"Bu Memorandum Azərbaycanın yeni və tarixi qələbəsidir" - DEPUTAT (ÖZƏL)

Martın 11-də Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu gün Bakıda keçirilən 15-ci iclası çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandum imzalandı. 

Məsələ ilə bağlı 7NEWS.az-a açıqlama verən Milli Məclisin deputatı Elşən Musayev bildirib ki, bu Anlaşma Memorandumu regional əhəmiyyətli tarixi sənəddir. 

"Eyni zamanda xüsusi sevindirici hal odur ki, hazırda bütün qlobal təşəbbüslər, nəhəng regional layihələr, mühüm yeniliklər məhz Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilir. Belə layihələr Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirir, daha geniş coğrafiyanın enerji təhlükəsizliyini təmin edir, nəqliyyat-kommunikasiya, logistika infrastrukturunun inkişafına mühüm təsirini göstərir. 

Xüsusilə vurğulamaq lazımdır ki, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxcıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması geostrateji müstəvidə Azərbaycanın yeni və tarixi qələbəsidir. Memorandumun məqsədi bölgədə, konkret olaraq məlum istiqamətdə yeni dəmir və avtomobil yolu əlaqəsinin, eyni zamanda rabitə və enerji təminatı xəttlərinin yaradılmasıdır. Bu məqsədə nail olmaq üçün Araz çayı üzərində piyada keçidi də daxil iki avtomobil və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün və rabitə, enerji infrastrukturunun tikintisi nəzərdə tutulur. Üstəlik, bütün bu proseslərin çox qısa müddətdə həyata keçrilməsi planlaşdırılır. Belə ki, artıq hər iki hökümətin nümayəndələrinə konkret tapşırıqlar verilib. Yəni, iş sürətli gedir və tez bir zamanda reallaşacaq”, - deyə deputat bildirib.
7NEWS.az

Xəbər lenti