ƏN BÖYÜK GƏNCLƏR DÜŞƏRGƏSİ BAŞLADI

ƏN BÖYÜK GƏNCLƏR DÜŞƏRGƏSİ BAŞLADI
Gənclərin il boyu xüsusi maraqla gözlədiyi – Azərbaycanın ən böyük gənclər düşərgəsi olan "Yay Fest”in rəsmi açılış mərasimi keçirilmişdir.  Tədbir bu il "Yay Fest”ə ev sahibliyi edəcək Şamaxı rayonunda yerləşən Astrofizika Rəsədxanasının ərazisində keçirilmişdir.

Xüsusi tərtib edilmiş "Yay Fest” ərazisində eyni anda 300-dən çox gəncin qalması üçün ayrıca "çadır şəhərciyi”, təlim və görüşlər üçün məkanlar, həvəskar idman yarışları ərazisi və "party area” yaradılmışdır. Bundan başqa ərazidə gənclər üçün dincəlmək, intellektual və masaüstü yarışlar keçirmək üçün zonalar təşkil edilmişdir. Bir sözlə,  gənclər gün ərzində "Yay Fest”də təşkil edilən təlimlərdə bilik və bacarıqlarını artıracaq, dövlət qurumlarının rəhbərləri, millət vəkilləri, rektorlar, tanınmış şəxslərlə görüşlərdə iştirak edəcək, intelektual və idman yarışlarında güclərini sınayacaq, əylənərək yeni dostlar qazanacaq və "haykinq”lər vasitəsilə Şamaxının qədim tarixi-mədəni abidələri, təkrarolunmaz təbiəti ilə tanış olacaqlar.

Açılış mərasimində rəsmi şəxslərin çıxışları və konsert proqramı təşkil edilib.

Qeyd edək ki, 2019-cu ildən keçirilərək ənənə halını alan "Yay Fest” gənclər festivalının əsas məqsədi dövlət gənclər siyasətinə uyğun olaraq gənclər üçün müxtəlif sahələrdə yaradılan geniş imkanların təşviqi, gənc nəslin vətənpərvər ruhda, milli-mənəvi dəyərlərə bağlı və müasir dövrün çağırışlarına uyğun yetişməsi, Azərbaycan tarixi, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun Vətən müharibəsində qazandığı zəfərin geniş təbliği, ölkəmizin müxtəlif bölgələrində yaşayan gənclərin sosiallaşması, onların müasir peşə və trendlər barədə məlumatlandırılmasından ibarətdir. Düşərgələrdə fəallığı ilə fərqlənən gənclər mükafatlandırılacaq.

19 iyul-9 sentyabr tarixlərini əhatə edəcək Festival çərçivəsində mərhələli şəkildə fərqli mövzular (tələbəlik, vətənpərvərlik, yaradıcılıq, könüllülük, dayanıqlı inkişaf məqsədləri, innovasiya və sahibkarlıq, karyera və inkişaf, həmrəylik) üzrə 8 düşərgə təşkil olunacaq. Hər düşərgədə 250 iştirakçı olmaqla ümumilikdə 2000 gəncin "Yay Fest”dən faydalanması nəzərdə tutulur.

Xatırladırıq ki, bu günə qədər düşərgədə iştirak üçün 5 mindən çox gənc müraciət etmiş və hazırda onların mərhələli şəkildə qiymətləndirilməsi həyata keçirilir. Azərbaycan Respublikasının Gənclər Fondu gəncləri http://yayfest.az/ veb-səhifəsi və ya "GəncApp” mobil tətbiqi vasitəsi ilə qeydiyyatdan keçərək, düşərgədə iştirak seçimlərinə qatılmağa dəvət edir.

Seçimlər zamanı 18-24 yaş arası yaradıcı, ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək. Düşərgədə iştirak hüququna malik olmaq üçün COVID-19 pasportu (ən azı 2 doza olmaqla) və ya immunitet sertifikatı mütləqdir.

"Yay Fest” layihəsi Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi və "Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir.
 

 

Ən böyük gənclər düşərgəsi başladı

Ən böyük gənclər düşərgəsi başladı


Xəbər lenti