Dövlətlərin təşəkkür tapmasında liderlərin rolu əsas amil kimi ortaya çıxır - TƏHLİL

Dövlətlərin təşəkkür tapmasında liderlərin rolu əsas amil kimi ortaya çıxır - TƏHLİL

İstənilən dövlətin dövlətçilik tarixi onun formalaşdığı ərazidə tarixən mövcud olmuş dövlətlərin tarixi ilə müəyyən edilir. Bu baxımdan Azərbaycanın dövlətçilik tarixinin 5 min ildən artıq yaşının olduğunu demək olar. Azərbaycan bu günə kimi öz mənəvi dəyərlərini qoruyub və nəsillərdən nəsillərə ötürə bilib. Ümumiyyətlə, Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranıb və Azıx mağarasında tapılmış azıxantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir.

Ümumi olaraq qəbul olunan qayda ondan ibarətdir ki, dövlətin yaradılması vətəndaş cəmiyyətini formalaşdıran fərdlər arasında bağlanmış ictimai müqavilənin təzahürüdür. Yəni, insanlar öz təhlükəsizliklərini təmin etmək, hüquqlarını qorumaq, aralarındakı mübahisələri həll etmək, insanlar arasında bərabər hüquqları təmin etmək və s. məqsədlər üçün bir yerdə birləşib dövləti yaradır və dövlətin onların mənafeyi naminə idarəedilməsini təmin edəcək siyasi elitanı seçirlər. Konstitusiya isə vətəndaş cəmiyyətinin dövlətin yaradılması barədə ictimai müqaviləsi hesab olunur. Ancaq təbii ki, reallıqda bu mexanizm utopiya kimi səslənir, əslində dövlətləri elitalar yaradır, dövlətin idarəetmə mexanizmini də daxili və xarici təsirlər nəzərə alınmaqla onlar müəyyən edirlər. Bu mənada cəmiyyətin inkişaf səviyyəsi və xarici təsirlər əsas faktor kimi çıxış edir.

Tarixi reallıq ondan ibarətdir ki, dövlətlərin təşəkkür tapmasında liderlərin rolu əsas amil kimi ortaya çıxır. Bu reallıq ölkəmizin tarixindən də yan keçməyib. 1993-cü ildə Prezident seçilən Heydər Əliyev qısa zamanda milli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi. Heydər Əliyevin andiçmə mərasimində söylədiyi bu fikirlər həm həmin dövrü çox dəqiq xarakterizə edir həm də lider kimi üzərinə götürdüyü ağır missiyanı tam açıqlayır:"Azərbaycan xalqı öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşayır. Məhz bu dövrdə mənim üzərimə qoyulan bu vəzifənin məsuliyyətini dərindən dərk edirəm və əmin etmək istəyirəm ki, bütün fəaliyyətimi, bütün həyatımı bu etibarı doğrultmaq, xalqın ümidlərini doğrultmaq işinə həsr edəcəyəm. Belə bir yüksək məsuliyyətli vəzifəni Öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”, - deyə qeyd etmişdi.

Dövlətin yaranması və davamlılığını təmin edən əsas faktor cəmiyyət üzvlərini birləşdirən dəyərlərin mövcud olmasıdır. Bir çox hallarda bu dəyərlər süni formada elitalar tərəfindən formalaşdırılır və təbliğ olunmaqla birləşdirici funksiya rolunu oynayır. İdeologiyalar adətən dini yaxud etnik baza üzrəində formalaşdırılır və bir çox dövlətlərin əsas ideoloji bazası məhz bu iki faktor üzərində qurulub. Azərbaycanda isə xalq üçün əsas birləşdirici faktor kimi həm etnik, həm dini köklərə dayanan adət-ənənələr çıxış edir. Bir çox hallarda dini ayinlər tarixi ənənələrlə qarışdırılır və din çox zaman adət-ənənə kimi qəbul olunur. Buna görə Azərbaycan üçün tarixi adət və ənənələrin qorunub saxlanması xüsusilə əhəmiyyət daşıyır.

Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra dini fikirlərin ixracı əsasən üç mənbədən baş verib – Türkiyə, İran və Səudiyyə Ərəbistanından. Hər üç halda ixrac olunan dini fikirlər müəyyən sosial qruplar tərəfindən qəbul olunsa da, kütləvi xarakter almayıb və ölkəmizdə mövcud olan adət-ənənə sistemi tərəfindən assimilə olunub. Bununla belə, xaricdən dini fikirlərin ixracının dövlət üçün təhlükə yaratdığını unutmaq olmaz və bu tendensiyalarla mübarizənin humanist yollarından biri dövlətin qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq sayəsində mövcud olan və sosial normaların tərkib hissəsi hesab edilən adət və ənənələrinin qorunub saxlanması üçün təbliğati işlərin davam etdirilməsidir.

İstənilən halda müasir informasiya və kommunikasiya texnologiyaların inkişafı millətlər və xalqlar arasında informasiya mübadiləsini asanlaşdırır və nəticədə dövlətlər arasında mövcud olan sərhədlər get-gedə artıq formal xarakter daşımağa başlayır. Qarşılıqlı informasiya mübadiləsinin intensivləşməsi ayrı-ayrı xalqlara xas olan mədəni özünüidentifikasiya elementlərinin çözələnməsinə gətirib çıxarır. Hər bir dövlət bu reallığı nəzərə almalı, vahid informasiya məkanının formalaşdığı bir dövrdə labüd yol kimi demokratikləşmə və liberalizmə doğru irəliləməlidir. Bununla bağlı Azərbaycanın dövlət olaraq tutduğu yol regional reallıqlar baxımından kifayət qədər mütərəqqi hesab oluna bilər. Azərbaycan zamanın tələbi və cəmiyyətin inkişaf tendensiyasına uyğun olaraq dövlətçiliyin qorunması şərtilə demokratik inkişaf yolunda irəliləməkdədir. Ancaq qloballaşma xalqlara məxsus, onları digər xalqlardan fərqləndirən, xalqın unikallığını təmin edən mədəni irsin get-ged itirdiyi üçün müasir dövrdə Azərbaycan mədəniyyətinin özənəməxsusluğunun qorunub saxlanılmasının əhəmiyyəti artır.

Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə mədəniyyətinimizin təbliği sahəsində gördüyü işlər bu mənada xüsusi əhəmiyyət daşıyır. Mədəniyyətin təbliğatının müasir dövrdəki əsas mahiyyəti ondan ibarətdir ki, xalqımıza məxsus ayrı-ayrı mədəniyyət nümunələrinin brendləşdirilərək xalqımıza mənsubluğunu dünya ictimaiyyətinə aşılamaqdır. Bu halda, müasir qloballaşma şərtləri altında qlobal informasiya mübadiləsi mədəni irsin itməsinə deyil əksinə təbliğat yolu ilə qəlibləşməsinə gətirib çıxarır.

Müasir mərhələdə Azərbaycanın dövlətçiliyi, dövlətçiliyin qorunub, saxlanması ilk növbədə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın dövlətçiliyinin qalmasını təmin etdi və bu baxımdan yanaşdıqda müasir dövrdə dövlətçiliyin məhz onun açdığı cığırla inkişafı ən mütərəqqi yol hesab oluna bilər. Ulu Öndərin tarixi missiyasının həyata keçirilməsi üç güclü faktor üzərində qurulmuşdu: birincisi, xalqın ona olan inamı, dəstəyi, ikincisi, Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti və əzəməti, üçüncüsü isə, onun xalqına, millətinə, Vətəninə olan sonsuz, təmənnasız, əzəmətli sevgisi.

 

Tofiq Vahid

7NEWS.az

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.İstiqamətin kodu 6.3.8

 

Xəbər lenti