Deputat: Uğurlu dövlət siyasəti sayəsində pandemiya dövründə belə ölkəmizdə heç bir sosial layihə təxirə salınmayıb

Deputat: Uğurlu dövlət siyasəti sayəsində pandemiya dövründə belə ölkəmizdə heç bir sosial layihə təxirə salınmayıb
Azərbaycan dövləti hər zaman şəhid ailələrinə və müharibə əlillərinə xüsusi diqqətlə yanaşır, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ölkəmizdə bütün lazımlı addımlar atılır. Pandemiyanın təsiri nəticəsində bir çox ölkələrdə iqtisadi-maliyyə çətinliklərinin yaranmasına baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində heç bir sosial layihə təxirə salınmayıb.

Şəhid ailələrinin və müharibə əlillərinin sosial təminatı, postmüharibə dövründə sosial dəstək, məşğulluq, mənzil, fərdi ev və avtomobil təminatı istiqamətində mühüm işlər həyata keçirilir. İyulun 14-də Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələrinə və müharibə əlillərinə mənzil və avtomobillərin təqdim edilməsi də bu qəbildəndir. Bu, dövlətimizin Vətən müharibəsinin qəhrəmanlarına olan münasibətinin bariz göstəricisidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat qeyd edib ki, Xocasən qəsəbəsində 300 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundu. Dövlətimiz bu siyasəti özü üçün prioritetlərdən biri kimi seçib. Şəhid ailələri və müharibə əlillərinin mənzil-məişət problemlərinin həlli, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər daim yüksələn dinamika üzrə gedir. Eyni zamanda, xüsusi qeyd etmək lazımdır ki, müharibə dövründə evlərini və yaxınlarını itirmiş mülki şəxslərin problemlərinin həlli üçün də bütün lazımi addımlar atılır, onlar daimi qayğı ilə əhatə olunur.

E.Musayev bildirib ki, müharibə əlilləri və veteranları hər zaman dövlətimizin qayğısını hiss ediblər. Bu siyasət bu gün də uğurla davam etdirilir. İndiyədək əlilliyi olan 7200-dən çox şəxsə avtomobil verilib. 2019-cu ildə onların sayı 600, 2020-ci ildə 400 olub. Cari ildə isə 150 nəfərin avtomobillə təmin olunacağı gözlənilir. Bundan başqa, 2021-ci il yanvarın 1-dən şəhid ailələri, müharibə əlilləri, Milli qəhrəmanların Prezident təqaüdləri artırılıb, "Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslər üçün təqaüd təsis edilib.

Həssas qrupdan olan insanların özünüməşğulluq məsələlərinin daim diqqətdə saxlanıldığını diqqətə çatdıran deputat deyib: "İndiyədək özünüməşğulluq proqramına 5096 nəfər cəlb edilib. Şəhid ailələri və yaralananlar üçün təşkil edilən "Məşğulluq marafonu” layihəsinə 200-dək işəgötürən qoşulub, 1000-dək vakansiya yerləşdirilib, 100-dək şəxs işə götürülüb.

Prezident İlham Əliyevin yürütdüyü siyasət çoxşaxəli, məqsədyönlü olması ilə diqqət çəkir. 44 günlük Vətən müharibəsinin gedişində cərəyan edən proseslər bir daha sübut etdi ki, bizi qələbələrə aparan əsas səbəb Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə xalq arasındakı birlik, bağlılıq, eyni zamanda, yüksək əzm və həmrəylikdir”.

Deputat vurğulayıb ki, artıq müharibə bitib, əzəli torpaqlarımız Azərbaycanın Lideri İlham Əliyevin və qəhrəman, rəşadətli Ordumuzun sayəsində işğaldan azad edilib. Həmin qəhrəmanlar bizim baş tacımızdır, onlar Azərbaycanın fəxridir. Qəhrəmanlarımız övladlarını, ailələrini bizə əmanət qoyub gediblər. Dövlətimiz də atdığı hər addımla sübut edir ki, Vətən müharibəsinin qəhrəmanlarının xatirəsi bizim üçün əzizdir. Şəhidlərimizin ailələri, müharibə iştirakçıları hər zaman diqqət və qayğı ilə əhatə olunacaqlar.

Xəbər lenti