şübhəsiz ki, "yumşaq güc” amilidir. O da şübhəsizdir ki, bu amildən danışarkən, ilk növbədə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın genişprofilli fəaliyyətini, fədakar çalışmalarını  qeyd edirik. Minnətdarlıqla vurğuladığımız belə fəaliyyətlər beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostlarının sayının artması, Azərbaycan həqiqətlərinin tirajlanması (idrakı və etirafı) baxımından çox önəmli olub və olmaqda davam edir.
Heç kəsə sirr deyil ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlanan və respublikamızda uğurla keçirilmiş beynəlxalq tədbirlər sayəsində ölkəmizin nüfuzu daha da artmışdır. Mehriban xanımın rəhbərliyi, təşkilatçılığı ilə keçirilən tədbirlər Azərbaycanın güclü dövlət olduğunu, ölkədə iqtidar – xalq birliyinin mövcudluğunu, yüksək qonaqpərvərliyimizi, tolerantlığımızı, xəlqi təmkin və sülhpərvərliyimizi bir daha nümayiş etdirmişdir.
Azərbaycan və dünya ictimaiyyəti Bakının 2012-ci ildə evsahibliyi etdiyi "Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildəki I Avropa Oyunları, 2017- ci ildəki IV İslam Həmrəyliyi Oyunları zamanı Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin bir daha şahidi oldu. Həmçinin Mehriban xanım Əliyevanın 2019 - cu ildə UNESCO - nun Ümumdünya İrs Komitəsinin 43 - cü sessiyasının Azərbaycanda keçirilməsinə təşəbbüs göstərməsi və buna nail olması tarixi hadisə dəyərindədir.
Azərbaycan cəmiyyəti istər Heydər Əliyev Fondunun prezidenti, istərsə də ölkəmizin yüksək səviyyədə evsahibliyi etdiyi fərqli beynəlxalq tədbirlərin təşkilat komitəsinin rəhbəri kimi fəaliyyətində Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq bacarığının, məqsədyönlü fəaliyyətinin dəfələrlə şahidi olub. Birinci vitse - prezident öz siyasi karyerası və ictimai fəaliyyəti dövründə başladığı bütün işlərin öhdəsindən məharətlə gəlib.
Azərbaycanı dünyaya tanıtdırmış mədəni layihələrin bir bölümünə diqqət yetirək: görkəmli sənətkarlar, alimlər – dilçi, tərcüməçi, tarixçi, şərqşünas, türkoloq və filoloq Mirzə Kazımbəyin 200 illik, akademik Yusif Məmmədəliyevin, xalçaçı - rəssam Lətif Kərimovun, akademik Musa Əliyevin, yazıçı Mir Cəlal Paşayevin, rəssam Səttar Bəhlulzadənin və dramaturq İlyas Əfəndiyevin 100 illik, Məhsəti Gəncəvi yaradıcılığının 900 illik, həmçinin Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan” musiqili komediyasının, "Leyli və Məcnun” operasının ilk tamaşasının 100 illik, "Kitabi - Dədə Qorqud” eposunun alman dilinə tərcüməsinin və nəşrinin 200 illik yubileyləri UNESCO səviyyəsində qeyd edilib.
Xalqımızın unikal milli sərvəti olan muğam sənətinin beynəlxalq arenaya çıxarılması da məhz Mehriban xanımın ardıcıl təşəbbüslərinin nəticəsidir. Ümumən, Azərbaycanın maddi və qeyri - maddi irsinin, Azərbaycan xalqının yaratmış olduğu ənənə və dəyərlərin dünyada tanıdılması üçün Mehriban xanımın ideyası, təşəbbüsü və dəstəyi ilə yüzlərlə peşəkar təqdimat, sərgi və tədbir keçirilmişdir. Ayrı - ayrı ölkələrdə keçirilən çoxsaylı tədbirlər nəticəsində dünya ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa və öyrənməyə başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli, 1300 saylı sərəncamında oxuyuruq: "Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Arif qızı Əliyeva "Heydər Əliyev” ordeni ilə təltif edilsin”.  Respublikamızın ən yüksək ordeni ilə təltif olunma səbəbində dəqiq göstərildiyi kimi, Mehriban xanım ona həvalə olunmuş məsuliyyətli vəzifələrdə, yaxud özünün irəli sürdüyü təşəbbüslərin icrasında məhz fədakarcasına, yanar ürəklə çalışır.

Bir sözlə, Mehriban xanımın fəaliyyəti, o cümlədən geniş xeyriyyəçilik tədbirləri yalnız respublikamızı deyil, bir çox yaxın - uzaq coğrafiyaları da əhatə edir. Rəhbərlik etdiyi Heydər Əliyev Fondu uzun illərdir, Azərbaycanımızın humanitar - mədəni diplomatiyasının, necə deyərlər, yetkili təmsilçisinə çevrilib. Fondun irimiqyaslı layihələri, hər şeydən öncə, xarici ölkələrdə Azərbaycanın ləyaqətli təqdimatı və peşəkar təbliği ilə bağlıdır. Məsələn, mədəniyyətlərarası dialoq məhz Mehriban xanımın qlobal miqyaslı ideyaları, yaddaqalan təşəbbüsləri sayəsində Azərbaycanın beynəlxalq brendinə çevrilib. Azərbaycanın Birinci vitse - prezidentinin bilavasitə təşkilatçılığı ilə Bakıda, Qəbələdə, (son iki ildə Şuşada) və başqa şəhərlərimizdə keçirilmiş beynəlxalq tədbirlər nəticəsində Azərbaycan Respublikası, haqlı olaraq ümumdünya ictimai mədəni fikir arxitekturasında və siyasi xəritəsində önəmli mədəniyyətlərarası dialoq ünvanlarından biri sayılır.

Artıq neçə ildir ki, mötəbər ünvanlar tərəfindən Mehriban xanımın Azərbaycanın xarici siyasətindəki vacib missiyası ölkələr, xalqlararası dostluq münasibətlərinin möhkəmlənməsi və yeni dostluqların qurulması kimi şərh olunur. Onun mühüm dövlətlərin birinci xanımları (yaxud dövlət idarəetməsində yüksək vəzifə tutan xanımları) ilə keçirdiyi çoxsaylı səmərəli görüşlər, əməkdaşlıq etdiyi müxtəlif beynəlxalq platformalar xüsusi önəmə malikdir.
Mehriban xanımın Azərbaycan Respublikasının beynəlxalq aləmdə mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı olaraq tanıdılmasındakı müstəsna xidmətləri, ölkə Prezidenti İlham Əliyevin müzəffər Ali Baş Komandan portretini uğurla tamamlayır. Birinci vitse-prezident kimi Mehriban xanım Əliyeva qısa müddətdə özünün peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə baxışı ilə Azərbaycan qadın hərəkatının yeni  səhifəsini açmış, idarəetmədə qadınların rolunun artmasına səbəb olmuşdur. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına, beynəlxalq əlaqələrədək geniş bir fəaliyyət sferasına malikdir.

Bəli, Mehriban xanım Əliyeva yalnız Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da hər zaman haqqında böyük heyranlıqla danışılan bir şəxsiyyətdir. O, Azərbaycanı və Azərbaycan qadınını dünyada ən gözəl şəkildə təmsil edən kamil bir xanımdır. Amma onu sadəcə bir sözlə ifadə etməli olsaydıq, bu söz yəqin ki, xeyirxahlıq olardı. Mehriban xanım sanki dünyaya elə bu missiya ilə gəlib və onu ən gözəl şəkildə də icra edir.
Mənə Mehriban xanımın rəhbərliyi ilə işləmək, onu yaxından tanımaq xoşbəxtliyi nəsib olub. O, qəlbindəki böyük sevgisi, humanizm duyğuları ilə bərabər, ağlı, mərdliyi, cəsarəti ilə də özəl bir insandır. Ulu Tanrı ondan istər fiziki, istər mənəvi baxımdan heç bir gözəlliyi əsirgəməyib. Zahiri qədər daxili də gözəl olan bu xanım  minlərlə gənc qızın örnək aldığı, bənzəmək istədiyi bir insandır.

"Həqiqi mərhəmət real işlər görülməsini, real məsələlərin həllini, konkret addımlar atılmasını tələb edir. Biganəlik və laqeydlik ən dəhşətli xüsusiyyətdir. Bunlar olmamalıdır”. Bu sözlər Birinci vitse-prezident Mehriban xanım Əliyevaya aiddir. Mehriban xanım ardıcıl olaraq cəmiyyətin həssas təbəqələrinin qayğılarına diqqət göstərir, ana nəvazişinə ehtiyac duyan uşaqların qəlbində işıq yandırır, müxtəlif istiqamətlərdə yeni layihələr gerçəkləşdirir. Heç təsadüfi deyil ki, Mehriban xanım Birinci vitse - prezident təyin edildikən sonra öz ilk müşavirəsini məhz məcburi köçkün soydaşlarımızın problemlərinə həsr etdi. Etiraf edək ki, ölkəmizdə "Birinci xanım” institutu kimi, yüksək rəsmi vəzifə olan Birinci vitse-prezidentlik institutu da bir funksional siyasi təsisat kimi Mehriban xanımın simasında tanınıb və uğurla fəaliyyət göstərir. Artıq danılmaz faktdır ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident olaraq fəaliyyəti müstəqil dövlət idarəçilik sistemimizə çağdaşlıq, kübarlıq qatdı və peşəkarlıq amilinin aktuallığını daha da artırdı.
Mehriban xanım Əliyevanın önəmli ictimai vəzifələrdən, Milli Məclisin sevilən deputatı kimi yaddaqalan fəaliyyətindən sonra Birinci vitse-prezident olaraq da geniş xalq sevgisi, vətəndaş məhəbbəti ilə qarşılaşması onun həyat ideallarından, prioritetlik verdiyi fəaliyyət istiqamətlərindən irəli gəlir. O, dövlət idarəetməsində çeviklik, effektivlik üçün imkanların səfərbər olunmasını, eləcə də, uğurlu beynəlxalq təcrübə örnəklərindən yararlanmanı təmin edir. Demək olar, bütün əməli fəaliyyət sahələri üzrə Mehriban xanımın rəhbərliyi, ideyası, təşəbbüsü və ya dəstəyi ilə əldə edilmiş üstün nəticələr, onun mühüm mövzulara hansı dərəcə və keyfiyyətdə vaqif olmasını, iradəsini, intellektini və qərarlılığını ifadə etməkdədir.
Artıq vurğuladığımız və cəmiyyətin geniş bilgilərə malik olduğu kimi, Azərbaycan xalqının yaratdığı milli mədəniyyət və incəsənət örnəklərinin xarici ölkələrdə, beynəlxalq platformalarda tanıdılması yönündə icra edilən layihələr Mehriban xanım Əliyevanın adı ilə bilavasitə bağlıdır. Ölkəmizdə idman hərəkatının inkişafı, o cümlədən yeniyetmə və gənc qızların uyğun idman növlərinə həvəsləndirilməsi də onun sayəsində geniş vüsət almışdır.
Ekoloji problemlərin həllinə dəstək göstərən Birinci vitse - prezident işğaldan azad olunan torpaqlarımızın bərpasında humanitar missiyanı uğurla həyata keçirir. Mehriban xanım ölkə əhalisinin sağlamlığının qorunması adına fərqli təşəbbüslərlə çıxış edir, sosial baxımdan həssas əhali qruplarının qayğılarının həlli istiqamətində mühüm tədbirlər görür.
Onun təşəbbüsü ilə ölkə əhalisinin bərabər, əlçatan və keyfiyyətli təhsillə təmin olunması istiqamətində gerçəkləşən layihələr isə bəlkə ayrıca bir tədqiqat əsərinin mövzusu olmalıdır. Belə layihələr Azərbaycan təhsilində demokratik prinsipin yaşadılmasını, inkişafını təmin edir.
Beləliklə, peşəkar qərarların qəbul olunması və çeviklik, effektiv təşkilatçılıq kimi çox vacib keyfiyyətlər Mehriban xanımın fəaliyyətində uğuru şərtləndirən əsas amillər kimi diqqəti cəlb edir. Onun ümumxalq rəğbətinə səbəb olmuş önəmli fəaliyyət istiqamətləri (Azərbaycan Mədəniyyət Fondunun  və Heydər Əliyev Fondunun prezidenti, 2005 -- 2017- ci illərdə Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, YAP sədrinin I müavini, nəhayət, ölkəmizin Birinci vitse - prezidenti vəzifələri Mehriban xanım Əliyevanın yüksək idarəçilik təcrübəsinin çox fərqli sahələrdə eyni uğur və peşəkarlıqla tətbiqini ifadə etməkdədir.
"Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında  kiçik də olsa öz töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır... Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam”. Bu fikirlər Mehriban xanımın 21 fevral 2017- ci ildə Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının iclasında, Birinci vitse - prezidenti kimi ilk çıxışındandır. Bu sözləri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyət kredosu olaraq qəbul edə bilərik.

***
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu "Tolerantlığın ünvanı -- Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdə yeni məscidlər inşa etmiş, müqəddəs ziyarətgahların təmir - bərpa işlərini həyata keçirmişdir. Bundan əlavə, o, yüz illər boyu Azərbaycanda dost və qardaş olaraq yaşamış müxtəlif dinlərin nümayəndələrinin mədəni özünəməxsusluğunu qoruyub saxlaması, dini ayinlərini sərbəst yerinə yetirməsi üçün ibadət evlərinin bərpası və inşası işində də öndə dayanmışdır.
Həmçinin Bakının İslam mədəniyyətinin (2009), Şəkinin (2016) və Şuşanın (2023) Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi, müvafiq təntənəli tədbirlər, nəşrlər və s. hər biri önəmli təşəbbüslər, vacib işlər kimi qeyd edilməyə layiqdir. Heç şübhəsiz, belə mühüm qərarların qəbulunda Azərbaycanın potensialı, ölkənin mədəni infrastrukturu, ali rəhbərliyin mədəniyyətə diqqət - qayğısı nəzərə alınır.

***
Birinci xanım Azərbaycanda bilikli, yeni çağırışlara cavab verən peşəkar və sağlam (həm fiziki həm mənəvi cəhətdən) yeni nəsillərin formalaşmasına xidmət edən çox önəmli təşəbbüslərin müəllifidir. Onun təhsilə göstərdiyi xüsusi qayğı kontekstində "Yeniləşən Azərbaycana yeni məktəb”, "Uşaq evləri və internat məktəblərinin inkişafı”, "Təhsilə dəstək” və başqa proqramların icrası sahəsində təhsildə, eləcə də, bilikli, dünya trendlərindən xəbərdar olan vətəncanlı yeni nəslin formalaşdırılması prosesində əsaslı uğurlar əldə olunmuşdur. Təkcə 2020 -- 2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü, dəstəyi ilə ölkəmizdə, o cümlədən Bakı, Gəncə və Mingəçevir şəhərlərində, eləcə də müxtəlif rayonlarda 100 - ə qədər, ümumilikdə isə ötən dövr ərzində 3000 - dən artıq təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilmişdir. Çağdaş satandartlara cavab verən məktəblərin tikintisi, tədris prosesində münbit ortamın yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirmiş, bununla da, beynəlxalq fənn olimpiadalarında Azərbaycan məktəblisinin uğurlarının əsas təminatçısı olmuşdur. Ayrıca vurğulayaq ki, təhsil müəssisələrinin çağdaş idman zalları (və avadanlıqları) ilə təchiz olunması, yeni salınan parklarda mini stadionların, idman qurğularının istifadəyə verilməsi, bölgələrdə və paytaxtda şahmat məktəblərinin, idman komplekslərinin tikilməsi Azərbaycanda idman hərəkatının genişlənməsinə mühüm töhfə olmuşdur. Ümummilli lider Heydər Əliyevin hələ Sovet dönəmində, vurğulanan istiqamətdə həyata keçirdiyi önəmli işləri artıq neçə illərdir Heydər Əliyev Fondu Mehriban Əliyevanın rəhbərliyi ilə davam və inkişaf etdirir...

***
Ölkəmizdə xüsusi həssas əhali qrupları ilə işləmək, onların problemlərinin həllinə dəstək olmaq Mehriban xanımın fəaliyyət sahəsinin ana xəttini təşkil edir. Əziz şəhidlərimizin övladları, valideynləri və doğmalarına Mehriban xanım Əliyevanın öz adının energetikasına, daşıdığı vəzifələrin və malik olduğu şöhrətin məsuliyyətinə uyğun xüsusi diqqəti, qayğısı bir dastandır. Bəlli olduğu kimi, müstəqil dövlətimizin çoxşaxəli sosialyönümlü layihələri məhz Birinci vitse - prezidentin rəhbərliyi ilə həyata keçirilir.
Heydər Əliyev Fondu tərəfindən illər uzunu həyata keçirilən sosial layihələr xüsusi yazının mövzusu ola bilər. Uzağa getməyək, məsələn, "COVID -- 19” pandemiyasından irəli gələn məhdudiyyətlər dönəmində aztəminatlı ailələrin sosial ehtiyaclarının qarşılanması, onların ərzaq və tibbi ləvazimatlarla təminatı fond tərəfindən həyata keçirilmişdir. Bakı və regionlardakı körpələr, uşaq evləri, internat məktəbləri, Uşaq Psixonevroloji Mərkəzi, habelə pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisələri koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici və qoruyucu vasitələrlə təmin edilmişdir. Necə deyərlər, Heydər Əliyev Fondu görür, öyrənir, bilir və gərəkli addımlar atır.
Həssas əhali qruplarına münasibəti kimi, milli dəyərlərə sadiqliyi də Mehriban xanıma xalqın rəğbət və sevgisini qazandırmışdır.
Mehriban xanım öz fəaliyyətində hər zaman millətin dili, mədəniyyəti, tarixi və milli - mənəvi dəyərlərinə sədaqət nümayiş etdirmişdir. Onun çoxşaxəli fəaliyyəti məhz bu önəmli amillər üzərində qurulmuşdur. Bütün varlığı və titanik çalışmaları ilə azərbaycançılıq ideologiyasına, üçrəngli bayrağımızın göstərdiyi yola  xidmət edən Mehriban xanım Əliyeva dövlətçiliyin qorunması və güclənməsi üçün uğurlu fəaliyyət göstərir.

***
Yuxarıda Mehriban xanımın Azərbaycan Respublikasının ən yüksək ordeninə layiq görülməsindən söz açmışdıq. Mehriban xanım Əliyeva respublikamızın və  xarici dövlətlərin bir sıra başqa yüksək təltiflərinə də layiq görülmüşdür:
Azərbaycanın ali dövlət mükafatı olan Heydər Əliyev Mükafatı;
Pakistanın "Hilal-e Pakistan”,
Macarıstanın "Xidmətlərə görə” Komandor Xaçı,
Polşanın "Xidmətlərə görə” Böyük Komandor Xaçı,
Fransanın "Şərəf Legionu”,
Rusiyanın "Dostluq”,
İtaliyanın "Xidmətlərə görə” Böyük Xaç Kavaleri 
Eləcə də, Avropa Olimpiya Komitələrinin Ali Ordeni,
Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin "Xüsusi xidmətlərə görə” medalı, Beynəlxalq Olimpiya Akademiyasının "Olympic Excellence” xüsusi fəxri mükafatı,
BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Qızıl medalı,
UNESCO-nun "Qızıl Motsart” medalı,
Küveyt Dövlətinin Fəxri diplomu,
Ümumdünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsinin mükafatı,
"Qızıl ürək” beynəlxalq mükafatı,
Türk - Alman Dostluq Federasiyasının fəxri mükafatı və başqaları.
Mehriban xanım Əliyeva, eyni zamanda, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru, Bolqarıstanın Müqəddəs Kiril və Mefodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru seçilmişdir.
Əlbəttə, Mehriban xanımın uzun illər boyu təltif olunduğu çoxsaylı nüfuzlu beynəlxalq mükafatlardan üstün ən böyük mənəvi mükafatı Azərbaycan xalqının ona bəslədiyi sonsuz sevgidir.
Fərqli vaxtlardakı fərqli təltifləri hansı ortaq amil birləşdirir? Aydın görünür ki, Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə görə layıq görüldüyü təltiflərin hər birinin arxasında bilik, ağıl və iradə, peşəkarlıq və təcrübə, prinsipiallıq və xeyirxahlıq, ən əsası xalqına, dövlətinə, insanlığa, bəşəri dəyərlərə sevgi - sayğı dayanır. Heç təsadüfi deyil ki, beynəlxalq ictimaiyyət Azərbaycan Respublikasının Birinci vitse - prezidenti Mehriban xanımı dünyanın ən nüfuzlu qadın siyasətçilərindən biri kimi səciyyələndirir.
[  ] Mehriban xanım Əliyeva cənab Prezidentlə birgə dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə uğurla fəaliyyət göstərir.
Dövlətimiz var olsun!2

Xəbər lenti