“Cəbrayılın işğaldan azad olunması növbəti qələbələrimiz üçün zəmin yaratdı” – Elşən Musayev

“Cəbrayılın işğaldan azad olunması növbəti qələbələrimiz üçün zəmin yaratdı” – Elşən Musayev
"27 ildən sonra Cəbrayıl şəhərinin işğaldan azad edilməsi Ali Baş Komandan İlham Əliyevin və Qəhrəman əsgərlərimizin şücaəti nəticəsində mümkün olmuşdur. Eyni zamanda bu qələbə gələcək zəfərlərimiz üçün zəmin yaratdı və rəşadətli Ordumuz müharibənin növbəti günlərində də düşməni darmadağın etdi.” – 7news.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"27 illik işğal dövründə 52 min Cəbrayıl sakini öz yurd-yuvasından didərgin düşdü, rayon viran günə qoyuldu, mədəni irsimiz dağıdıldı, hesablamalara görə şəhərə 13 milyard dollar civarında ziyan dəydi. Təbii ki, Ermənistan bu vandal əməlinə görə nə zamansa cavab verməli idi. Və bir gün həmin qisas günü gəldi, düşmən məhv oldu və biz yenidən öz torpaqlarımıza qayıtdıq.

Əslində "Böyük Qayıdış” elə Cəbrayılla başlamışdı. "Lələtəpə” yüksəkliyinin işğaldan azad olunması Azərbaycan əsgərinə və xalqımıza böyük stimul vermişdi. 2 il öncə başlanan müharibə və Azərbaycan ordusunun əks-hücumu isə bütün arzularımızı gerçək etdi. Cəbrayıl şəhəri erməni vandallarından təmizləndi və biz növbəti qələbələrə doğru irəlilədik.

Bu gün Cəbrayılda böyük və iri həcmli quruculuq işlərinə start verilib. Kəndlər abadlaşır, doğma bölgəmizə geniş, 4-6 zolaqlı yol çəkilir, regionda "Araz Vadisi İqtisadi Zonası” yaradılıb, SOCAR və BP Cəbrayılda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir. Yəni, Cəbrayılın yenidən abadlaşması istiqamətində ciddi bir fəaliyyət var. 

Heç şübhəsiz ki, işğaldan azad olunan Cəbrayıl dövlətimizin gücü sayəsində yenidən dirçələcək və dəyərli həmvətənlərimiz çox tezliklə öz ata-baba torpaqlarına, əzəli yurdlarına qayıdacaq.” – deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti