“Əsgərlərin təmtəraqla yola salınması ənənəsini gətirmək lazımdır”

“Əsgərlərin təmtəraqla yola salınması ənənəsini gətirmək lazımdır”
"Gəncləri hərbi xidmətə yola salarkən heç kim kədərlənməməlidir”

Bunu "MediaPost”a açıqlamasında siyasi-şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, oğlanın hərbi xidmət keçməsi onun borcudur və kimin Vətən qarşısında borcu varsa, bunu yerinə yetirməlidir:

"Mən çağırışçıları yola salarkən ailələrin o qədər də kədərli anlarını müşahidə eləməmişəm. Düzdür, gəncləri yola salanda valideynlərinin, dostlarının ayrılıq hüznü olur, lakin öz qohum-əqrəbalarımdan, tanışlarımdan da görmüşəm ki, oğlanı əsgər göndərəndə atası, anası, bacı-qardaşları, qohumları sevinir. Başa düşürlər ki, o, kişilik yaşına çatıb, Vətənin müdafiəsinin etibar ediləcəyi adama çevrilib. Yəni sevinənlər var, sadəcə ölkədə hazırda müharibə şəraitinin olması bəzən kədərə səbəb ola bilir, lakin unutmamalıyıq ki, əsgər dinc vaxtı da müxtəlif qəzalara tuş gələ bilir. Mən Sovet dönəmində hərbi xidmət keçmiş adamam, özü də Almaniya kimi sakit ölkədə. Orada da dinc vaxtı olmasına baxmayaraq, əsgər-zabit ölümləri olub. Ona görə də heç kim kədərlənməməlidir”.

A.Həsrətin fikrincə, gəncləri hərbi çağırış vaxtı toy-bayramla, şadlıqla, sevinclə xidmətə yola salmaq lazımdır: "Kimin Vətən qarşısında borcu varsa, bunu yerinə yetirməlidir. Bu borcu yerinə yetirdiyinə görə də insanlar sevinirlər. Mən belə müşahidə eləyirəm. Bəlkə də ənənələri dəyişmək lazımdır, yəni əsgərlərin təmtəraqla yola salınması ənənəsini gətirmək lazımdır. Türkiyədə əsgərləri yola salanda onu toy-bayram, çal-çağırla müşayiət edirlər. Bizdə də o ənənələri yaratmağın vaxtı çatıb”.

Xəbər lenti